İslam Respublikasının insanları təhdid edən fəaliyyətlər həyata keçirmək üçün istifadə etdiyi pul axınının qarşısını almaq üçün atılan addımlardan biridir: “ABŞ-nin daxildə və bütün dünyada maraqlarımızı qorumaq üçün bunu etməsi çox vacibdir”.
Böyük Britaniyanın “Santander UK” və “Lloyds” banklarında İranın hesablarının aşkarlanması da nazirliyin fəaliyyətini genişləndirdiyini təsdiqləyir. Həmin maliyyə qurumlarında bank hesabları İslam Respublikasının “Neft kimya kommersiya şirkəti”nə (“Petrochemical Commercial Company”- PCC) məxsus olub. ABŞ-nin Tehran hakimiyytinə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Britaniya banklarında hesablar açılıb. Bildirilib ki, 2019-cu ildə krallığın “UniCredit” və “Standard Chartered” bankları İrana qarşı sanksiyalar rejimini pozduqlarına görə bir milyard dollardan çox cərimələnib.
Ağ ev Yaxın Şərqdə İran hakimiyyətinin “İslam Müqavimət Hərəkatı” adı altında fəaliyyət göstərən silahlı qruplaşmalarına qarşı təkbaşına mübarizə aparmır. London bütün istiqamətlərdə Vaşinqtonu dəstəkləyir. Britaniyanın xarici işlər naziri Devid Kemeron “Sunday Times” qəzetinə müsahibəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinin təfərrüatını açıqlayıb: “Mən ona dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”.
Bu kimi xəbərlər İran hakimiyyətinə qarşı əməliyyatın genişləndiyi qənaətinə gəlməyə əsas verir. Yaxın Şərqdə İranla ABŞ-nin müharibəsinin ərazisi, arealı artıq cızılmış da sayıla bilər. Bu qarşıdurma Tehran hakimiyyətinin silahlı qruplar şəbəkəsinin daha güclü olduğu bölgələrin də xəritəsini yaratmağa əsas verir. İran qarışıqlıq olan region ölkələrində - Suriya, İraq, Livan, Yəmən, Qəzza zolağında daha fəaldır. Belə çıxır ki, həmin ölkələrin mərkəzi hakimiyyətləri zəif olan Yaxın Şərq dövlətlərində Tehran fəallıq göstərir. Bu həm də İranın həmin ölkələrdə sabitliyin yaranmasında maraqlı olmadığını təsdiqləyir.
İslam Respublikası “düşməni başqa dövlətin ərazisində qarşılamaq” kimi təhlükəsizlik prinsipi ilə hərəkət edir. İrandakı hakim ideologiya İsrail və ABŞ-ni düşməni elan edib, onların məhv olmasını istəyir. Eyni zamanda bu istiqamətdə fəaliyyət göstərənlərlə əməkdaşlıq edir, yaxud qruplaşmalar yaradır.
Tehran rəsmilərinin açıqlamalarına əsasən demək olar ki, həmin qruplaşmalar İran hakimiyyəti ilə əlaqəli fəaliyyət göstərirlər. Odur ki, İslam Respublikası ABŞ və İsrailə qarşı müharibəni bu kimi qruplaşmaların əli ilə başqa dövlətin ərazisində aparır. Tehran bu yolla öz ərazisində müharibənin getməsini qabaqlayır, hakimiyyəti qoruyur. Onun əsas davası mövcud rejimi mühafizə etməkdir.
İndiki şəraitdə əməliyyatların İran daxilinə transformasiyası ehtimalı yoxdur. Tehranı zəiflətmək üçün əsas amil xaricdəki “müqavimət hərəkatları”nın neytrallaşdırılmasıdır. Bu, İranın Yaxın Şərqdəki əl-qolunun bağlanması ilə nəticələnər. Bu səbəbdən onlar xaricdəki qruplaşmalarını gücləndirirlər. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Bağdada səfəri zamanı da İraqla təhlükəsizlik məsələlərini müzakirə edib. Onun bu ölkədəki qruplaşmalarına ismarış çatdırdığı da istisna deyil. Çünki İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Birləşmiş Ştatlar hərbçiləri ilə birbaşa döyüşə girməmək barədə tapşırıq verib. Onun bu əmri qruplara toparlanmaq üçün vaxt vermək anlamına da gəlir.
Hadisələrə əsasən, belə ehtimal etmək olar ki, ABŞ ilə İran qarşıdurması belə tezliklə başa çatmayacaq. Savaşın bitməsi Fələstin-İsrail münasibətlərinin normallaşmasından başlayar. Belə bir vəziyyət isə həm də İranın və onu dəstəkləyənlərin regionda siyasi, hərbi və ideoloji baxımdan tərk-silah edilməsi deməkdir. HƏMAS-ın aqibəti bölgədəki güclərin toqquşmasının yekunu ola bilər. Bu həm də İran hakimiyyətilə bağlı məsələnin də böyük bir hissəsinə aydınlıq gətirər. Hələ ki Tehran hakimiyyəti ABŞ və müttəfiqləri ilə başqa dövlətlərin ərazisində döyüşür.
“Report” İnformasiya Agentliyi
Paylaş: