Xəbər lenti


BMT-nin baş katibi Antonio Quterreş bütün ölkələri COVİD-19 pandemiyası zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb.
BMT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, BMT baş katibi tərəfindən imzalanan bəyanatda deyilir: “COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın iflasına səbəb olur. Bu yaxınlarda mən ümumi mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırmışdım. Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir – öz evlərində. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm”.
Baş katib vurğulayıb ki, COVİD-19-un qarşısını almaq üçün təcrid və karantin vacibdir, lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər: “Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir. Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı mövcuddur. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur. Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram. Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir. Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir”.
BMT baş katibi qeyd edib ki, qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır: “Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq”.
Strateq.az


Ana səhifəyə qayıt        Baxış: 1 901          Tarix: 6-04-2020, 11:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma