Xəbər lenti

Aram Amatuni

“1in.am”, Ermənistan, 27 mart 2020-ci il

Ermənistan Müdafiə naziri David Tonoyan məlumat verib ki, Silahlı Qüvvələrin hərbi hissələrindən birində xidmət edən 3 hərbçidə koronavirus testi müsbət çıxıb. Bu da əsgərlərin infeksiyaya yoluxması deməkdir.

Nazir eyni zamanda məlumat verib ki, əsgərlər mülki şəxslərlə təmas nəticəsində yoluxublar. İnfeksiyanın yayılmasının, necə deyərlər, məşhur olan iki qaynağı – Eçmiədzin və sexdə yoluxma halları vardır. Yoluxmanın bu iki qaynağın hansından, ola bilsin, 3-cü, az məlum olanından gəlməsi haqqında isə məlumat verilmir.

İnfeksiyanın orduda yayılması halı cəmiyyətdə müəyyən ajiotaja səbəb olub, bir çox hallarda isə hətta elə bir rəy yaradıb ki, sanki düşmən paytaxtı ələ keçirib.

Bizim hamımızın orduya münasibətdə qayğıkeş və diqqətli olması şübhəsizdir və təbii, bizim hamımız arzu edərdik ki, infeksiya orduya, üstəlik, müharibə rejimində olan orduya keçməsin. Ancaq bu mənada, yalnız panika deyil, hətta çoxlarının rəyində olan ajiotaj da yersizdir.

Birincisi, nazirin verdiyi məlumata əsasən, koronavirusa yoluxan əsgərlər Artsaxda (Dağlıq Qarabağın adı mətndə belə gedibdir – tərc.) deyildir, eyni zamanda Ermənistanın ön cəbhə xəttindən uzaqdadırlar. Onlar qeyri-döyüş hissəsinin təmsilçiləridirlər və xidməti vəzifələrinin tələbinə uyğun olaraq, mülki şəxslərlə ünsiyyətdə olublar.

İkincisi, bu 3 yoluxma halı sayıqlığın qatbaqat artırılması və sonrakı daha sərt addımların atılması üçün yeni stimul ola bilər. Bu da infeksiyanın digər hərbi hissələrə keçməsinin qarşısını almağa imkan verər.

Bundan əlavə, ordu infeksiyaya nə qədər həssas olsa da, öz daxili münasibətlərinin özəlliyinə, idarəçiliyinin xüsusiyyətlərinə, eyni zamanda operativliyinə görə, xəstəliyin yayılmasının qarşısının alınması tədbirlərini,  təbii, əgər bu tədbirləri lazımi qaydada həyata keçirərsə,  daha asan reallaşdıra bilər.

Şübhəsiz, 3 əsgərin infeksiyaya yoluxması haqqında siqnal orduya görə məsuliyyət daşıyanların sayıqlığını daha da artırmalıdır. Digər tərəfdən, cəmiyyət də sayıqlığını itirməməlidir. Hər bir vətəndaş unutmamalıdır ki, onun verdiyi reaksiya, hətta bu, ən səmimi narahatlıq olsa belə, orduya münasibətdə tamamilə əks effekt verə bilər.

Bu gün Ermənistanda daha 2 hərbçidə koronavirus aşkar edilib. Onlar yuxarıda qeyd olunan həmin hərbi hissədəki birinci yoluxma halı ilə əlaqədardırlar. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində yazıb.

Buna uyğun olaraq, diqqətli, hesabatlı, lakin eyni zamanda məsuliyyətli olmaq lazımdır. Çünki infeksiya, onun ətrafında yaradılan ajiotajın, hələ panikanın demirik, orduya edə bildiyini edə bilməz.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 2 641          Tarix: 29-03-2020, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma