Xəbər lenti

 

Bu il aprelin 18-də təntənəli şəkildə açılışı edilən Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki “Neftçilər parkı”nda ağacların baxımsızlıqdan quruması ilə bağlı bir neçə gündür sosial şəbəkələrdə foto və məlumatlar paylaşılır. İddia edilir ki, körpə şam ağacları vaxtlı-vaxtında suvarılmadığından quruyub.

On minlərlə sakini olan qəsəbədə cəmi iki – “Neftçilər” və uşaq parkı var. Virtualaz.org-un əməkdaşları həmin parkların vəziyyəti ilə maraqlanıblar. Məlum olub ki, səs-küylü paylaşımlardan sonra qurumuş ağaclar çıxarılıb, yaşıllığın qorunmasına nəzarət artırılıb. Lakin “Neftçilər” parkından bir neçə yüz metr aralıda yerləşən uşaq parkı baxımsızlıqdan məhv olmaq üzrədir.

“Siz qurumuş ağac göstərin”

Parkın ərazisində təmizlik işləri aparan əməkdaşlardan biri sualımıza cavab olaraq qurumuş ağacları göstərməyimizi istəyir. Deyir ki, yazılardan sonra onlara səhər tezdən axşama kimi parka nəzarət etməyi tapşırıblar. Bir neçə gündür süpürgə əllərindən düşmür.

65 ildən çox yaşı olan parkda onlarla çoxillik şam ağacı vardı, ərazi abadlaşdırılarkən yeni ağaclar da əkilib. Bir neçə ərazidə körpə şam ağaclarının kökündən çıxarıldığı hiss olunur. Müsahibimiz əlavə edir ki, ağaclar hər gün suvarılır, qurumuş budaqlar təmizlənir. Ola bilər ki, cəmi bir-iki ağac qurusun, o da susuzluqla bağlı deyil.

Parkda yeni əkilmiş ağaclar arasında qalan boş yerlər də qurumuş ağacların çıxarıldığını göstərir. Amma suvarma ilə bağlı hər hansı problem hiss olunmur, park boyu suvarma sistemlərinə rast gəlirik.

Az qala hər oturacağın yanında zibil qutuları yerləşdirilib. Təmizlik aparan işçilərdən digəri söyləyir ki, axşamlar istirahətə gələnlər çox olur, təmizliyə riayət edilməsi üçün az qalırlar hər gələnin arxasınca gəzsinlər. Xüsusilə də, tum qabıqlarının və su qablarının yerə, ağacların dibinə atılmaması üçün təbliğat aparmaqdan yorulublar: “Baxın o yaşlı kişi nəzarətçidir. Oturacaqlara, yaşıllığa nəzarət edir ki, qırıb, dağıtmasınlar. Bircə gün nəzarət edilməsə, ərazini zibilxanaya döndərərlər”.

 

Uşaq parkı ilan-qurbağa yuvasına çevrilib

Bunu isə uşaq parkının girəcəyində dayanmış taksinin sürücüsü deyir. 

"Neftçilər" parkı ilə uşaq parkını yalnız bir küçə ayırır. Parkın girəcəyi dayanacaq kimi istifadə edilir. Taksi sürücüsü söyləyir ki, sözün əsil mənasında parkda ilana da, qurbağaya da rast gəlib.

Üfunət iyi parkın küçəyə açılan qapısından hiss olunur. Havanın isti olmasına baxmayaraq, bir neçə yerdə gölməçələr var, kəskin qoxu oradan gəlir.

Yaxınlıqda yaşayan sakinlərdən Sevda Məmmədova danışır ki, park sovet dövründə pionerlərin asudə vaxtının səmərəli təşkili məqsədilə salınıb. İdman alətləri, yelləncəklər, elektriklə işləyən maşınlar quraşdırılıb, oturacaqlar qoyulub, hovuz tikilib. Amma illər keçdikcə parkın ərazisi kiçilib, ətrafında evlər tikilib. Baxımsızlıqdan idman alətləri sınıb, yelləncəklər və oturacaqlar isə tədricən yoxa çıxıb.

Hövuzun ətrafı uçub-dağılıb, sonuncu dəfə nə vaxt istifadə edildiyi yaddan çıxmış su boruları paslanıb. İdman alətlərinin isə yalnız dəmirləri qalıb. Hansı ki, bu dəmirlər ərazidə oynayan uşaqlar üçün real təhlükəyə çevrilib. Parkın ortasındakı böyük dəmir sürüşkənin pilləkənləri qırılıb, uşaqların çıxıb yıxılmaması üçün ətrafına daş yığılıb. Futbol meydançasından isə yalnız bir-iki dəmir qırıntısı yadigar qalıb. Bir zamanlar yalnız Qaraçuxurun deyil, ətraf qəsəbələrin də istirahət məkanı olmuş uşaq parkı indi unudulmuş xarabalığı xatırladır.

 

Uşaq parkı ilə bağlı layihə hazırlanır

Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov virtualaz.org-a bildirib ki, “Neftçilər” parkı Suraxanı rayon mənzil-kommunal birliyinin balansına verilib. Birliyin əməkdaşları parkda gündə bir neçə dəfə təmizlik işləri aparır, yaşıllıqlar suvarılır. Ağacların suvarılmadığından quruması ilə bağlı yayılan xəbərlər doğru deyil: “Çünki yaşıllığın qorunmasına xüsusi nəzarət edilir”.

Şöbə müdiri uşaq parkının da abadlaşdırılması üçün layihə üzərində işlənildiyini qeyd edib. Onun sözlərinə görə, gələn il parkda əsaslı təmir və abadlıq işlərinə başlanılacağı gözlənilir. Hazırda bu məsələyə baxılır. Yaın gələcəkdə uşaq parkı da tam yeni formada qəsəbə sakinlərinin istifadəsinə veriləcək.

Ü.Xudiyeva,

G.Əliyeva

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 340          Tarix: 27-07-2019, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma