Xəbər lenti

 
Rusiya Türk təhdidinə necə cavab verəcək?
 
“Ukraynanın ardınca Rusiyanın daha bir qonşusu, Türkiyədən "Bayraktar" pilotsuz təyyarələrini almaq qərarına gəlib. İlk pilotsuz uçan aparatı Polşa 1 il sonra alacaq. ABŞ-ın qanadı altında olan Polşaya türk PUA-sı niyə lazımdır və bu hava vasitələri Rusiyaya hansı təhlükə yaradır?”
 
Ovqat.com xəbər verir ki, Rusiyanın “Vzglyad” qəzeti “Rusiya Polşadan Kalinqrada yönələn türk təhdidinə necə cavab verəcək? bu suala cavab axtarıb.
 
Haşiyə

Bəri başdan qeyd edək ki, “Vzglyad”ın bu araşdırma yazısında Türk “Bayraktar”ları Rusiyanın hələ istehsalını planlaşdırdığı xəyalı “Orion”ları ilə müqayisə olunur və təbii olaraq üstünlük öz “turş olmayan ayranlarına” verilir. Bununla belə, öz imkanlarına rəqib gözüylə baxmağın işin xeyrinə olduğunu düşünür və kiçik ixtisarla yazının tərcüməsini təqdim edirik. Üstəlik, bu yazıda Azərbaycan ordusunun 44 günlük savaşda sərgilədiyi hərbi texniki üstünlüyün Rusiyanı yeni kəşflərə sövq etdiyi də açıq-aşkar etiraf olunur.
 
Nəşr yazır: 
 
“Polşa NATO-nun ilk üzvüdür ki, Türkiyənin Bayraktar TB2 ("Bayraktar") pilotsuz uçuş aparatları alacaq və onları tank əleyhinə raketlərlə təchiz edəcək. Dronların ilk partiyası (24 ədəd) artıq bir ildən sonra Polşaya gətiriləcək, sövdələşmə 2022-ci ildə mayın 24-də Polşa Prezidenti Andjey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq”.
 
Nəşrin iddiasına görə, Varşava, Dağlıq Qarabağdakı son hərbi münaqişə zamanı "Bayraktar"ın necə səmərəli fəaliyyət göstərdiyindın ilhamlanaraq buna qərar verib: “Onların (“Bayraktar”ların – Ovqat.com) sayəsində Azərbaycan Ermənistanla mübarizədə qalib gələ bilmişdi. Azərbaycanın pilotsuz təyyarələrinin Dağlıq Qarabağdakı erməni hədəflərinə endirdiyi video görüntülər dünyaya yayılmışdı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bu videolar köhnə silahlarla mübarizədə yeni nəsil hərbi alətlərin tətbiqinin rəmzinə çevrilmişdi.


 
Apreldə məlum olmuşdu ki, Ukrayna "Bayraktar" dronlarını Türkiyədən almaq niyyətindədir. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni Kiyevin militarist əhval-ruhiyyəsinin artırılmasından çəkindirmişdi. İndi bu silahı Rusiya ilə həmsərhəd və son dərəcədə rusofob olan ikinci ölkə alır.
 
Əslində, bu, Polşanın aldığı ilk silahlı dron da deyil. “2018-ci ildən amerikan PUA-sı “MQ-9 Reaper”lər burada yerləşdirilib. Sonra amerikan pilotsuz təyyarələr Rumıniyaya köçürüldü, lakin bu, demək olar ki, Miroslavets hərbi bazasının yenidən qurulması başa çatana qədər müvəqqəti bir tədbirdir. Polşa Silahlı Qüvvələrinin növ baxımından buna bənzər və ya yaxın sistemləri yox idi. Belə hərbi sistenlər nə ölkə daxilində istehsal olunurdu, nə xaricdən alınırdı. Polşa hərbçiləri bu çatışmazlığı indi kompensasiya etməyə çalışırlar",-deyə pilotsuz aviasiya sahəsində aparıcı rusiyalı ekspert, UAV.ru internet portalının baş redaktoru, Denis Fedutinov “Vzglyad”a açıqlamasında bildirib.
 
“Bayraktar” TB2 nədir? 
 
“Bayraktar” TB2 - 150 km hərəkət radiusu, 130 km/saat kreyser sürəti (nəqliyyat vasitəsinin uzun müddətli maksimum hərəkət sürəti – Ovqat.com) və 50 kq-a qədər faydalı yük ilə zərbəyə davamlı pilotsuz uçan aparatdır. 
 
Onun gücü nədədir
 
Zərbəçi pilotsuz təyyarələr müharibənin gedişini sürətləndirir və ucuzlaşdırırlar. Çünki dronlar əvvəl "atılır", sonra hədəf axtarılır. Əslində, indi hər hansı bir zabit pilotsuz uçan aparatın köməyi ilə kəşfiyyat apara və dərhal hədəfi məhv edə bilər – Bundan daha sürətli nə ola bilər?


 
Rusiyada bu işi Mi-28 hərbi vertolyotu iki pilotla həyata keçirir. Amma onu vurduqda, itkilər də artır – həm maddi olaraq, həm də insan həyatında. Pilotsuz uçan aparatları isə daha ucuzdur və heç bir insan itkisi də yoxdur. Vurulduqdan sonra havaya dərhal yeni dron qaldırıla bilər.
 
Nəhayət, PUA-lara zərbə endirmək daha çətindir, axı o kiçikdir, az səs-küy salır və radiolokatorlarla onu tutmaq çətindir. Və hədəfi tapmaq sahəsində döyüş vertolyotlarından daha bacarıqsız deyil.
 
Polşanın hədəfləri
 
Rusiyanın NATO qonşusu “Bayraktar 24” PUA-larını almaqla nəyi hədəfləyir? Onlar Rusiya və müttəfiqi Belarusun təhlükəsizliyinə nə dərəcədə ciddi təhlükə yaradır? 
 
Fedutinovun fikrincə, polyakların bu satınalması regionda qüvvələr nisbətinə, çətin ki, əhəmiyyətli təsir göstərsin, çünki bu cür pilotsuz uçuş aparatları, bir qayda olaraq, texniki təchizatda daha zəif olan rəqibə qarşı geniş şəkildə tətbiq olunur. Rusiya isə zəif bənd deyil. Rusiyanın malik olduğu müasir HHM vasitələri Türkiyənin "Bayraktarları"nın öhdəsindən asanlıqla gələ bilər. Onlar Kalininqradın müdafiə çəmbərini də keçə bilməzlər. Buna görə də Fedutinov əmindir ki, bilavasitə Polşada yerləşən bu sistemlər hərbi sistemdən daha çox siyasi funksiya daşıyacaq.


 
Türklər, əlbəttə ki, öz pilotsuz uçan aparatları qarşısında Rusiya HHM vasitələrinin acizliyindən danışırlar. Lakin bu cür bəyanatlar daha çox reklam xarakteri daşıyır və mənzərənin real vəziyyətini qərəzsiz əks etdirmir. "Aydındır ki, pilotsuz uçuş sisteminin inkişafetdiriciləri potensial rəqibin müqavimət sistemlərini nəzərə almaqla təklif etdikləri sistemlərin canlılığını artırmağa çalışırlar. Eyni zamanda, pilotsuz uçan aparatlarla mübarizə üçün istifadə olunan HHM və REB sistemlərinin yaradıcıları da dəyişən təhdidlərə reaksiya verərək texniki həll yollarını təkmilləşdirirlər. Qılınc və qalxan yaradıcılarının bu mübarizəsi daimi xarakter daşıyır", – Fedutinov belə düşünür.
 
Hərbi məqsədlə, Türkiyə dronları Polşa Silahlı Qüvvələri tərəfindən daha çox NATO-nun xaricdəki koalisiya əməliyyatlarında iştirak etmək üçün istifadə olunacaq. "Bu, Varşavaya öz tərəfdaşlarına loyallığı təsdiq etməyə, həmçinin onlar üçün yeni sistemlərin tətbiqi üzrə öz təcrübəsini işə salmağa imkan verəcək", – deyə pilotsuz aviasiya sahəsində Rusiyanın aparıcı eksperti bildirir.
 
Əlbəttə, Rusiya ordusuna da bu cür silahlar lazımdır. Məhz buna görə də artıq noyabr ayında ölkədə ilk dəfə olaraq Rusiya Kosmik Qüvvələri öz ehtiyaclarını qarşılamaq üçün silahlı pilotsuz uçan aparatların serial istehsalını genişləndirməyi planlaşdırılır.
 
Rusiyanın PUA zavodu, “Dubna Şirkətlər Qrupu" tərəfindən Moskva ətrafındakı “Kronstadt” elmi şəhərciyində 4 milyard rubla tikiləcək. Bizim "Orion-e" dronu (ixracat adı) və ya "İnoxodets” (Rusiya ordusundakı adı) xüsusiyyətinə görə türklərin "Bayraktarları"na oxşar olacaq (Boynuna al, İvan, təqlid edirsənsə, deməli zəifsən – Ovqat.com). "İnoxodets" arsenalında sərbəst hərəkət edən, özünü tənzimləyən və idarə olunan aviabombalar, həmçinin X-50 tipli idarəolunan aviasiya raketi ola bilər.


 
Rusiya artıq 2019-cu ilin dekabrında Suriyada keçirilən sınaqlarda “Orion"lardan istifadə edib. Məlumata görə, Suriyada 38 uçuş reallaşdırılıb, onlardan 17-si yaraqlıların mövqe və obyektləri, 20-si kəşfiyyat və biri isə "başqa məqsədlər üçün" həyata keçirilib.
 
Hərbi mütəxəssis Aleksey Leonkov isə Rusiyanın daha təsirli və cəlbedici bir vasitə yaradacağına və bununla da Türk “Bayraktar”ından daha çox müştəri cəlb edəcəyinə inanır. Onun mülahizələrinə görə, "Orion"un "Bayraktar"a nisbətən açıq üstünlüyü var. ““Orion”lar uçuş zamanı təkcə ön dayaqlarını deyil, bütün eniş mexanizmlərini içəriyə çəkə bilir, bu da Türk pilotsuz təyyarəsini radara yaxalanmaq baxımından daha həssas vəziyyətə salır”, - Leonkov belə deyib.
 
Ekspert Türk İHA-nın bütövlükdə texnoloji cəhətdən təchiz olunmamış bir düşmənlə toqquşmada belə, xeyli “həssas” olduğunu iddia edir. "Mütəxəssislər təkcə 47 Türk pilotsuz təyyarəsinin Liviyada, təxminən 11-nin Suriyada, daha bir neçəsinin isə Dağlıq Qarabağda vurulduğunu hesablayıblar", - Leonkov vurğulayıb”.
 
Hazırladı: Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 662          Tarix: 24-05-2021, 07:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma