Ermənistanın hökumət başçısının irəli sürdüyü sülh, bir-birinə hücum etməmək, silahlara nəzarət, ərazi bütövlüyü kimi iddialı təklifləri daha çox blefə oxşayır.
Birincisi, hücum etməməklə bağlı razılıq imzalamaq üçün etimad yaranması vacib şərtdir. Rəsmi İrəvan 44 günlük müharibədən sonra atdığı addımlar və Azərbaycana qarşı fəaliyyəti ilə özünü doğrultmayıb. Əksinə, buna zərbə vurub. Fransanın məsləhətləri ilə sülh sazişini uzadıb.
İkincisi, iki ölkə arasında sərhədyanı ərazilərə Azərbaycanın razılığı olmadan Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla münasibətlərdə inamsızlığı gücləndirib. Başqa sözlə, “mülki müşahidə missiyası” tərəflər arasında problemlərin həllinə mane olan amillərdəndir. Onlara bu şəraiti isə Nikol Paşinyan hökuməti yaradıb.
Üçüncüsü, Ermənistan hökuməti silahlanmaya nəzarətlə bağlı da blef edir. Hindistan, Fransa, Rusiya, İran, ABŞ və daha başqa ölkələrlə silah və hərbi texnikaya dair razılaşmalarla bu məsələdə də saxtakarlıq etdiklərini gizlədə bilmir.
Dördüncüsü, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi istiqamətində bir addım belə atılmadığı halda rəsmi İrəvan “ərazi bütövlüyü”ndən danışmaqla beynəlxalq ictimai rəyi yayındırmağa cəhd göstərir.
Beşincisi, Ermənistanın mövcud konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiası məsələsi var. Ona görə də Paşinyanın bu məsələ ilə bağlı iddiası da blef sayılır.
Altıncısı, rəsmi İrəvan “sülh sazişi”, “sülh müqaviləsi”, “bir-birinə hücum etməmək haqqında razılıq” kimi ifadələrdən istifadə ilə Ermənistanın və hökumətinin sülhsevərliyini göstərməyə cəhd edir.
Qərbi azərbaycanlıların 36 ildir pozulan hüquqlarının bərpasını ört-basdır edən Ermənistan hakimiyyətinin xoşməramlı, sülhsevər çıxışları yalan, blefdir.
Nikol Paşinyan və komandası hər dəfə həqiqətləri gizlədərək belə avantürist açıqlamalar verirlər. Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması fonunda Ermənistan hakimiyyətinin bütün açıqlamaları blef təsiri bağışlayır. Odur ki, bu yalanlara, avantüralara özünü inanan kimi göstərən beynəlxalq ictimaiyyət, Ermənistanın havadarları daha gülünc vəziyyətə düşürlər. Çünki onların bu kimi bleflər üzərində Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını təşviq etməsi normallaşma prosesinə mənfi təsir edir. Yalanlar, saxtakarlıqlar üzərində qurulan “yol xəritələri” tez sıradan çıxır. Bu həm də mövcud olmayan etimad mühitinə daha ciddi zərbələr vurur.
“Report” İnformasiya Agentliyi
Paylaş: