ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə Müstəqillik Günü ilə bağlı göndərdiyi məktub diqqət çəkib. Belə ki, o, ABŞ-ın noyabrda Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışladığını bildirib.
Sitat: “Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – məktubda qeyd olunur.
Sual oluna bilər: ABŞ COP29 tədbirinin Azərbaycanda keçirilməsində niyə bu qədər maraqlıdır? Azərbaycan ondan umulan uğurları reallaşdıra biləcəkmi?
Nəzərə alsaq ki, ötən il bu təbir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdi və neft istehsalı ilə məşğul olan ölkənin dünyada karbon qazının istifadəsinin azaldılmasını hədəfləyən beynəlxalq konfrans təşkil etməsi ciddi tənqidlərə məruz qalmışdı. Azərbaycan da neft və qaz ölkəsidir.
Bəs eyni tənqidlərlə üzləşmək ehtimalımız varmı?
Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Azərbaycanın üzərinə götürdüyü bu öhdəliyi layiqincə yerinə yetirəcəyinə inandığını deyib:
“Burada ortaya əlavə söz-söhbət çıxmayacaq. BƏƏ ilə bizi müqayisələndirmək olmaz. BƏƏ bütün ümidlərini böyük neft və qaz ehtiyatlarına bağlayıb. Üstəlik, COP-28 tədbirlərində iştirak etmək üçün bu ölkəyə gələn bəzi fiziki və hüquqi şəxslərlə neft və qaz alış-verişi müqaviləsi bağlanmışdı. Bu isə həqiqətən də COP tədbirlərinin ruhuna ziddir. Azərbaycan isə nefti və qazı getdikcə tükənən ölkədir. Ümidini də artıq bu təbii sərvətlərinə bağlamayıb. Əksinə, alternativ və “yaşıl enerji” hədəflərini qarşıya qoyub və bu istiqamətdə müəyyən addımlar atıb. İşğaldan azad olunmuş ərazilərdə günəş və külək enerjisi santralları tikilib, bu enerjinin hasilatı ilə məşğul olan beynəlxalq şirkətlərlə mühüm müqavilələr imzalanıb”.
Azərbaycan təbiətinin, relyef xüsusiyyətlərinin də alternativ enerji hasilatı üçün əlverişli olduğunu deyən Heydər Oğuz karbohidrogen ehtiyatları getdikcə azalan ölkəmizin yeni mərhələdə ümidini yaşıl enerjiyə bağlamasının təsadüfi olmadığını vurğulayıb:
“Məlum olduğu kimi, külək əsasən yüksək atmosfer kütləsi ilə aşağı atmosfer kütləsinin bir-birinə təsirləri nəticəsində meydana gəlir. İsti hava kütləsinin yuxarıya yüksəlməsi, soyuq hava kütləsinin aşağı enməsi nəticəsində yaranan proses küləyə səbəb olur. Azərbaycan ərazisinin 60 faizinin dağlıq, 40 faizinin arandan ibarət olduğunu nəzərə alsaq görərik ki, ölkəmizdə vaxtaşırı küləklərin yaranması üçün münbit şərait var. Üstəlik, Azərbaycan 44 və 52 dərəcə şərq uzunluq dairəsində yer alır və bu dairə təlatümlü bölgə kimi tanınır. Ən əsası isə ölkəmiz şimaldan sanki Böyük Qafqaz dağ silsiləsi ilə “çəpərlənib”. Bu da şimalımızda meydana gələn küləklərin Böyük Qafqaz silsiləsində toplanaraq, daha sürətli şəkildə Abşeron yarımadasına daxil olur. Qısası, ölkəmiz külək enerjisinin hasilatı üçün ən əlverişli coğrafiya sayılır”.
Azərbaycanın bu potensialı ilə beynəlxalq qurumların da diqqətini cəlb etdiyini bildirən Heydər Oğuz Qlobal Külək Enerjisi Şurasının hazırladığı 2022-ci raportuna əsasən, ölkəmizin “ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkə olduğunu xatırladıb:
“Ümumilikdə Azərbaycanın hardasa 300 qiqavat gücündə külək enerjisinə malik olduğu bildirilir. Ermənistanda bu göstərici 3, Gürcüstanda isə 21 qiqavatdır. Bunun 157 qiqavatı dəniz sahəsinə aiddir, təxminən 135 qiqavatlıq külək enerjisi isə quru sahəsindədir. Bir sözlə, neft və qazından tədricən ümidləri kəsilən Azərbaycan alternativ enerji mənbələri axtarmağa məcburdur. Noyabrda keçirilməsi nəzərdə tutulan COP-29 zirvəsi Azərbaycana öz planlarını dünyaya yaymaq imkanları verəcək”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: