Xəbər lenti

“Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz təməl üzərində qurulub. Bu əlaqələri hər iki ölkənin dövlət başçıları daha da möhkəmləndirirlər”.

Bu sözləri “Report”un Ankara bürosuna açıqlamasında Ankara Vəkillər Kollegiyasının üzvü, türkiyəli politoloq Ferhat Aznevi deyib.

Onun sözlərinə görə, İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə edib:

“Keçən il yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın da ilk rəsmi səfərini Azərbaycana etməsi bu bağın sarsılmaz olduğunu bir daha təsdiqləyib. Biz prezidentlərimizin regional və digər məsələlərlə bağlı siyasətlərində həmrəy olduqlarını görürük. Hər iki lider regionda sülhü bərpa etmək və regional əməkdaşlığı gücləndirmək məramlarını nümayiş etdirir”.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi baxımdan da əməkdaşlığın inkişafı məsələsinə toxunan politoloqun fikrincə, bu əlaqələr həm də Avropada enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir:

“Azərbaycanın Avropaya 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qaz çatdırmaq hədəfi var. Bu çərçivədə Türkiyənin transfer rolu oynaması da iki qardaş ölkənin enerji dəhlizi ilə əlaqədar əməkdaşlığının daha da gücləndirilməsini labüd edir. Yəni, Azərbaycanla Türkiyənin ümumi ticarət dövriyyəsinin keçən il 7,5 milyard dollar səviyyəsinə çatması və yaxın gələcəkdə 15 milyard dolları hədəfləməsi iqtisadi əməkdaşlığımızın da qüdrətinin göstəricisidir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP-ın imkanlarının artırılması böyük əhəmiyyət kəsb edir”.

F.Aznevi qeyd edib ki, Ermənistanın Qərbin maşası rolunu oynayaraq hələ də qarşısındakı öhdəlikləri yerinə yetirməməsi Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığının daha da gücləndirilməsi zərurətini yaradır:

“Bu səbəbdən Türkiyə sərhədlərini hələ də Ermənistana açmır. Əlbəttə ki, dövlətimiz Azərbaycanın maraqlarını nəzərə alaraq bu addımı atır. Bundan əlavə, Ermənistanın Türkiyə ilə həll edilməmiş olan problemləri var. Sərhədlərin açılması üçün Ermənistan beynəlxalq hüquqla təsdiqlənmiş 1921-ci il qəbul edilən Moskva və Qars müqavilələri ilə rəsmi olaraq razılaşdığını elan etməlidir. 1915-ci ildə iddia etdiyi qondarma erməni soyqırımı ilə Türkiyədən haqsız, hüquqsuz təzminat tələbindən vaz keçməlidir. Tarixi hadisələr sübut edir ki, Türkiyə və Azərbaycan Ermənistan iftiralarına yalnız birgə mübarizə aparmaqla bu problemi aradan qaldıra bilir. Bunun üçün də iki qardaş ölkə arasında hərbi əməkdaşlıq ildən-ilə daha da qüdrətlənir. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri hələ də tam olaraq yerinə yetirməyib. Bütün bu tələb və öhdəliklərinə əməl etdikdən sonra həm Türkiyə, həm də Azərbaycan tərəfindən Ermənistan üçün də əlverişli olan vacib addımların çox sürətlə atılacağı aşkardır”.




Ana səhifəyə qayıt        Baxış: 3 436          Tarix: 21-02-2024, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma