Xəbər lenti

 Sabiq bankir Cahangir Hacıyev və onunla birlikdə həbs edilən şəxslər barələrindəki hökmdən verdikləri apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, onların Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri 12 vəsatətlə çıxış ediblər.

Ancaq hakim bildirib ki, məhkəməyə təqdim edilən vəsatətlər müvafiq sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və başqa məsələlərlə bağlıdır. Bu məsələlər də məhkəmə istintaqında həll olunası məsələlərdir.

"Biz isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişik. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Buna görə də vəsatətlərin heç biri təmin olunmur"- deyə hakim bildirib.

Sonra hakim çıxış üçün təsdirləndirilən şəxslərin vəkillərinə söz verib.

Təqsirləndirilən şəxslərdən Azad Cavadovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamları qəbul etmir:

"Azad Cavadovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını da qanunsuz və əassız hesab edirik. Eyni ittihamla Azad Cavadov bundan əvvəl də məhkum olunub. Bir əmələ görə iki dəfə cəzalandırılmaq yolverilməzdir. Azad Cavadovun yaxın qohumlarının adına bankdan kreditlər rəsmiləşib, amma o vəsaitlər götürülməyib, bankın özünə qaytarılıb".

Vəkil Azad Cavadova verilmiş qanunsuz silah saxlama ittihamına münasibət bildirərkən deyib ki, həmin silahın müvəkkilinə aidiyyatı yoxdur:

"Silahın tapıldığı iddia olunan axtarışdan əvvəl də o evdə axtarış aparıb, qapını möhürləmişdilər. Azad Cavadov qapısı möhürlü evə silahı necə qoyub? Guya o silahın ancaq tətiyində Azad Cavadovun barmaq izləri var. Əgər silahı balışın altına Azad Cavadov qoyubsa, necə olub ki, tətikdən başqa hissədə onun əl izləri qalmayıb".

Azad Cavadovun evində aparılan axtarış zamanı evə buraxılmadıqlarını deyən vəkil ittihamları qəbul etmədiklərini söyləyib.

Prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev də çıxış edib.

Vəsatətlərin heç birinin təmin olunmamasından təəssüfləndiyini deyən vəkil bildirib ki, C.Hacıyevə qarşı ittihamları sübut edən heç bir dəlil yoxdur.

Vəkil bildirib ki, ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsidir: "Yəni, şəxsin üzərində təqsirsiz olduğunu sübut eləmək vəzifəsi yoxdur. İttiham tərəfi də bunu sübut edə bilmir. Amma biz təqsirsizliyi sübut etməkdə israrlıyıq. Bunu da ancaq vəsatətlər vasitəsilə etmək mümkündür. Ona görə də bizim yeni vəsatətlərimiz olacaq. Buna görə də məhkəmədən vaxt istəyirik".

Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov da vəsatətlərin heç birinin təmin olunmamasına narazılığını bildirib.

Vəkil bildirib ki, prokuror bir cümlə ilə 12 vəsatətin hamısına etiraz etməsi düzgün deyil: "Əminəm ki, 12 vəsatətin birini də oxumayıb. Hakim deyir ki, onlar ilkin baxışda verilmiş vəsatətlər idi. Xeyr, belə deyil. Onların arasında bizim 5 yeni vəsatətimiz var".

Hakim vəkil A. Layıcovun çıxışını yarımçıq dayandırıb.

Digər vəkillərə çıxış üçün söz verilsə də, onlar məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə prosesi mayın 11-nə təyin edilib.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, C.Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İ.Muradov
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 209          Tarix: 5-05-2017, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma