Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Strateq.az-a verilən məlumata görə, 1 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Respublikasına məxsus Hövsan reydində olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Abditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəllüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülmüş və onların Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub: “Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan reydində hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstərilməsi barədə məlumat daxil olmuşdur. Xəstənin tibbi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülmüş, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunmuşdur”.
Paylaş: