Xəbər lenti

 

Danimarkanın Siltholm adasında aparılan arxeoloji qazıntılar zamanı tapılmış bir saqqızdakı diş izlərindən 5700 il əvvəl Daş dövründə yaşamış bir qadına dair maraqlı faktlar əldə edilib.

Teleqraf.com xəbər verir ki, saqqızdakı DNT-dən qadının bütün genetik şifrəsi çözülüb.

Tədqiqatçılar ilk dəfə sümük olmayan bir materialdan qədim insanların genetikası ilə bağlı faktlar əldə edildiyini bildirib.

Əldə olunan məlumatlar tünd rəngli dərisi, qəhvəyi saçı və mavi gözlü olduğu ehtimal edilən qadının ördək və fındıq yediyini, sətəlcəmə yoluxduğunu, limfa vəzilərinin şişməsinə səbəb olan Epşteyn-barr virusu (öpüşmə xəstəliyi) daşıdığını və laktoza həssaslığının olduğunu ortaya qoyub.

Kopenhagen Universitetinin professoru Hans Şröder ağcaqayın ağacının qabığından əldə edilən saqqızın, xüsusilə bu dövrə aid insanların qalıntısı olmaması səbəbindən önəmli DNT mənbəyi olduğunu deyib.

Tədqiqatçıların “Lola” adı verdiyi qadının skandinaviyalı yox, qitə Avropasında yaşayan və buzlaqların əriməsindən sonra bura köçən ovçu bir qəbiləyə mənsub olduğu iddia edilib.

Palçığa bulaşdığı üçün bu günədək yaxşı qorunan saqqız, əslində ağcaqayın ağacının isidilməsi ilə əldə edilən, o dövrdə daşlardan hazırlanan alətləri yapışdırmaq üçün istifadə olunan qətrana oxşar bir maddədir.

Diş izləri maddəni yumuşaltmaq üçün, ya da diş ağrısına yaxşı təsir etdiyinə inanılaraq çeynənildiyi ehtimal olunur.

Araşdırmaçılar qədim DNT məlumatlarının Daş dövründən günümüzə xəstəlik mikroblarının təkamülünə dair dəlillərin əldə edilməsi üçün önəmli olduğunu söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 21-12-2019, 10:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma