SSRİ-nin çöküşündən 33 il ötsə də Rusiyada “SSRİ-2” xəyalı ilə yaşayanlar qalır. Ən təhlükəsi isə belə velikorus-şovinistlərin bir çoxunun bu dövlətin yüksək hakimiyyət eşelonunda təmsil olunmasıdır.
Onlardan biri də Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyovdur. Belə ki, az öncə VÇQ-OQPU adlı Teleqram kanalı onun Dumanın Müdafiə Komitəsindən olan həmkarlarına göndərdiyi audio-müraciətini dərc edib. Orada Qurulyov ölkəsinin Qazaxıstana mümkün hücumu barədə danışır, Ukraynadan sonra hədəfin Qazaxıstan olacağını deyir. Hərçənd qalmaqaldan sonra o, qazaxlara qarşı təhdid xarakterli ifadələrlə bağlı sosial şəbəkələrə sızan səsyazısını “dezinformasiya” adlandırıb.
Aydındır ki, heç bir dezinformasiyadan söhbət gedə bilməz. Od olmasa, tüstü çıxmaz. Bu, ən azından bir “nəbz yoxlanışı” sayılmalıdır. Üstəlik, Rusiyadan bənzər hədələr indiyədək dəfələrlə səslənib.
Maraqlıdır ki, iki gün qabaq Kremlə yaxınlığı ilə tanınan rusiyalı avrasiyaçı və politoloq Aleksandr Duqin bir az da qabağa gedərək İsraili hədələyib və bildirib ki, Qüds (Yerusəlim) ya “rus şəhəri” olacaq, ya da məhv olacaq.
Bu nədir, rusların imperiya damarı niyə tutub? Moskvadan nəyin anonsunu verirlər?
Hələ sovet dövründən BMT üzvü olan Ukraynanın dövlət kimi var olmağa haqqı olmadığını ən yüksək səviyyədə bəyan edən Rusiya rəsmilərinin hədə-qorxusu fonunda üstəlik bu cür təhdidlərin səslənməsində məqsəd nədir? Rusiya Ukraynada istədiyinə çatsa, Azərbaycan da hədəfə gələ bilərmi? Doğrudanmı Rusiyaya qonşu olmaq təhlükədir?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz rus təhlükəsini real hesab edir.
Onun fikrincə, son zamanlar Qərb ölkələrinin Ukraynanı Rusiya qarşısında yalnız buraxması Moskvanı işğal siyasətinə şirnikləşdirir: “NATO ölkələri, xüsusilə də ABŞ Ukraynaya yetərli silah-sursat vermədi. İlk əvvəl verilən müasir silahlar Ukrayna ordusunu qısa zaman ərzində rus işğalçılarını Dneprin şərq sahillərinə qədər uzaqlaşdırmasına səbəb oldu. Bundan sonra isə yetərsiz silah təchizatı ilə Ukraynanı yay əks-hücumlarına keçməyə vadar etdilər. Ötən il yayda başlayan əks-hücum əməliyyatı arzulanan nəticəni verməyincə, ABŞ müxtəlif bəhanələrlə onu Allahın ümidinə buraxdı. Çünki onun əvvəldən məqsədi Rusiyanı tam çökdürmək deyildi. Məqsəd Avropanı rus təhlükəsi ilə üz-üzə qoymaq və özünə daha sıx bağlamaqdır”.
Ukrayna savaşından əvvəl Avropa ölkələrinin qurduqları rifah cəmiyyətinin gətirdiyi rahatlığa güvənib “ABŞ-sız da başımızın çarəsinə baxa bilərik” xəyallarına qapıldığını bildirən Heydər Oğuz buna misal olaraq Fransa prezidenti Emmanuel Makronun məşhur sözlərini xatırlatdı: “Yadınızdadırsa, Makron NATO-nun beyin ölümü keçirdiyini bildirmiş və onun yerinə Avropa ordusu qurmaq təklifi irəli sürmüşdü. Bu açıq şəkildə ABŞ hegemoniyasına meydan oxumaq və müstəqil hərəkət etmək arzusunun ifadəsi idi. Sözsüz ki, ABŞ buna laqeyd qala bilməzdi. Odur ki, Rusiya ilə Ukrayna arasında konflikti qızışdırıb 3 ildir davam edən məlum müharibəni çıxardı. Ardınca isə rus təhlükəsini Avropanın qucağına atıb öz qınana çəkildi”.
Həmsöhbətimizin fikrincə, ABŞ Konqresində ilişib qalan Ukraynaya yardım paketi heç də Tramp və Respublikaçılar partiyasının Demokratlar üçün yaratdığı əngəl deyil: “Bu, ABŞ dövlətinin öz strategiyasıdır. Sadəcə, Trampın cığallığı bəhanə edilir və faktiki Ukraynanın silah təchizatı dayandırılır. Hədəflənən məqsəd Avropa İttifaqı ölkələrini rus təhlükəsi ilə qorxudub özünə bağlamaq və onların silahlanmaq yarışına girmələrini təşviq etməkdir. Məlumdur ki, cəmi bir neçə minlik ordusu olan Avropa ölkələri öz müdafiələrini təmin etmək üçün ABŞ-dan modern silah almalı və rus təhlükəsini Ukraynada saxlamaq üçün Kiyevi də təchiz etməlidir. Bu isə ABŞ-ın silah sənayesinə indiyədək görmədiyi pullar qazandırmaq anlamına gəlir. Təsadüfi deyil ki, NATO-nin Baş katibi bu yaxınlarda keçirilən toplantıda Avropa İttifaqının üzərinə 100 milyard dollarlıq silah almaq öhdəliyi qoydu. Bu məbləğin yalnız bir qismini Aİ ölkələri öz gücləri sayəsində təmin edə bilərlər. Böyük əksəriyyətini isə ABŞ-dan almalıdırlar”.
ABŞ-ın eyni siyasəti indi Sakit və Hind okeanları regionuna daşımaq istədiyini bildirən Heydər Oğuz son zamanlar Çin və İranın hədəf seçilməsini də təsadüfi hesab etmir: “Bu regionda Avropa qədər zəngin olan ölkələr var. Məsələn, Yaponiya, Avstraliya, Cənubi Koreya və s. Sakit okean hövzəsində yerləşən bu ölkələr Çinə qarşı təşkilatlandırılır. Onların özünü fəda edən Ukraynası isə böyük ehtimalla, Fillipinlər və Tayvan olacaq. Eyni şəkildə Hind okeanı ərazisində İran seçilib. Yəqin ki, zəngin ərəb dünyasını İranla savaşa cəlb edəcəklər və beləcə, ABŞ silah sənayesi onları da silahlandıracaq. Bu siyasəti yürütmək üçün Trampın seçilməsi də düşündürücüdür. Bilirsiniz ki, Tramp ilk hakimiyyəti dövründə Çinə və İrana qarşı həmlələri ilə tanınırdı. O, Çinə qarşı iqtisadi müharibəyə başladı və hakimiyyətinin son ilində İranın “əfsanəvi generalı” Qasım Süleymanini öldürdü. Hakimiyyətinin ilk ilində isə ilk səfərini Səudiyyə Ərəbistanına edib Riyada 100 milyardlıq silah satdı. Ümumiyyətlə, ABŞ-ın ən böyük iqtisadi sektoru silah sənayesidir və bu sənayenin ayaqda tutulması üçün Vaşinqton dünyanın müxtəlif ölkələrində müharibəni qızışdırır. SSRİ-nin dağılması ilə bu siyasət qismən iflasa uğradığından ABŞ rus təhlükəsini yenidən xortlatdı və Putinin hakimiyyətə gətirilməsinə göz yumulması da bununla bağlı idi”.
ABŞ-ın Ukrayna siyasəti nəticəsində artıq Avropada da aşırı sağ partiyalarının getdikcə güc qazanmasını Ukrayna və digər post-sovet ölkələri üçün ən böyük faciə hesab edən siyasi şərhçi bütün bu prosesləri Vaşinqtonun məkrli siyasətinin nəticəsi kimi görür: “Məlum olduğu kimi, ötən şənbə günü Slovakiyada Peter Pelleqrini adlı birisi prezident seçildi. Pelleqrini ötən il parlament seçkilərini qazanan və baş nazir postuna yiyələnən Robert Fikonun ən yaxın müttəfiqidir. Hər ikisi açıq şəkildə Rusiyanı dəstəkləyir, Ukraynaya silah verməkdən boyun qaçırırlar. Əllərindəki bəhanələri isə guya Rusiya ilə Ukraynanı barışdırmaqdır. İrəli sürdükləri sülh təklifi isə Ukraynanın torpaq güzəştinə hesablanıb. Bəllidir ki, Ukrayna bu təklifi qəbul etsə, Zelenski hakimiyyəti tamamilə xalqın etibarını itirəcək və yeni seçkilərdə ruspərəst birisinin əli güclənəcək. Nəticədə Rusiya müharibənin əvvəlində qarşıya qoyduğu hədəfinə - Ukraynanı “denazifikası”na, daha doğru desək, ələ keçirməsinə daha rahat nail olacaq. Bu isə Orta Asiya və Cənubi Qafqazda onsuz da kövrək olan müstəqillik ideallarını təhlükə altında qoyacaq”.
Heydər Oğuzun fikrincə, Avropa ölkələrinin sağ təmayüllü partiyaların əlinə keçməsi təkcə Slovakiya və ətraf ölkələri ilə məhdudlaşmır: “Ötən il Niderland kimi liberal demokratların güclü olduğu ölkədə belə, Geert Uilders adlı faşist və müsəlman düşməni hakimiyyətə gəldi. Polşada, Almaniyada, İtaliyada, hətta Fransada belə ultra-sağ partiyalar getdikcə nüfuz qazanırlar. Onların demək olar ki, hamısının əldə rəhbər tutduqları ideya isə Avropa İttifaqından ayrılmaqdır. Düşünürəm ki, rus təhlükəsi tədricən Avropa İttifaqını da dağıdacaq və bu qitənin ölkələrini ABŞ-dan daha asılı vəziyyətə gətirəcək. Yəni ABŞ-ın yenidən xortlatmağa çalışdığı rus təhlükəsiz təkcə bizim üçün yox, həm də Avropa İttifaqı üçün də təhlükədir. Faktiki olaraq Vaşinqton bizi Rusiyanın qabağına yem kimi atmaqla Avropa qitəsi üçün rus xofu hazırlayır. ABŞ-ın bu siyasəti “Kəlilə və Dimnə”dəki bir aforizmi xatırladır: “Cəhənnəmdə adama elə qorxunc şey göstərirlər ki, adamlar qaçıb əjdahanın quyruğunun altına sığınır”. Vaşinqtonun yeni dünya düzənində yaratmaq istədiyi də budur”
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: