Ermənistanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri, bəzi ekspertlərə görə, balanslılıqdır. Çünki rəsmi İrəvan Qərblə Rusiya arasında “oynayır”. Necə deyərlər, gah nala vurur, gah da mıxa. Amma bu, balanslılıq deyil, balanslı xarici siyasət bütün tərəflərlə müstəqil əlaqələri nəzərdə tutur. İrəvan isə əksinə, həm Qərb dairələrinin, həm də Moskvanın təzyiqləri ilə hərəkət edir.
Bu günlərdə yayılan məlumata görə, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. Hərçənd Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası həm də sürətlə Rusiyadan uzaqlaşır, bu ölkənin tədbirlərini boykot edir. Məsələn, cəmi bir neçə gün əvvəl, fevralın 16-da Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.
Bu ziddiyyətlər onu deməyə əsas verir ki, Paşinyan hakimiyyəti lazımi siyasi iradəyə malik deyil. Bu isə öz-özlüyündə Ermənistanın dövlətçiliyi, mövcud iqtidarın davamlılığı, habelə Paşinyanın təhlükəsizliyi üçün əlavə təhdid yaradır. Bunu hökumət başçısı özü də başa düşür. Təsadüfi deyil ki, Paşinyan fevralın 18-də Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib:
"Biz xarici siyasətimizi şaxələndirməliyik. Həmçinin təhlükəsizlik və digər sahələrdə əlaqələrimizi şaxələndirmək lazımdır. Başqa yol yoxdur”.
Ermənistanın baş naziri əvvəllər də oxşar açıqlamalar verib. Bu tipli bəyanatlar əslində onun və ölkəsinin çətin durumda olmasının etirafıdır. Ermənistan yeni tərəfdaşlar axtarır, xarici siyasət kursunu dəyişmək istəyir. Niyə? Çünki mövcud tərəfdaşlar və xarici siyasət kursu İrəvanı qane etmir.
Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir: hər iki tərəf qıcıqlanır və İrəvana təzyiqləri artırır. Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə Rusiya rəsmilərinin zaman-zaman Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özündən asılı vəziyyətə salmaqda israrlıdır.
Belə bir şəraitdə zaman Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir, daha doğrusu, ilkin addımdır. Regional əməkdaşlığın konyunkturası da məlumdur: rəsmi Bakı və Ankaranın təşəbbüskarı olduğu 3+3 formatı. Əgər Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və regional əməkdaşlıqda fəal iştirak edərsə, bu, İrəvanın təhlükəsizliyi üçün yeni çətir ola bilər. Beləliklə, Paşinyan həm də “ipləri ilə quyuya düşdüyü” Qərbin və Rusiyanın təzyiqlərindən xilas olar.
Ümid edək ki, Paşinyan açıqlamasında məhz bu tezisi nəzərdə tuturdu. Amma təkcə danışmaq kifayət deyil. Həm də deyilənləri əməldə göstərmək lazımdır.
Ermənistanın Rusiya və Qərbin “kurasiyasından” çıxmağı ağrılı proses ola, vaxt ala bilər. Amma baş nazirin özünün də dediyi kimi, başqa çıxış yolu yoxdur. İşin bu həddə çatmasının səbəbi məhz indiyə qədər Ermənistanın müstəqil xarici siyasət yeridə bilməməsidir. Əgər rəsmi İrəvan hazırkı siyasətini davam etdirərsə, bu, daha ağır nəticələrə səbəb ola bilər.
“Report” İnformasiya Agentliyi
Paylaş: