Xəbər lenti

Avropa Parlamentinin dünən keçirilən plenar iclasında Avropa İttifaqı ilə Ermənistan arasında daha sıx əlaqələrin və Ermənistan və Azərbaycan arasında sülh sazişinin zəruriliyi barədə təqdim olunan qətnamə 504 “lehinə”, 4 - ü “əleyhinə” və 32 bitərəf səslə qəbul edilib.

Bundan əlavə iclasda qəbul olunan qətnamədə Azərbaycanın əleyhinə də çox ciddi iddialar yer alıb. Sənəddə Zəngəzur dəhlizi ilə bağlı iddialar xüsusilə qərəzlidir. Bildirilir ki, Azərbaycan onun materik hissəsi ilə Naxçıvan eksklavını birləşdirən eksterritorial dəhlizin tələb edir və bu, Ermənistana qarşı “potensial hərbi avantürizmdir”, problem Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həll olunmalıdır. Qətnamədə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına da yer verilib və tamamilə ermənipərəst mövqe ifadə olunub. Bundan əlavə, parlament Avropa Şurasını Azərbaycanla bağlanan enerji sazişlərinə yenidən baxmağa çağırıb. 24 saatlıq antiterror hadisəsindən sonra Qarabağ ermənilərinin könüllü şəkildə Ermənistana köçməsini etnik təmizlik kimi qiymətləndirən Avropa parlamentariləri Bakıdan onların geri qaytarılmasını, həbs olunan separatçı rejim rəhbərlərini azadlığa buraxılmasını da tələb edib və ölkəmizi sanksiyalarla hədələyib.

Bəs, Avropa Parlamentinin bu təhdidləri nə qədər ciddidir və nədən qaynaqlanır?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycanda hökumətə yaxın dairələr Avropa Parlamentinin (AP) fəaliyyətini kiçildir. İddia edirlər ki, AP-nin qərar və qətnamələrinin heç bir məcburedici tərəfi yoxdur, tövsiyə xarakteri daşıyır: “Məncə, məsələ deyildiyi kimi sadə deyil. AP Avropa İttifaqı qurumları arasında yeganə seçkili orqandır. İttifaqın bütün ölkələrində deputat seçkiləri keçirilir və bu seçkiləri qazananlar həmin parlamentə düşürlər. Üstəlik, deputatlar öz dövlətlərini də təmsil etmir və onun qərarlarına bağlı deyillər. Parlamentdə 7 və ya 8 partiya var və deputatlar üzv olduqları partiyanın qərarlarına tabedirlər. Bu isə həmin deputatlara dövlətləri vasitəsilə təzyiq etmək imkanını da məhdudlaşdırır. Digər tərəfdən, “AP-in qərarlarının heç bir bağlayıcılığı yoxdur” mülahizəsi də yanlışdır. Parlamentin qərarları Avropa Şurasının qərarları qədər keçərlidir. Yəni istənilən qanunvericilik aktının qüvvəyə minməsi üçün bu iki qurumdan da keçməsi tələb olunur. Ən əsası isə AP ittifaqın hökuməti sayılan Avropa Komissiyası üzərində böyük təsir imkanı var. Deputatların 3-də 2-nin səsilə hətta Avropa Komissiyası buraxıla bilər”.

Bu baxımdan, AP-in Azərbaycana qarşı sanksiya tələblərini ciddi təhlükə kimi qiymətləndirən həmsöhbətimiz məsələyə barmaqarası baxmağın ağır nəticələr doğuracağından ehtiyatlanır: “Fikrimcə, Azərbaycan hökuməti AP-in qətnamə və qərarlarını dərindən incələməli, təhlükənin qarşısını almaq üçün müəyyən tədbirlər görməlidir. Çünki ölkəmizin əsas gəliri Avropa ölkələrinə nəqli etdiyimiz enerji mənbələrindən mədaxil olur. Aİ bizdən bu ixracı dayandırsa, ciddi iqtisadi böhranla qarşılaşa bilərik”.

Heydər Oğuz hesab edir ki, bu təhlükəyə qarşı tədbirlərin başında həmin parlamentin deputatları ilə ciddi işləmək və onlara Azərbaycan reallıqları izah edilməkdən keçir: “Bunun üçün isə ilk növbədə Azərbaycan diasporası düzgün təşkilatlanmalı və parlamentin tərkibinin müəyyənləşdirilməsinə təsir edəcək səsverici gücə çevrilməlidir. Sirr deyil ki, ermənilər bir çox hallarda diasporalarının təşkilati gücü hesabına özlərinə lobbi yarada və parlament üzvlərinə təzyiq göstərə bilirlər. “Bizdə də guya illərlə bu işlə məşğul olan Diaspora Komitəsi var. Amma təəssüflər olsun ki, bu komitə real iş görmək əvəzinə mənasız tədbirlər keçirməklə məşğuldur və dövlətin diasporamızı təşkilatlandırmaq üçün ayırdığı yüz milyonlarla vəsaiti göyə sovurur. Məncə, Avropa ilə münasibətlərimizin tənzimlənməsinə ilk əvvəl bu təşkilatı yenidən formalaşdırmaqdan başlamaq lazımdır”.

Siyasi şərhçi onunla da razıdır ki, Avropa İttifaqının bu cür absurd qərar almasında bu qitə vətəndaşlarının Türk və İslam düşmənçiliyi də böyük rol oynayır və biz istəsək belə bu xofu aradan qaldıra bilmərik:

“Avropa siyasilərinin İslamofobiya və Türk düşmənliyini əks etdirən çoxsayda misallar var. Məsələn, Türkiyədəki AKP hakimiyyəti Aİ-nin bütün şərtlərini yerinə yetirdikdən sonra bəzi Avropa rəsmiləri müxtəlif bəhanələrlə bu işin reallaşmasına imkan vermədi. Mən sizə iki fakt deyəcəyəm. Bilirsiniz ki, Avropa Parlamentinin 15 dekabr 2004-cü il tarixli iclasında Türkiyənin Avropa İttifaqına üzvlüyünə namizədliyi səsə qoyulmuşdu. Səsvermə zamanı 407 millət vəkili Türkiyənin lehinə, 262 deputat isə səs vermişdi. İki gün sonra AB dövlət və hökumət başçıları rəsmi olaraq “Türkiyənin üzv ola biləcəyi” elan edildi və danışıqların başlanğıc tarixi 3 oktyabr 2005-ci ilə salındı. Lakin elə həmin vaxt Avstriya yeni bir təklif irəli sürdü – “imtiyazlı tərəfdaşlıq”.

Nəticədə buna etiraz edən Türkiyə nümayəndə heyəti danışıqlara başlama mərasiminin keçirildiyi Lüksemburqa getməmək qərarı aldı. Böhran o zamankı Almaniya kansleri Gerhard Şroeder və İngiltərə baş naziri Tony Bleyrin təşəbbüsü ilə son anda həll edildi. Amma bundan sonra növbəti böhran ortaya çıxdı. Türk nümayəndə heyəti 3 oktyabrda saat 24.00-ü keçəndən sonra Lüksemburqa gedib çıxmışdı. Yəni artıq oktyabrın 3-ü yox, 4-ü idi və Türkiyə əleyhdarları bu səfər də gecikməni əllərində bəhanə edib, məsələyə baxmaq istəmirdilər”.

Həmsöhbətimiz xatırlayır ki, o vaxt yenə Böyük Britaniya dövriyyəyə girdi və Londonla Lüksemburq arasında 1 saatlıq fərqi əsas gətirib hələ 3 oktyabrın bitmədiyini bildirdi:

 “Beləcə, ingilislərin təzyiqi ilə Türkiyənin namizədliyi məsələsinə baxıldı və ona namizəd status verildi. Bununla belə 20 ildir ki, Türkiyə Aİ-nə alınmır. Bunun səbəbini sonradan Nikola Sarkozi belə ifadə etmişdi: “Fransada 6 milyon müsəlman yaşayır. Biz onların öhdəsindən gələ bilmirik. Bundan əlavə 80 milyon türk gəlsə nə edəcəyik? Fransız xalqının 61 faizi buna qarşıdır. Belə bir şəraitdə mən siyasətçi kimi belə riskə gedə bilmərəm”.

O vaxt Fransanın daxili işlər naziri olan Sarkozinin bu fikirlərinin təkcə almanlar tərəfindən deyil, bütün Avropa rəsmiləri tərəfindən qəbul olunduğunu iddia edən Heydər Oğuz vurğuladı ki, Aİ-də keçirilən bir çox rəy sorğuları da bunu təsdiqləyir: “Bir neçə ay bundan əvvəl Aİ-nin 6 ölkəsində keçirilən rəy sorğusuna əsasən, vətəndaşların 51 faizi türklərə qarşı olublar. Ən çox qarşı çıxanlar isə Qərbi Avropa ölkələridir. Təsəvvür edin, Avstriya əhalisinin 75 faizi türklərin əleyhinə rəy bildirib. Üstəlik, AP-də təmsil olunan deputatların böyük əksəriyyəti də bu təfəkkürlü insanlardır. Bircə faktı deyəcəyəm, AP-də ən çox deputatı olan qrup Xristian Demokratların öncüllük etdiyi EPP blokudur. Blokun 178 deputatı var. Hətta xristian təəssübkeşliyini adı üzərində daşıyan bu partiyadan müsəlman ölkə olan Azərbaycana qarşı hansı ədalətli mövqe gözləmək olar? AP-nin ikinci böyük deputat qrupu isə Sosialistlər və Demokratlar İttifaqıdır. 141 deputatı olan bu partiya da antitürk mövqeyi ilə seçilir”.

Bu baxımdan Avropa ilə bağlı siyasətimizi düzgün nizamlamağın tərəfdarı olan Heydər Oğuz bizə qarşı qərəzi və təhlükəni anlayaraq bəzi addımların atılmasının vacibliyini vurğulayır.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com





Ana səhifəyə qayıt        Baxış: 4 720          Tarix: 14-03-2024, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma