Məhkəmədə hakimə hücum edərək zor tətbiq etməkdə təqsirləndirilən Təhminə Rəcəbovanın cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
"Report"un xəbərinə görə, cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.
İş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, cinayət işi əvvəlcə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsə də, zərərçəkən Süleyman Ağayevin həmin məhkəmədə hakim olmasına görə, aidiyyatla bağlı etiraz verilib. Apelyasiya məhkəməsi işin Suraxanı rayon məhkəməsində baxılmasına qərar verib.
Hadisə bu il fevralın 21-də Sabunçu rayon Məhkəməsində baş verib. Oğurluqda təqsirləndirilən O.Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilən vaxt təqsirləndirilən şəxsin anası T.Rəcəbova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb və ona Cinayət Məcəlləsinin 288.3-cü (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.