"Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir".
Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yaranmasının 93 illiyinə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə görə olur: "Çox təəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir. Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur. Bütün bunlar, təbii ki, bizi narahat edir".
"Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s. məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir", - N.Məhərrəmli əlavə edib. \\Report
Paylaş: