Çinlə Rusiyanın tərəfkeşliyi davam edir. Keçmiş SSRİ-nin varisi olması Pekinlə dil tapmaqda Rusiyanın işlərini sadələşdirir. Rəsmi Moskvaya yaxın keçmişdə hakim olmuş siyasi-ideologiya indi onlara yardım edir.
İqtisadiyyatın forması, hakim siyasi ideologiyanın mahiyyətindən asılı olmayaraq tərəflər daha çox Qərbə münasibətdə ortaqlıq nümayiş etdirirlər.
Hətta Çinin Rusiyanın bəzi addımlarına sponsorluq etdiyi də ehtimal olunur.
Aprelin 9-da RF-nin xarici işlər naziri Sergey Lavrovun Pekinə rəsmi səfəri ikitərəfli münasibətlərə stimul verir.
O, çinli həmkarı Van İ ilə 2024-cü il üzrə xarici işlər nazirlikləriarası məsləhətləşmə planı imzalayıb. Bu, o deməkdir ki, Çin və Rusiya cari ildə qlobal əhəmiyyətli xarici siyasət kursunda birgə addım atacaqlar.
Danışıqların yekununa həsr edilən birgə mətbuat konfransında Van İ rəsmi Pekinin mövqeyini açıqlayarkən bunlara da diqqət ayırıb:
- Çin beynəlxalq münaqişələrdə heç vaxt atəşə yağ qatmır və ya eqoist məqsədlər güdmür;
- Çin qlobal inkişaf tendensiyasına zidd olan birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır;
- Rəsmi Pekin Moskva və Kiyevin iştirakı ilə Ukrayna üzrə beynəlxalq konfransın çağırılmasının tərəfdarıdır;
- Çin və Rusiya qlobal təchizat zəncirlərini pozmaq cəhdlərinə qarşı birgə çalışacaqlar.
Bundan başqa Van İ Qərbin “ikiqat qadağasına” cavab olaraq “ikiqat əks-hərəkət” ideyasını irəli sürüb. Bildirilib ki, tərəflər yeni münasibətlər modelini müdafiə edəcək və qarşıdurmadan qaçacaqlar.
Çinli nazir beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq etmək niyyətində olduqlarını da qeyd edib. Van İ Sergey Lavrovla görüşdə ölkəsinin Prezident Vladimir Putinin rəhbərliyi altında Rusiyanın stabil inkişafını dəstəkləyəcəklərini vurğulayıb.
Bu açıqlama cari ildə Çinlə Rusiyanın bütün istiqamətlərdə əməkdaşlığı və birgə fəaliyyəti davam etdirəcəklərini göstərir. Çin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqeyə görə beynəlxalq ictimaiyyət tərəfindən qınanılır. Hətta ona bu məsələ ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaq da təklif edilib.
Hesab etmək olar ki, Sergey Lavrov Pekinə Çindən Rusiyanı müdafiə edəcəyinə dair qarant almaq üçün səfər edib. Van İnin açıqlamasında bu təminat Moskvaya verilib. Bundan başqa rəsmi Pekin Vladimir Putinin rəhbərliyi altında Rusiyanın inkişafını dəstəkləyəcəklərini bildirməklə Kremlin kursunu müdafiə etdiklərini də gizlətməyib.
ABŞ-nin maliyyə naziri Canet Yellen Qərbin Çinə sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Rəsmi Pekin bu addıma cavab tədbiri görməyə hazır olduqlarını bildirərək, belə yanaşmanı əsassız adlandırıb.
Qeyd edək ki, fevralın 23-də ABŞ Rusiya şirkətləri ilə yanaşı Çin, Vyetnam, Almaniya, Kipr Respublikası, Qırğız Respublikası, Lixtenşteyn, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Serbiya, Türkiyə, Finlandiya, Estoniya və başqa ölkələrin firmalarına təsir göstərəcək yeni sanksiyalar tətbiq edib.
Martın sonunda Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-dən gələn qonaqlarla görüşündə bildirmişdi ki, hər iki ölkənin uğurları bir-biri üçün fürsətdir. Onun sözlərinə görə, Pekin və Vaşinqton bir-birinə tərəfdaş kimi yanaşarsa, hörmət edərsə, dinc yanaşı yaşayarsa, əməkdaşlığa can atarsa, o zaman Çin-ABŞ münasibətləri yaxşılaşacaq. Rəsmi Pekin Çin-ABŞ münasibətlərinin pisləşməsinin qlobal miqyasda təhlükə yarada biləcəyini vurğulayıb.
Sergey Lavrovun səfərindən altı gün öncə Si Cinpin ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb. Çin lideri 2024-cü ildə Çin-ABŞ münasibətləri üçün üç prinsip açıqladı: sülhə dəyər verilməli, sabitliyə üstünlük verilməli və etimad qorunmalıdır, başqa sözlə Pekin Vaşinqtona sülh, sabitlik, etimad üzərində münasibtələrin davam etdirilməsini təklif edir.
Ağ Ev Cozef Baydenlə Si Cinpin arasındakı danışığı “səmimi və konstruktiv” adlandırıb. İki ölkə liderləri narkotiklərlə mübarizədə əməkdaşlığı, hərbi əlaqələri, süni intellektə dair risklər üzrə danışıqları, eləcə də iqlim dəyişikliyi ilə mübarizə və ictimai diplomatiya sahəsində səyləri müzakirə ediblər.
Yeri gəlmişkən 2024-cü ilin ilk iki ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 9,3 faiz artaraq 37 milyard dollar təşkil edib. Tərəflər bu il ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı hədəfləyib.
Böyük güclər arasında ziddiyyət qlobal səviyyədə hər ölkəyə iqtisadi tutumuna görə ziyan vurur. Onlar adətən müxtəlif münaqişəli məsələlərdə birbaşa deyil, proksi qüvvələrlə iştirak edirlər. Ancaq bu dəfə beynəlxalq müstəvidə fərqli vəziyyət yaranıb. İndi bu güclərdən biri, Rusiya Ukrayna ilə müharibədə birbaşa iştirak edir və tərəfdir.
Ona görə güclər arasında münasibət fərqli səhnə yaradıb. ABŞ, Böyük Britaniya və onların müttəfiqləri bir tərəfdə, Çin isə başqa bir tərəfə meylli vəziyyətdədir. Bu düzülüşdə tarazlığı Pekinin davranışı dəyişə bilər. Onun ABŞ ilə eyni platformada çıxış etməsi Rusiyanın böhranına səbəb olar. Pekin isə bu addımı atmır. Hesab edilir ki, belə bir hal gələcəkdə onun da vəziyyətinə problem yarada bilər. Başqa sözlə Çin Rusiyaya meylli olmaqla həm də özünü gələcək xoşagəlməz hadisələrdən qoruyur. RF onun üçün müəyyən mənada Qərbin qarşısında qalxanı da xatırladır. Sergey Lavrovun Pekin səfəri həm də bu əməkdaşlığın davam etdirilməsi üçün Qərbə ismarış xarakteri daşıyır. Məsələyə başqa yöndən yanaşsaq Çini Rusiyanın indiki vəziyyəti də qane edir. Çünki rəsmi Pekinin başlıca hədəfi 2 milyarda yaxın insanın gündəlik tələbatını ödəməkdir.
Report.az
Paylaş: