Xəbər lenti

Fransa prezidenti ilə görüşdən sonra Nikol Paşinyanın mövqeyi daha da sərtləşib. Nikol Azərbaycana qarşı əsassız və absurd iddiaların, şər-böhtanın üstünə bir az da qoyub.

Gözlənilən idi. Makron “kisik bacı”sılna hansı müdrik məsləhəti, göstərişi verə bilər(di) ki. Versəydi, bunu son 3 ildə edərdi. Onun hansı qabiliyyət yiyəsi olduğunu hətta bəzi radikal erməni revanşistləri də arada etiraf edirlər. Deyirlər ki, Fransa erməni xalqını yox, ilk növbədə özünü, bölgədəki maraqlarını düşünür.

Zavallılar, bəs siz nə xəyal edirdiniz? Bunu hələ də anlamadınız? Hələ də sizə çatmayıb ki, nəinki Paris, elə Moskva, Brüssel və Vaşinqton da sizdən yalnız maşa kimi istifadə edir? İki əsrdə yaşadığınız bunca faciə hələ də dərs olmadı ki, varlıq və inkişafınızın tək qarantı qonşu millətlərlə dinc yanaşı yaşamağa bağlı olduğunu kəsdirəsiniz?!

Aydın olmayıbsa, onda təzə müsibətlərə hazırlaşın. Axı Rusiya, rus İvan sizin üçün nələr etmədi və etmir? Güney Qafqazda olmayan yerdə sizə dövlət qurdu. Amma rusa şıllaq atırsınız. Nədi-nədi, Moskva “miatsum”a, sarsaq “artsax” ideyasına axıra qədər dəstək olmayıb. Daha dəqiqi, bacarmayıb, gücü çatmayıb. Ən əsası, Allah gec edib, amma güc edib və layiqli cəzanızı almısızınız, burnunuz ovulub...

İndi uzaq Fransa yaxın Rusiyadan güclü, bacarıqlı çıxacaq, fransız rusdan yaxşı, etibarlı olacaq? Təzədən “artsax”ı alıb sizə gerimi qaytaracaq Makron Fransası? Əlbəttə, heç biri olmayacaq. Səbəb bəlli: çox istəyən azdan da olur.

Xain, xəbis artmaz. Qarabağ konflikti bütün zamanlar üçün görk olmalı. Bakı oradakı ermənilərə ən yüksək muxtariyyət, az qala, müstəqilliyə yaxın status tanımağa hazır idi. Hətta yerli əhalinin öz polis qüvvələri olacaqdı. Amma şanslarına lağlağı etdilər, göylə getdilər, nankorluqları, ədaları axırlarına çıxdı.

Yaxşı, daha nə baş verməlidir ki, Fransa kimi avantürist dövlətlərin və terror xislətli, Türk düşməni erməni lobbisinin qan qoxulu təlimat və məsləhətlərini rədd edib də aza qane olasınız?! 29.75 min kv km-lk ərazini deyirik...

Azərbaycan buna çoxdan hazırdır. Elə olmasaydı, üç il qabaq sülh sazişi üçün sırf beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipini irəli sürməzdi. Ermənistanın işğalçı niyyəti yoxdursa, çoxdan onun altından imza atmalı idi. Bəs niyə atmır?

Üstəlik, bəndlərin birində gələcəkdə bir-birinə qarşı torpaq iddiasının olmayacağı haqda öhdəlik əks olunub. Başqa nə istəyirsiniz? Kimdir indi həqiqi sülhdən qaçan, “qoltuğunda daş” gizlədən?

Sual ritorikdir. Bu da qənaətimizə qüvvət. Görün N.Paşinyan “France 24” telekanalına iki gün öncəki müsahibəsində nə sayıqlayır.

Azərbaycanla Ermənistan arasında sülhü “ağlasığmaz” adlandıran bu adam ardınca sazişin mümkünsüzlüyünü “Bakının Ermənistanı Qərbi Azərbaycan hesab etməsi” ilə izah edib. Hətta onun fikrincə, Bakı “yeni ərazilər tutmağı” planlaşdırır.

Klassik erməni sırtıqlığı. Yaxud “adını sənə qoyum, səni də yana-yana”. Bişəkk, adam gözünün içinə kimi yalan deyir...

Əvvəla, yeni ərazi tutmaq istəyən Azərbaycan bunu 44 günlük müharibə zamanı, işğalçı ordunun darmadağın olduğu vaxt edə bilməzdi? Bilərdi.

İkincisi, həmin savaşadək “yeni ərazilər uğrunda yeni müharibə” işğalçı şüarını dövlət səviyyəsinə (!) qaldıran və illərlə öz qonşusuna hədə-qorxu gələn görəsən hansı ölkə idi – Ermənistan, yoxsa Azərbaycan? Təcavüzkar kimi “Dəmir qapaz” yeyəndən sonramı beynəlxalq hüquq, sərhəd toxunulmazlığı yadınıza düşdü?

Nəhayət, ilhaqçı planlar quran ölkə də müharibədən dərhal sonra məğluba barışıq əli uzadar, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması haqda təklif (5 prinsip) göndərər? “Məxməri” baş nazir dünyanı barmağına sardığınımı zənn edir?..

Məsələ də ondadır ki, səhərdən axşama kimi boşboğazlıq etmək olar, amma qiymət yekunda əmələ, fəaliyyətə, nəticəyə görə verilir. Fakt budur ki, bizim heç bir ölkənin ərazisində gözümüz yox. Bu, dəfələrlə, ən yüksək səviyyədə bəyan edilib.

Eyni “məntiqlə” qonşu Gürcüstanın rəhbəri də iddia edə bilər ki, “Azərbaycan Borçalını işğal etməyi planlaşdırır”. Halbuki söhbət yalnızca soydaşlarımızın öz dədə-baba yurdlarına təhlükəsiz qayıtmasından, yəni elementar insan haqlarının, ədalətin bərpasından gedir.

Paşinyan “demokrat” olaraq bircə dəfə bu haqda söz açıbmı? Xeyr. Gəl ki, müdrik, ağıllı, uzaqgörən adamlar əvəzinə, Makron kimilərə qulaq asmaqla və ağzına gələni izhar etməklə hamını bezdirməkdən usanmır...

Müsavat.com

Z.SƏFƏROĞLU




Ana səhifəyə qayıt        Baxış: 4 225          Tarix: 23-02-2024, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma