Xəbər lenti

“Ukraynalılar 10-12 trilyon dollar dəyərində minerallar üzərində oturublar. Onlar Avropanın ən zəngin ölkəsi ola bilərlər. Mən bu pulu və aktivləri Çinə vermək istəmirəm. İndi Ukraynaya kömək edin. Onlar bizim xəyal edə biləcəyimiz ən yaxşı iş ortağı ola bilərlər”, – ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem “CBS News” telekanalına müsahibəsində deyib.

Senator Ukraynanın bu təbii sərvətləri ilə sanki qızıl yatağı üzərində oturuduğunu vurğulayıb və onu əldən buraxmağın mümkünsüzlüyünə diqqət çəkib. Onun fikrincə, bu böyük “xəzinə”ni Rusiyaya və Çinə buraxmamaq üçün Qərb dövlətləri Ukraynanı hər cür silahla təchiz etməlidir.

ABŞ senatoru bu fikirləri ilə nə demək istəyir? 

Onun sözündən belə çıxmır ki, ABŞ-ın Ukraynaya hərbi dəstəyi əslində “un davası”ndan başqa bir şey deyil? 

Hər gün minlərlə insanın qətlə yetirildiyi bu müharibə ukraynalılara, ABŞ və ya Rusiyaya nə qazandıracaq?

Globalinfo.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz ABŞ senatorunun əslində haqlı olduğunu düşünür.

Onun fikrincə, dünya var olandan bəri xüsusilə də 20-ci əsrin ilk illərindən indiyədək davam edən böyük dünya müharibələrinin böyük əksəriyyəti sərvətlərə və yollara sahiblənmək uğrunda gedib:

“Ukraynanın bu qədər böyük təbii sərvətlərə malik olduğu çoxdan bəlli idi. Maraqlıdır ki, 2021-ci ildə Kiyev bu sərvətlərini istismar etmək qərarına gəlmiş və bəzi xarici şirkətlərlə danışıqlara başlamışdı. Ukraynanın Dövlət Geologiya və Yer təki Xidmətinin rəhbəri Roman Opimax və “UkraineInvest” ofisinin icraçı direktoru Sergey Tsivkaç 2021-ci ilin yanvar ayında keçirdikləri birgə mətbuat konfransında ölkənin böyük nadir torpaq ehtiyatlarına malik olduğunu açıqlamışdılar. Qeyd etmişdilər ki, Ukraynanın bu təbii sərvətlərinin istismarı üçün 10 milyard dollara ehtiyacı var. Ardınca da Yaponiyanın, ABŞ-ın, Kanadanın bir sıra şirkətləri ilə müvafiq müqavilələr imzalanmışdı. Üzərindən cəmi 1 il keçəndən sonra Rusiya-Ukrayna savaşı başladı və 3 ildir ki, davam edir”.

“Nadir torpaq nümunələri və ya kritik minerallar” termininə aydınlıq gətirən Heydər Oğuzun bildirib ki, bu metallar əsasən elektriklə işləyən avtomobillərdə, alternativ enerji mənbəyinin istehsalı üçün nəzərdə tutulan texnologiyalarda, kosmik aparatlarda və s. kimi müasir sənaye məhsullarında istifadə olunur:

“Məsələn, külək trubinlərindən elektrik enerjisi almaq üçün onun içərisinə 200 kiloqram lityum doldurulur. Yaxud elektriklə işləyən maşınların batareyası müxtəlif kritik minerallardan düzəldilir. Müasir çağımızda yeni sənaye inqilabı yaşandığından ənənəvi enerji mənbələri – neft, təbii qaz kimi yanacaqlar öz əhəmiyyətini itirir. 2030-cu ildə bütün bəşəriyyət elektriklə işləyən avtomobillərə keçəcək. Dolayısıyla kritik mineralların əhəmiyyəti də artacaq. İddialara görə, hazırda istehsal olunan kritik mineralların 80-90 faizi Çinin payına düşür. Çin isə ABŞ-la rəqabətdədir və bu potensialından strateji silah kimi istifadə edəcək. Deyək ki, ABŞ-ın hərbi sənaye komplekslərini iflas etdirmək üçün ona bu mineralları satmaya bilər. Nəticədə Çin hərbi qüdrət baxımından da ABŞ-ı üstələyəcək. Məhz bu aqibətlə üzləşməmək üçün ABŞ yeni mənbələr tapmalıdır. Kritik metallar və ya başqa adıyla desək, nadir torpaq mineralları isə dünyanın hər yerinə eyni dərəcədə paylaşılmayıb. Hesablamalara görə, Çindən başqa Rusiya, Myanmar, Braziliya, Ukrayna, Cənubi Qafqaz və Orta Asiya həmin minerallarla zəngindir. Odur ki, bu regionlar uğrunda ya böyük savaşlar gedir, ya da gedəcək”.

H.Oğuz deyib ki, xüsusi olaraq Ukraynaya gəldikdə isə, məlumatlara görə bu ölkə unikal berilyum, zirkonyum, tantal yataqları, həmçinin fosfor kimi torpaq və metal filizləri kompleksi də daxil olmaqla əlvan və nadir torpaq metallarının əhəmiyyətli ehtiyatlarına malikdir:

“Ümumdünya Məlumat Mərkəzinin Ukrayna Milli atlasında bu barədə deyilir: “Ukrayna təsdiqlənmiş lityum ehtiyatları baxımından Avropanın ən zəngin ölkəsidir. Ölkə, həmçinin qallium, indium, tallium, qurğuşun və qalay kimi təmiz və ultra təmiz metallarla dünya bazarına çıxmaq üçün real bir fürsətə sahibdir”.

Siyasi şərhçinin fikrincə, Ukrayna məhz bu təbii sərvətləri ilə imperialist qüvvələrin döyüş poliqonuna çevrilib və uzun illər bu savaş bitməyəcək:

“Ukrayna müharibəsi yenicə başlayanda mən bu savaşın ən azı 2030-cu ilə qədər davam edəcəyini bildirmişdim. İstinad etdiyim arqumentlər də Qərbin yeni enerji mənbələrinə keçişinin məhz bu ildə tamamlanması idi. Bir çoxları bu fikri təbəssümlə qarşılayır və iddialara inanmırdılar. Amma indi ABŞ və Avropanın bir çox ölkələri hansı ildə Ukraynaya hansı silahları verəcəklərini planlaşdırırlar. Bu isə sübut edir ki, Ukraynada savaş hələ uzun illər davam edəcək”.

Zaira Akifqızı

Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 4 764          Tarix: 11-06-2024, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma