Xəbər lenti
Bu gün, 19:25

 

“Hər hansı bir ölkənin tədiyyə balansı pozulduqda, müəyyən şərtlərlə Beynəlxalq Valyuta Fondu (IMF) o ölkəyə maliyyə yardımını göstərir". 

Bunu “Report”a eksklüziv müsahibəsində IMF-in maliyyə ayırdığı ölkələrdə siyasi inqilablara dəstək verməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən qurumun Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

N.Tamirisa qeyd edib ki, təmsil etdiyi qurumun 3 əsas istiqamət üzrə mandatı var: “Birinci istiqaməti üzrə IMF-ə üzv olan ölkələrin rəsmi orqanları ilə biz iqtisadi və maliyyə siyasəti səpkisində dialoq aparırıq. Bu dialoqun aparılmasında məqsəd ondan ibarətdir ki, biz həmin ölkələrin iqtisadi və maliyyə sahələrində baş verən hadisələri daha yaxşı anlaya bilək. Bunun üçün biz həmin ölkələrin rəsmi orqanları və digər maraq dairələri ilə müzakirələr aparırıq. Sonda isə ölkənin rəsmi orqanlarına iqtisadi və maliyyə siyasəti ilə bağlı müvafiq məsləhətlərimizi veririk. Bizim üçün əsas məqsəd ondan ibarətdir ki, həmin ölkələrdə iqtisadiyyatın gedişatı yaxşılaşsın və eyni zamanda maliyyə sabitliyi təmin edilsin.

Mandatımızın ikinci istiqaməti üzrə hər hansı bir ölkənin tədiyyə balansı pozulduqda müəyyən şərtlərlə IMF o ölkəyə maliyyə yardımını göstərir.

Nəhayət mandatın üçüncü istiqaməti üzrə isə IMF-ə üzv olan ölkələrdə biz potensialı gücləndiririk. Bu müvafiq təlimlərin keçirilməsi və eyni zamanda texniki yardımın göstərilməsi şəklində baş tutur”.

N.Tamirisanın sözlərinə görə, Azərbaycan hökuməti ilə borclanma ilə bağlı Valyuta Fondu hər hansı bir danışıqlar aparmır: “IMF 2005-ci ildən bəri Azərbaycana kredit verməyib. Azərbaycan IMF-dən maddi yardım istəməyib və bu tip yardımlara ehtiyacı yoxdur". 

Qeyd edək ki, Azərbaycan 1992-ci il sentyabrın 18-dən IMF-ə üzv olub. 1995-2005-ci illər ərzində IMF Azərbaycandakı iqtisadi islahatlar proqramına dəstək çərçivəsində hökumətə cəmi 577,3 milyon dollar məbləğində kredit ayırmışdı. Azərbaycan hökuməti həmin kreditləri tam həcmdə qaytarıb.

IMF-nin maliyyə vəsaitlərinə 2005-ci ildən sonra ehtiyac duymayan Azərbaycan 2006-cı ildən etibarən fondun Nizamnaməsinin lV maddəsinə dair məsləhətləşmələr, makrioiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki yardım missiyaları çərçivəsində IMF ilə əməkdaşlıq edir.




Ana səhifəyə qayıt        Baxış: 294          Tarix: 25-07-2019, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma