Xəbər lenti

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında yoluxucu xəstəliklərə qarşı görülən qabaqlayıcı tədbirlər nümunəvidir. Naxçıvanda bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir, profilaktik dezinfeksiya və dezinseksiya işləri mütəmadi şəkildə aparılır. Dörd mövsümün incisi, təmiz diyar Naxçıvanda görülən qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini göstərəcəkdir.
Ovqat.com
xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə 5-ci kurs tələbəsi Şəhriban Sarıhan deyib.
Şəhriban Sarıhan əvvəlcə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq qeyd edib ki, universitetin nəzdində xəstəxananın olması, fitoterapiya və digər laboratoriyaların qurulması, ən son texniki imkanlara malik tədris prosesinin təşkili tibb təhsilini beynəlxalq standartlara uyğunlaşdırır.
Gələcəyin həkimi kimi Naxçıvanın gözəl təbiətinin, təmiz havasının, saf suyunun əhəmiyyətini qeyd edən Şəhriban bütün bunların insanların sağlamlığına müsbət təsir göstərdiyini qeyd edib. Bildirib ki, Naxçıvan təbiətinin vitamin və minerallarla zəngin gözəl nemətləri, mineral suları orqanizmi xəstəliklərə qarşı qoruyur. Təbii ki, bu nemətlərlə qidalanan insanların orqanizmləri yoluxucu xəstəliklərə qarşı daha güclü və dözümlü olur. Sevindirici haldır ki, bu gün Naxçıvanda genetik modifikasiya olunmuş məhsullara rast gəlmək mümkün deyil. Onu da qeyd edək ki, həmin məhsulların zərəri faydasından daha çoxdur.
Naxçıvandakı abadlığın, təmizliyin də nümunə olduğunu vurğulayan Şəhriban Sarıhan deyib: “Mən 6 ildir ki, Naxçıvanda yaşayır, təhsil alıram. Naxçıvan şəhərinin bütün küçələri təmizliyinə görə, necə deyərlər, sanki parlayır. Muxtar respublikanın kəndlərini də gəzmişəm. Hara getmişəmsə, oranın çox təmiz, abad və gözəl olduğunu görmüşəm. Yolların ətrafına əkilmiş gül kollarının cazibəsi insanı valeh edir. Hansı yaşayış məntəqəsinə getsən, orada səni güllər qarşılayır, güllər də yola salır. Hər il daha geniş ərazilərdə yaşıllıqların salınması muxtar respublikanın təbiətinin, yaşayış məntəqələrinin daha da gözəlləşməsinə, havasının daha da saflaşmasına öz töhfəsini verib”.
O vurğulayıb ki, təmizlik məsələsi heç də sıradan bir məsələ deyil. Təmizlik yoluxucu xəstəliklərə qarşı ən gözəl mübarizə vasitəsidir. Naxçıvanlılar bu mübarizəni neçə illərdir, uğurla aparırlar.
Şəhriban Sarıhan deyib ki, Naxçıvanda daha bir nümunəvi addım atılıb: “Ötən günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı təqdim olundu. Bu, Azərbaycan qonaqpərvərliyinin ən gözəl nümunəsidir, humanist addımdır. Göstərdiyi diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.




Ana səhifəyə qayıt        Baxış: 1 984          Tarix: 7-04-2020, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma