Xəbər lenti

 

“Prezident İlham Əliyev yeni bir ənənənin başlanğıcını qoydu. Prezident ilin sonunda 4 yerli televiziya kanalına geniş müsahibə verdi. İlham Əliyev bundan əvvəl REAL TV-yə geniş müsahibə vermişdi. Ancaq budəfəki format başqa ölkə liderlərinin, o cümlədən qonşu Türkiyə və Rusiya prezidentlərinin istifadə etdikləri üsula bənzəyirdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, Azərbaycanda informasiya siyasətinin gücləndirilməsinə ehtiyac var:

“Azərbaycan prezidenti müxtəlif müşavirələrdə müxtəlif mövzular barədə açıqlamalar versə də, bir çox məsələnin aydınlaşdırılması, dəqiqləşdirilməsi vacibdir. Məsələn prezident müsahibə boyunca “Azərbaycan Avropa İttifaqı ilə sazişi nə zaman imzalayacaq”, “Azərbaycanın Avropaya inteqrasiyası hansı şərtlər altında mümkündür”, “Şərq Tərəfdaşlıq Proqramından gözləntilərimiz varmı”, “dövlət başçısı həbs olunan icra başçıları barədə nə düşünür” və “erkən parlament seçkilərinə nə ehtiyac var idi” kimi suallara aydınlıq gətirdi”.

Elxan Şahinoğlu İlham Əliyevin erkən parlament seçkiləri ilə bağlı fikirlərinə diqqət çəkib:

“Azərbaycan cəmiyyətində ən çox əsas suallardan biri də budur: “Prezident parlamenti niyə erkən buraxdı?” Əlbəttə, rəsmilərin və hakim partiyanın bu suala cavabı beləydi ki, parlamentin indiki tərkibi islahatların sürəti ilə ayaqlaşmırdı. Ancaq prezidentdən bu suala geniş cavab eşitmək vacib idi və dövlət başçısı erkən parlament seçkilərinin iki əsas səbəbini belə izah etdi:

“Vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşmalı və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləməlidir”;

- “Bəzi hallarda deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir”.

Prezident bunu iki səbəblə izah etdi ki, parlamentin indiki tərkibindən razı deyildi. Buna baxmayaraq, bir sıra passiv deputatların yenidən namizədliklərini irəli sürmələrinə dair xəbərlər çoxalır. Əslində bununla həmin keçmiş deputatlar prezidentin yanaşmasını qəbul etmədiklərini biruzə verirlər”.

Politoloq qeyd edib ki, prezident ictimai nəzarətin hədsiz zəif olmasından da narazıdır:

“Prezident bu nəzarəti hətta “ibtidai səviyyədə” qiymətləndirdi. Prezidentin sözlərindən o da aydn oldu ki, ona tərif yox, vəziyyəti əks etdirən hesabatlar və fikirlər lazımdır ki, problemlərin həlli mümkün olsun. Həqiqətən hədsiz tərif və monoloq inkişafa və problemlərin həllinə mane olan əsas amildir. Prezident bu fikri yenə də təkrarladı: “Bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Müşavilərim mövcud durum barədə hesabat vermədikdə medianın yazılarından və reportajlarından istifadə edirəm”. Prezident bu fikir bir neçə il əvvəl mətbuat nümayəndələri ilə görüşdə də demişdi. Demək, müşavirlərin və köməkçilərin durumu prezidentdən gizlətməyə çalışması ənənəsi davam edir”.




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 24-12-2019, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma