Xəbər lenti

“Crocus City Hall” terror aktının Rusiyanın özü tərəfindən törədildiyini iddia edənlər maraqlı bir arqument irəli sürürlər: “Terror aktının məsuliyyətini boynuna götürən İŞİD-Xorasan təşkilatı Əfqanıstanda mənzillənib və onun indiyə qədərki hədəfi ABŞ idi. Yeri gələndə Rusiya da ABŞ düşmənidir. “Düşmənimin düşməni mənim dostumdur” prinsipini nəzərə alsaq, məntiqlə İŞİD Xorasan Rusiyaya simpatiya ilə baxmalıdır. O zaman niyə durub-dururkən Rusiyaya hücum etsin?”.

Bəs bu arqument nə qədər tutarlıdır?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, bu arqumentin əsassız olduğunu terraktın birbaşa və dolayısıyla bütün tərəflərinin bəyanatları da bariz şəkildə ortaya qoyur: “Təsəvvür edin, həm ABŞ, həm də Rusiya yetkililəri hadisənin İŞİD-Xorasan tərəfindən törədildiyini inkar etmir. Xüsusilə Rusiya prezidenti Vladimir Putin belə, dünən axşamkı açıqlamasında qeyd edib ki, “terror aktı radikal islamçılar tərəfindən həyata keçirilib, lakin istintaq cinayəti sifariş verənlərin adlarını öyrənməli, həmçinin terrorçuların cinayətdən sonra niyə Ukraynaya keçməyə cəhd ediyini” öyrənməlidirlər. Yəni Rusiya prezidenti də faktini olaraq hadisənin İŞİD tərəfindən törədildiyini qəbul edir, amma onu daha çox sifarişçilərin maraqlandırdığını bildirir. Söz var, deyərlər; vuran da, vurulan da, vurduran da yumruğun kim tərəfindən atıldığını gizlətmir. Bəs sizə nə düşüb ki, günahı “öləndə” axtarırsınız?”.

Həmsöhbətimiz “İŞİD-in Rusiyada nə işi var” arqumentini irəli sürənlərin ya tarixi bilgisinin yetərli səviyyədə olmadığına, ya da qəsdən faktları qaralamağa çalışdığına inanır: “Məsələ burasındadır ki, İŞİD adlı təşkilatın ilk rüşeymi sayılan “əl-Qaidə” məhz Rusiyaya qarşı yaradılmış və Əfqanıstanda uzun illər sovet ordusuna qarşı vuruşmuşdur. Onun ABŞ-ı da hədəfə alması SSRİ-nin 10 illik müharibədən məğlub ayrılmasından sonraya təsadüf edir. Bilirsiniz ki, 2021-cu ildə Amerikada əkiz qüllə adlanan göydələnlər təyyarələrlə vurulmuş, Vaşinqton bunu bəhanə edərək Əfqanıstana və İraqa girmişdi. Hətta 11 sentyabr hadisəsinin belə, “Əl-Qaidə” tərəfindən törədilib-tərədilmədiyi də bəlli deyil. Onun tərəfindən törədilməsi ehtimalını doğru qəbul etsək, bu hadisə nəticə etibarilə ABŞ-ın mənafeyinə uyğun idi”.

Heydər Oğuz xatırladıb ki, “Əl-Qaidə məhz bu hadisədən sonra İraq və Suriya ərazisinə keçdi: “Daha sonra təşkilatın lideri Üsamə Bin Laden öldürüldü və onun yerinə İordaniya əsilli Əbu Musa əz-Zərkavi keçdi. İŞİD-in qurucusu da Zərkavidir. Onun qurduğu bu təşkilat nə qədər ABŞ düşməni kimi görünsə də, Şimali İraq və Suriyada ABŞ-ın Kürdüstan projesinin ilk mərhələsini həyata keçirməsi ilə tarixə düşüb. Faktiki olaraq, islam fundamentalizmini əlində rəhbər tutan İŞİD Şimali İraq və Suriyanı ərəb və digər etnik qruplardan təmizlədi. Ardınca da ABŞ-ın yardımı ilə kürd separatçıları qarşısında məğlub vəziyyətə düşdü və bölgədən çəkildi. Hazırda İŞİD-in Xorasan qolu daha aktiv fəaliyyət göstərir və o da öz klassik cizgisindən çox da uzaqlaşmayıb”.

Bu baxımdan “İŞİD-in ABŞ-a düşmən, Rusiyaya dost kimi baxdığını düşünənlərin” ciddi yanılğı içində olduğunu iddia edən siyasi şəhrçi sözügedən yanılğının bəzi istilahların qarışdırılmasından irəli gəldiyinə inanır. Onun sözlərinə görə, istər Yaxın Şərqdə, istərsə də Mərkəzi Asiyada fəaliyyət göstərən radikal islamçılar vahid düşmənlərə qarşı birgə mübarizə aparsalar da, öz aralarında belə, ciddi rəqabət halındadırlar: “Bəzən bu rəqabət açıq düşmənçilik həddinə varır və onlar bir-birini qırmaqdan belə çəkinmirlər. Məsələn, 2001-ci ildə ABŞ-ın Bin Ladeni təhvil verilməsi tələbini geri çevirən Talibanlar bu gün onun cizgisini davam etdirən İŞİD-lə döyüşür. Yaxud Yaxın Şərqdəki bir çox radikal islamçılar arasında da ciddi qarşıdurmalar var. Sözsüz ki, bu qarşıdurmaların bir səbəbi onların liderlərinin şəxsi mənfəətlərindən irəli gəlsə də, bir başqa səbəbi də ideoloji fərqlilikdir. ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra ölkəni tamamilə ələ keçirən Talibanla İŞİD-Xorasan arasındakı fərq hətta məşhəb ayrılığına qədər uzanır. Talıban sünni məzhəbinin Hənəfilik təriqətinin bir qolu sayılan Diyobend mədrəsəsinə, İŞİD isə bir çoxlarımızın “Vəhabilik” kimi tanıdığımız Sələfilik təriqətinə mənsubdr. Sələfilərdən fərqli olaraq Diyobəndilər regional hədəfləri ön planda tuturlar. Yəni onlar İngiltərə imperiyası tərəfindən darmadağın olunan müsəlman Hindistanını, bizim Baburilər kimi tanıdığımız qədim dövləti bərpa etməyə çalışırlar. Bu dövlətin əraziləri isə bugünkü Hindistanı, Banqladeşi, Pakistanı və Əfqanıstanın bir hissəsini əhatə edir. Talibanın Hindistana qarşı özünü və region müsəlmanlarını qorumaq istəyən Pakistan tərəfindən yaradılması bu mənada təsadüfi deyil. Bilirsiniz ki, 1947-ci ildə müstəqilliyini elan edən Pakistan Hindistanın region millətçiliyini yayması nəticəsində faktiki iki yerə bölündü və Banqladeşi tamamilə itirdi. Hindistan bununla qalmadı, etnik parçalanmanı Pakistanın içinə qədər daşımağa çalışdı. Əlində dəstəvuz etdiyi ideologiya isə peştunçuluq idi. Məlumdur ki, peştunlar əsasən Pakistan və Əfqanıstanda yaşayırlar. Sayları hardasa 50 milyon olan peştunlar Əfqanıstan əhalisinin 42-45 faizini təşkil etsə də, əsas etibarilə Pakistanda yaşayırlar. 220 milyonluq Pakistanda hazırda 39-40 milyon peştun yaşayır. Əfqanıstanda isə onların sayı cəmi 13.5 milyondur. Dolayısıyla daha az olmalarına baxmayaraq, peştunlar Əfqanıstanda milli çoxluq, Pakistanda isə milli azlıqdırlar. Eynilə bizimlə İran kimi: Azərbaycanda cəmi 10 milyon olmağımıza baxmayraq, milli çoxluğuq və bu səbəbdən də dilimiz dövlət dili, mədəniyyətimiz isə türk mədəniyyətidir. Cənubi Azərbaycanda isə bizdən 4 dəfə çox olmalarına baxmayaraq, soydaşlarımızın milli hüquqları yoxdur. Pakistanda da peştunlar eyni durumdadırlar. Əfqanıstandan çox olmalarına baxmayaraq, milli çoxluq deyillər və urdu mədəniyyətinin təsiri altındadırlar. Məhz bu səbəbdən Hindistan peştunların milli hisslərini istismar etmək və öz əzəli düşməni Pakistanı Əfqanıstan vasitəsilə dağıtmaq istəyirdi. Bu məsələdə ona ən çox dəstək verən isə SSRİ idi. Xüsusilə 1970-ci illərdə Əfqanıstan uğrunda ABŞ-la amansız mübarizə aparan SSRİ 80-ci illərdə bu ölkəni işğal etdi. Pakistan da öz növbəsində həm Hindistanın, həm də SSRİ-nin peştun millətçiliyindən istifadə edərək onu parçalamaq istəməsinə qarşı indiki Talibanı qurdu. Özünü qoruma silahı kimi isə dini-siyasi anlayışa üstünlük verdi - millətçiliyə qarşı ümmətçilik düşüncəsinə. Hindistan müsəlmanlığının əsas dini axımı sayılan Diyobəndi mədrəsələrinin qurulması və peştun gənclərin bu məktəblərdə yetişdirilib SSRİ-yə qarşı silahlandırılması da bu zərurətdən doğdu. O illərdə Pakistana ən çox dəstək verən isə ABŞ-a bağlı Səudiyyə sələfiliyi oldu. Bunun bir səbəbi Səudiyyə Ərəbistanının ABŞ-a yaxınlığı idisə, digəri sələfiliklə diyobəndiliyin ikisinin də radikal dini görüşdən hərəkət etməsiydi”.

Heydər Oğuzun fikrincə, radikalizm sələfi İŞİD (və ya əl-Qaidə) ilə diyobəndi Talibanı birləşdirən yeganə dəyərdir: “Digər məsələlərdə isə onların fikirləri kəskin dərəcədə fərqlənir. Məsələn, sələfilərdən fərqli olaraq, diyobəndilər qəbirləri ziyarət edir, övliyyalara inanır və onların ruhundan yardım diləyirlər. Sözsüz ki, bu cür inanış fərqlərinin ortaya çıxmasında diyobəndilərin uzun illər hindlilərlə bir arada yaşamasının da təsiri var. Hətta Baburşahların öz imperiyalarını qorumaq üçün hind və islam inanışlarının sntezini yaratmaq çalışmaları barədə də bəzi iddialar mövcuddur. Təsadüfi deyil ki, diyobəndilik öz adını belə, Hindistanın paytaxtı Dehlinin 150 km-liyindəki Diyobənd şəhərində alıb”.

Heydər Oğuzun fikrincə, bu iki islami düşüncə axınının arasında ən başlıca fərq hədəf kimi gördükləri mübarizə coğrafiyası ilə bağlıdır: “Yuxarıda da qeyd etdiyimiz kimi, Taliban özünün mübarizə sahəsini Pakistan və Əfqanıstan, uzaqbaşı Banqladeş kimi Cənubi Asiya coğrafiyası ilə məhdudlaşdırdığı halda, İŞİD Xorasanın hədəfində daha geniş coğrafiyalar var. Təşkilatın öz adına Xorasan sözünü əlavə etməsi də bundan xəbər verir. Qədim qaynaqlarda Xorasan coğrafiyasına indiki İranın, Pakistanın, Tacikistanın, Özbəkistanın bir hissəsi və Türkmənistan da daxil idi. Məntiqlə, bu təşkilatın hədəfində də bu coğrafiyalar var. Həmin coğrafiyalar isə Rusiyanın təsiri altındadır. Deməli, “İŞİD-Xorasan”ın Rusiya ilə ciddi və ağır hesablaşması da gündəmdədir”.

E.MƏMMƏDƏLIYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 219          Tarix: 26-03-2024, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma