Bəzi ölkələrin himayə etdiyi terror təşkilatları bu gün Çabahar Azad İqtisadi Zonasında terror aktı törədərək İrandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, terror aktının məhz Çabaharda törədilməsi təsadüfi xarakter daşımır. İran hökuməti bu bölgəyə külli miqdarda sərmayə yatıraraq Azad İqtisadi Zona yaradıb. Terror aktından məqsəd ondan ibarətdir ki, ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi vəziyyət də gərginləşsin. İranın sərhədyanı regionlarında xaos yaratmaqla ölkəni parçalamağa çalışanların planları baş tutmayacaq.
Bəhram Qasemi bildirib ki, terror aktı məlum mərkəzlərin əmri ilə yerinə yetirilib. Qeyd olunub ki, İrana qarşı düşmənçilik siyasəti yürüdən dövlətlər bu terror aktı ilə yenə də insanlığa qarşı cinayət törətdilər.
Hadisəyə İran İslam İnqilabı Keşikçiləri Korpusu da münasibət bildirib. General Ramazan Şərif deyib ki, İranın cavabı çox ağır olacaq. Terror aktını törədənləri və onun sifarişçilərini ağır cəza gözləyir.
Xatırladaq ki, bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan vilayətindəki Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadze avtomobili partladıb. Nəticədə 5 nəfər ölüb, 24 nəfər yaralanıb. Yaralananlar arasında qadın və uşaqlar da var.
İranın təhlükəsizlik və kəşfiyyat orqanları təhqiqatı davam etdirirlər.
Paylaş: