Xəbər lenti


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 6 aprel 2020-ci il tarixli 3 nömrəli qərarı ilə “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (Erməni icmasının timsalında)” adlı kitab “Elm” nəşriyyatında çap olunub.

Kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. “Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmalara və təhriflərə qarşı” sərlövhəli Ön sözdə akademik Ramiz Mehdiyev Nadir şah Əfşarın və onun yaratdığı nəhəng imperiyanın Azərbaycanın tarixində müstəsna yer tutduğunu tarixi faklarla əsaslandırmışdır.

Kitabda ilkin mənbələr əsasında Nadir şah Əfşarın hakimiyyəti illərində Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılmış və bu zaman əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir problemə: Nadir şahın hakimiyyəti illərində xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yetirilmişdir. Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə qarşı xeyirxah siyasətinin təqdim olunduğu kitabda bu Əfşar hökmdarının çoxsaylı hökm və fərmanlarında öz ifadəsini tapmışdır.

Təqdim olunan nəşrdən bəlli olur ki, Nadir şahın öz xristian təbəələrinə qarşı yeritdiyi dözümlü siyasət nəticəsində Üçkilsə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilmiş, Azərbaycanda xristianlara nəinki kilsələri bərpa etməyə, həm də yenilərini tikməyə icazə verilmişdir.

Kitabda əksini tapan tarixi sənədlərdən aydın olur ki, Nadir şah erməni əhalisinin qonşu Osmanlı imperiyasından Şimali Azərbaycan ərazilərinə köçmələrinə də himayədarlıq edib.

Nəşrin tərtibçisi və tarixi araşdırmanın müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova, tarixi sənədləri fars dilindən tərcümə edən, terminoloji lüğət və izahların müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.

Layihənin rəhbəri isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovdur. /moderator.az/



Ana səhifəyə qayıt        Baxış: 2 835          Tarix: 5-08-2020, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma