Xəbər lenti

Bu gün Azərbaycanın Laçın şəhərinin azad olunmasının 4-cü ildönümüdür. 2020-ci il Vətən müharibəsinin nəticəsi olaraq, Laçın şəhəri və eyni adlı rayon heç bir hərbi əməliyyatsız Azərbaycana qaytarıldı. Bu hadisə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və 30 ilə yaxın davam edən işğala son qoyulması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Azərbaycanın hərbi uğurlarından sonra diplomatik yollarla əldə edilmiş böyük bir nailiyyət idi. Bəyanata əsasən, Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi müvəqqəti olaraq humanitar məqsədlərlə istifadə edildi, lakin daha sonra Azərbaycanın inşa etdiyi yeni yol istifadəyə verildi.

Xalqımız bu günü bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Ərazi bütövlüymüz bərpa olunub, ölkəmizdə əmin-amanlıq hökm sürür. Ermənistanın 30 ildə Azərbaycan torpaqlarına sahiblənməsi və ərazilərini viran qoymasına 2020-ci ildə 44 günlük müharibə ilə son qoyuldu.

Bu sabitlikdən dünyanın heç də bütün xalqları nəsibini almayıb. Qanlı müharibələr yeni-yeni əraziləri əhatə edir. Dinc sakinlər ölürlər. Qurbanların və köçkünlərin sayı gündən-günə artır.

Hazırda dünyada bir neçə münaqişə ocağı mövcuddur ki, bunlar müxtəlif səbəblərdən - ərazi iddiaları, etnik və dini qarşıdurmalar, siyasi böhranlardan qaynaqlanır və regional, bəzən də qlobal sabitliyə təhlükə yaradır. Hazırda əsas münaqişə zonası Ukrayna və Rusiya sayılır. İki ölkə arasında müharibə 2014-cü ildə Krımın Rusiyanın nəzarətinə keçməsi ilə başlayıb, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə çevrilib. Səbəbi ərazi iddiaları, Ukraynanın Qərbə inteqrasiya cəhdləri, NATO genişlənməsi ilə bağlıdır. Bu müharibə nəticəsində dünyada enerji böhranı, qlobal ərzaq tədarükündə problemlər yaranıb.

Müharibənin növbəti ilin fevral ayında bitəcəyi ilə bağlı fikirlər səsləndirilsə də bu, reallığa o qədər də yaxın deyil. ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Rusiya ordusu da öz növbəsində Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketini atıb.

İsrail və Fələstin arasında da uzun müddətdir münaqişə davam edir, amma 2023-cü ilin oktyabr ayında münaqişə yenidən alovlanıb. Səbəbi isə ərazi və dini ixtilaflar, Qəzza bölgəsindəki gərginliklə bağlıdır. 8 aydan uzun bir müddətdir davam edən Fələstin-İsrail müharibəsində ən çox zərər görənlər əlbəttə sivillərdir. Bütün müharibələrdə olduğu kimi qadınlar və uşaqlar isə fərqli səbəblərdən daha çox zərər görür.

Son rəqəmlərə görə Fələstində 37000-dən çox sivil itki qeydə alınmışdır, bunların böyük bir hissəsini qadınlar və uşaqlar təşkil edir. Həyatda qalanlar isə aclıq, susuzluq kimi pronlemlərlə yanaşı hər an təhlükədə olma hissi ilə yaşamağa məcburdur.

Noyabrın 27-də İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

“Əgər bu təşkilat İsrail ərazisinə raket atarsa, Tel-Əviv atəşkəsə riayət etməyərək yenidən qonşu ölkəyə hücuma keçəcək. İsrail son bir neçə ayda “Hizbullah”ı xeyli zəiflədib, rəhbərliyini və komandirlərinin çoxunu öldürüb. “Hizbullah” bu vəziyyətdə Livanın cənubunu tərk edəcəyini bildirib. Həmin ərazidə Livan ordusu yerləşməlidir. Ancaq kim zəmanət verər ki, İran “Hizbullah”ı yenidən silahlandıraraq, təşkilatın əvvəlki gücünü qaytarmağa yardımçı olmayacaq? İsraillə “Hizbullah” 2006-cı ildə də atəşkəsə razılaşmışdılar, riayət olunmadı. Bu dəfə fərq ondan ibarətdir ki, hazırki “Hizbullah” 18 il əvvəlki “Hizbullah”dan xeyli zəifdir.

Ancaq İrandakı qüvvələr üçün bu zəifliyi aradan qaldırmaq üçün bir neçə il tələb oluna bilər. Bu halda atəşkəs yenidən pozulacaq. Bu baş verməsin deyə ABŞ və Fransa Livan ordusunu gücləndirməyə çalışacaqlar. Çünki zəifləyən “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür. Ümumiyyətlə Yaxın Şərqdəki problemlərin həlli İsrailin Fələstin dövlətini tanımasından keçir. Bu baş vermədən Yaxın Şərq barıt çəlləyi olaraq qalacaq”.

Qonşumuz Gürcüstan aylardır siyasi gərginlik və qarşıdurmaların mərkəzindədir və görünən odur ki, bu mübarizə yaxın vaxtlarda sona çatmayacaq.

Ölkədə hakimiyyətin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını gündəmdən çıxarmaq qərarına qarşı etirazlar dördüncü gündür davam edir. Gürcüstan parlamentinin qarşısında ötən gecə baş tutan aksiya zamanı etirazçılar pirotexniki vasitələrdən istifadə edib, müxtəlif obyektləri yandırıblar. İştirakçılar parlament binasına daş atıb, müşahidə kameralarını zədələyiblər.

Aksiya zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı və bir neçə televiziya şirkətinin əməkdaşı yaralanıb. Polisin fəaliyyəti zamanı aksiya iştirakçıları müxtəlif yüngül xəsarətlər alıblar.

Gecə xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və nümayişçilərin həbsləri başlayıb. Baş nazir İrakli Kobaxidze 14 dekabrda prezident seçkilərinin keçiriləcəyini elan edərək, bu seçkilərin ölkədəki siyasi qarşıdurmanı həll edəcəyinə ümid etdiyini bildirib. Lakin hazırkı prezident Salome Zurabişvili bu plana qarşı çıxıb və yeni prezidentə səlahiyyətlərini təhvil verməkdən imtina edəcəyini bəyan edib. Zurabişvili ölkədə legitim parlament olmadığını irəli sürərək, seçkilərin nəticələrini tanımayacağını dolayısı ilə ifadə edib.

Siyasi mütəxəssislər bildirirlər ki, bu qarşıdurma prezident seçkiləri ilə məhdudlaşmayacaq. Çünki tərəflər arasında qarşılıqlı etimadsızlıq dərinləşib və bu, ölkənin gələcəkdə daha böyük siyasi böhranlarla üzləşə biləcəyini göstərir. Gürcüstanın indiki vəziyyəti həm daxili, həm də beynəlxalq müstəvidə narahatlıq doğurur.

Qanlı savaşın başladığı Suriyada vəziyyət kritik həddə çatıb. Üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatına başlayıb. Əsəd rejiminə qarşı olan müxalif qüvvələr Hələb qalası da daxil olmaqla, bir çox strateji məntəqələrdə “Azad Suriya Ordusu”nun bayrağını ucaldıblar. Hələb şəhərində prezidentin iqamətgahı ələ keçirib. "Heyət Təhrir əş-Şam" (HTŞ) Əsəd rejiminə qarşı başlatdığı hücumları davam etdirir. Döyüşlərdə 50-yə yaxın mülki şəxs də daxil olmaqla, 350 nəfərin öldüyü bildirilir.

Rusiya və Suriya təyyarələri İdlib şəhərini və vilayətin tamamilə terrorçuların nəzarəti altına düşən digər şəhərlərini də bombalayıb. Bildirilir ki, Rusiyanın İdlibi bombalanmasından sonra böyük insan kütləsi Türkiyə ilə sərhədə doğru hərəkət edir.

Çin və Tayvan arasında gərginlik də uzun illərdir davam edir. Lakin son illərdə bu gərginlik daha da artıb. Səbəbi isə Çinin Tayvanı öz ərazisi hesab etməsidir. Tayvan isə müstəqilliyini qorumağa çalışır. Bu münaqişə ABŞ-la Çin arasında hərbi qarşıdurma riski yaradır.

Afrikadakı terror qruplarının fəaliyyəti Mali, Somali, Burkina Faso, Nigeriya və başqa ölkələrdə artıb. İŞİD, "Əl-Qaidə" və digər terror qruplarının fəaliyyəti hazırda sabitliyin pozulmasına, iqtisadi geriliyin artmasına səbəb olub.

Daha bir münaqişə ocaqlarından biri Yəməndir ki, burada da vətəndaş müharibəsi 2014-cü ildə Husi qiyamçıları hökumətə qarşı çıxış etdikdən sonra başlayıb. Səbəbi hakimiyyət uğrunda mübarizə və İran-Səudiyyə Ərəbistanı arasında vasitəçi münaqişədir. Bu ərazi dünyanın ən ağır humanitar böhranlarından biri sayılır.

Göründüyü kimi, dünyada baş verən bu münaqişələr bir çox ölkələrə birbaşa və ya dolayı yolla təsir edir və beynəlxalq təhlükəsizlik üçün ciddi çağırışlar yaradır.

Şahanə Rəhimli,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 790          Tarix: 1-12-2024, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma