Xəbər lenti

"O da prinsipcə, Kissincerlə eyni mövqedən çıxış edərək Rusiya ilə yaxınlaşmaq və ABŞ-ın dünya hegemoniyasını təhdid edən Çinlə mübarizəyə yönəlməyə çalışır...”

“Tramp hakimiyyətinin Kissincerlə mahiyyət etibarilə eyni siyasət yürütməsi onun da arxasında “dərin dövlət”in dayandığı qənaətini yaradır”.

Bəzi şərhçilər Trampın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son məntiqsiz və ədalətsiz gedişlərini Amerikanın məşhur dövlət xadimi və diplomatı Henri Kissincerin xüsusən guya Çinin bloklanmasına yönəlik bir planının tərkib hissəsi olduğunu iddia edirlər. Görəsən, burada gerçək payı varmı?..


Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın Rusiya və Çinlə bağlı siyasətində Henri Kissincerin izlərinin olduğu fikriylə razılaşdığını bildirib.

Onun fikrincə, 1970-ci illərdə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynayan Kissincerin fikirləri ilə Donald Trampın dəsti-xətti arasında bənzər və fərqli məqamlar var:  

“Başlıca fərq ondan ibarətdir ki, Kissincer daha çox Çinlə münasibətlərin normallaşdırılmasında maraqlı idi. Ondan fərqli olaraq Donald Tramp isə daha çox Rusiya ilə əlaqələrə ciddi önəm verir. Buna baxmayaraq, hər iki şəxsin xarici siyasət kursunda söykəndikləri əsas fəlsəfə eynidir: Rusiya ilə Çinin birləşməsinə imkan verməmək, mümkün olduğu qədər onları bir-birindən ayırmaq. Ukrayna-Rusiya müharibəsi ortaya çıxarkən Kissincer müxtəlif media orqanlarına verdiyi müsahibələrdə bu tezisi açıq şəkildə irəli sürmüş və hətta bu səbəbdən rəsmi Kiyevi Moskvaya güzəştə getməyə çağırmışdı. 2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenskinin tənqidi ilə üzləşən bu təklifini Kissincer “Financial Times” qəzetinə verdiyi müsahibədə belə əsaslandırırdı: “İki düşməniniz varsa, onlara tamamilə eyni davranmağın ağılsızlıq olacağını düşünurəm".  O həmin müsahibəsində özünün 1970-ci illərdə yürütdüyü siyasəti xatırladaraq qeyd edirdi: “Keçmiş Sovet İttifaqının prezidenti Leonid Brejnev Çin və ABŞ-ın bir araya gələ biləcəyini təsəvvür edə bilməzdi. Lakin Mao, bütün ideoloji düşmənçiliyinə baxmayaraq, Rusiya ilə indiki formada Çin arasında mövcud olan xüsusi maraqlarla bağlı bütün danışıqlara başlamağa hazır idi... Biz Avropa ilə münasibətlərimizdə və daxili müzakirələrimizdə də iki düşməni bir-birinə daha çox yaxınlaşdıracaq düşmən münasibət bəsləməməyi ağılsızlıq olaraq qəbul edirik”. Kissincer həmçinin bildirirdi ki, bu, Rusiya və ya Çinin Qərblə yaxın dostluğu anlamına gəlmir: "Bu, sadəcə olaraq o deməkdir ki, biz müəyyən problemlər yarandıqca fərqli yanaşma variantını açıq buraxırıq. Biz gələcəkdə Rusiya və Çinin bir araya gəlməsinin qarşısını almalıyıq".

Bu  mövqedən çıxış edən Kissincer hesab edirdi ki, Qərb ölkələri iki düşmənlə eyni anda savaşmağa hazır deyil və bu səbəbdən də öz böyük düşmənlərini öz əliylə yaratmaqdan çəkinməlidir. Kissincer Rusiyanın Ukraynaya hücumunun əsl səbəbini belə izah edirdi: “Putin özünü alçaldılmış və təhlükə qarşısında hiss edirdi, çünki Rusiya həqiqətən bütün ətraf regionların NATO-ya qoşulması təhlükəsi ilə üz-üzə idi. Təbii ki, bu, Ukrayna savaşını başlatmaq üçün bəhanə ola bilməzdi. Onun beynəlxalq ictimaiyyət tərəfindən tanınan bir dövləti ələ keçirmək səviyyəsində hücuma keçəcəyini gözləmirdim. Putin beynəlxalq aləmdə üzləşəcəyi vəziyyəti səhv qiymətləndirdi. Aydındır ki, Rusiya belə genişmiqyaslı əməliyyatı davam etdirmək imkanlarını səhv təhlil etmişdi”.

Heydər Oğuzun fikrincə, Donald Tramp da prinsipcə, eyni mövqedən çıxış edərək Rusiya ilə yaxınlaşmaq və ABŞ-ın dünya hegemoniyasını təhdid edən Çinlə mübarizəyə yönəlməyə çalışır: “Bu baxımdan, forma olaraq Kissincerdən fərqli yönə istiqamətlənsə də, Donald Trampın Rusiya və Çinlə bağlı siyasəti məzmun etibarilə eyni məqsədə xidmət edir: Çinlə Rusiyanın eyni məqsəd ətrafında bir araya gəlməsini əngəlləmək”. 

Donald Trampın Rusiya və Çinlə bağlı siyasətinin öz ağlının məhsulu olmadığına inanan siyasi şərhçi bunun ABŞ dərin dövlətinin layihəsindən qaynaqlandığını düşünür:  

“Bu gün təkcə ABŞ-da deyil, demək olar ki, dünyanın bir çox coğrafiyalarında qlobal güclər arasında ağır müharibələr gedir. Ukraynada bu müharibə qanlı şəkildə yürüdülür. Dünyanın digər ölkələri arasında isə müharibə daha çox ticarət savaşları şəklində davam edir. Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra başlatdığı ticarət müharibəsi ilə Ukrayna savaşı əslində eyni mübarizənin fərqli elementləridir. Başqa sözlə desək, əslində bütün planetimizdə III Dünya müharibəsi gedir. Sadəcə hibrid müharibə formasında. Bu hibrid müharibənin bir isti və ya qanlı tərəfi, bir də iqtisadi tərəfi var...” 

Siyasi şərhçinin fikrincə, bu müharibənin iştirakçıları da əslində fərqli qüvvələrdir: 

“Daha aydın ifadə ilə desək, III Dünya müharibəsinin bir zahiri, bir də batini iştirakçıları mövcuddur. Yəni ilk baxışdan Ukraynada bu ölkə ilə Rusiya savaşır. Əslində isə savaşan onlar deyil. Onlar sadəcə zahiri iştirakçılardır. Əsl iştirakçılar isə beynəlxalq qlobalistlərlə milliyyətçilərdir. Onların arxasında dayanan güclər isə ingilis sərmayəsi ilə ABŞ sənayeçiləridir. İngilis sərmayədarlarına Rötşild ailəsi başçılıq edir. ABŞ sənayeçiləri isə əsasən Rokfeller ailəsinin nəzarəti altındadır. ABŞ prezidenti Donald Tramp da, ömrünün sonuna qədər ABŞ dərin dövlətinin düşünən beyni olan Kissincer də Rokfeller ailəsinə bağlıdır. Bunu Kissincerin tərcümeyi-halına baxanda da dəqiqləşdirmək olar. Alman yəhudisi olaraq dünyaya gələn Kissincer ailəsi ilə birlikdə Hitlerin zülmündən qaçıb ABŞ-a sığınandan sonra Nilson Rokfellerin maliyyə yardımı ilə Harvard universitetində təhsil almış və orada çalışmağa başlamışdı. Daha sonra ilk həyat yoldaşı, iki uşağının anası Ann Fleyşerdən boşanaraq Nelson Rokfellerin köməkçisi Nensi Maginneslə ailə həyatı qurmuşdi. Onu Rokfeller ailəsi ilə bağlayan başqa məqamlar da var. 1969-1975-ci illərdə Nelson Rokfellerin zəmanəti ilə ABŞ-ın 2 prezidenti Nikson və Fordun zamanında Ağ evdə Milli Təhlükəsizlik və Dövlət Departamentinin katibi kimi mühüm vəzifələrdə işləmişdir. 1974-77-ci illərdə Gerald Fordun prezidentliyi dövrdə Dövlət Departamentinin katibi olarkən himayədarı Nelson Rokfeller də bu administrasiyanın vitse-prezidenti idi və onun ABŞ prezidenti qədər səlahiyyəti vardı. Bir sözlə Kissincer öz himayədarının tam nəzarəti altında fəaliyyət göstərirdi. Donald Trampın da hazırda ABŞ karbohidrogen sənayesi və texnologiya sektorunun himayəsində olduğu şübhə doğurmur. Onun həyata keçirdiyi bütün siyasətlər də məhz bu qrupların mənafeyinə qulluq edir. Rokfeller ailəsinin “Standard Oil Company” şirkətinin qurucusu olduğunu, ABŞ-ın dəmir yolu və texnologiya sektoruna birbaşa nəzarət etdiyini nəzərə alsaq, Trampın bu siyasəti kimliyi və siyasi təmayülü barəsində kifayət qədər ipucları verir”.

Heydər Oğuzun iddialarına görə, Kissincer iki ABŞ prezidentin administrasiyasında önəmli postlar tutmaqla birlikdə 12 prezidentə də müşavirlik edib:  

“Məhz bu səbəbdən onu ABŞ “dərin dövləti”nin ən aparıcı şəxsi adlandırırlar. Bütün bunları nəzərə alanda Tramp hakimiyyətinin Kissincerlə mahiyyət etibarilə eyni siyasət yürütməsi onun da arxasında “dərin dövlət”in dayandığı qənaətini yaradır”.




Ana səhifəyə qayıt        Baxış: 5 644          Tarix: 21-04-2025, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma