Xəbər lenti

Milli Məclisin deputatı Azər Kərimli Fransanın bu gün Emmanuel Makron kimi məsuliyyətsiz və prinsipsiz siyasətçinin ümidinə qaldığını bildirib.

Deputat "Report"a açıqlamasında qeyd edib ki, milyonlarla insanın faciəsini, şəhər və kəndlərin viran qoyulmasını öz siyasətləri üçün vasitəyə çevirən dövlətlərin rəhbərləri də Makron kimi uğursuzluğa düçar olacaqlar.

Onun sözlərinə görə, bu, özünü Ukraynaya münasibətdə də biruzə verir.

A.Kərimli bildirib ki, Ukrayna ilə bağlı ən çox bəyanat verən, yeri gəldi-gəlmədi gündəmə gətirməklə dividend qazanmağa cəhd göstərən Fransa Ukraynaya yardım göstərən ölkələrin sırasında 19-cu yerdədir:

“Əslində bu göstərici, təkcə Makronun deyil, bütövlükdə bir sıra Qərb ölkələrinin siyasi rəhbərlərinin gerçək mahiyyətini ortaya qoyan amil kimi dəyərləndirilə bilər. Verdikləri vədlərdən qaçmaq üçün saysız-hesabsız bəhanələr gətirmək, ciddi problemlərlə, müharibə və siyasi qarşıdurmalarla üz-üzə qoyduqları ölkələrin və onların təcrübəsiz liderlərinin arxasından qaçmaq, kritik məqamlarda qərar qəbul edə bilməmək, öz siyasi karyeralarını qorumaq naminə xalqları, dövlətləri qurban vermək Qərbdə lider böhranının yaşanmasının göstəricisi olmaqla yanaşı, həm də ədalət prinsiplərinin, mənəvi, siyasi və hüquqi dəyərlərin deqrodasiyaya uğramasından xəbər verir".

Milli Məclisin üzvü vurğulayıb ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən münaqişə və müharibələr, milyonlarla insanın öz evlərindən didərgin düşməsi, səfalət, aclıq, günahsız insanların qətlə yetirilməsi öz qlobal məsuliyyətini dərk etməyən, məsuliyyətsiz siyasətçilərin yaratdığı utanc doğuran mənzərədir:

"Reallıq ondan ibarətdir ki, məsələn, vaxtilə Şarl de-Qoll, Fransua Mitteran kimi siyasətçilərin rəhbərlik etdiyi Fransa bu gün Makron kimi məsuliyyətsiz, prinsipsiz siyasətçilərin ümidinə qalıb. Hazırda beynəlxalq hüququn norma və prinsiplərinin işləməməsinin, beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxmasının əsas səbəblərindən biri də, qətiyyətsiz, prinsipsiz siyasətçilərin hər addımda tətbiq etdikləri ikili standartlardır".




Ana səhifəyə qayıt        Baxış: 2 970          Tarix: 16-03-2024, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma