Xəbər lenti


Le Monde, Fransa
16.11.2020


Müəllif: Pol Tavinyo
Torpaqlarını geri qaytaran Azərbaycan Ordusunun qarşısına yalnız “ruhlar şəhəri” çıxır: mərmilərlə “şumlanmış” səngərlər, dağıdılmış qəbiristanlıqlar, minalanmış ərazilər...

Dağıntıların aşağı hissəsindəki bitkilərin içərisindən parçalanmış cəsədlərin dəhşətli qoxusu gəlir. Bir kilsənin qərb fasadı hələ də ucalmaqdadır. Bu, məhəllədə ən hündür divardır. Divarın yuxarı hissəsində dairəvi kilsə pəncərəsi olmalıdır. Amma heç kim bu məbədin hansı dini konfessiyaya aid olduğunu, hətta adını belə, dəqiq bilmir. Çünki 1993-cü il avqustun 23-dən Füzulidə heç kim yaşamır.
1989-cu ildə Sovet İttifaqının apardığı son siyahıyaalma Dağlıq Qarabağın erməni silahlı birləşmələri tərəfindən işğalınadək Füzulidə 17 min əhalinin yaşadığını deyir. Bu rayonda əsəsən azərbaycanlılar yaşayıb. O zaman əhali bir həftə intensiv bombardmanlara sinə gərsə də, sonda torpaqlarından qovulublar.

Gənc azərbaycanlı zabit Natiq deyir: “Dağıntılara, aviasiya bombalarının yaratdığı xəndəklərə baxın. Yalnız dağıntılar qalıb. Əgər onlar buranı bu vəziyyətə salacaqdırlarsa, bizi niyə qovdular?”.

Şəhər bu il oktyabrın ortalarında qızğın döyüşlərdən sonra yenidən Azərbaycanın nəzarətinə qaytarılıb. Küçənin bir küncünsə sursat qutuları yığılıb qalır. Bunlar əsasən minaatan mərmiləri və ermənilər tərəfindən geniş şəkildə istifadə olunan, Sovet dövrünə aid “D-30” topları üçün 122 millimetrlik mərmilərin qablarıdır. Noyabrın 7-də bu mərmilərin partlayış səsi Füzulidən 10-20 kilometr aralıda, gərgin döyüşlərin getdiyi Xocavənddə, həmçinin 40 kilometr şimal-şərqdə yerləşən Şuşada (ermənilər tərəfindən “Şuşi” adlandırılır) istiqamətində eşidilməkdə idi.
Yeri gəlmişkən, məğlub Ermənistanla qalib Azərbaycan Rusiyanın himayəsi altında atəşkəs razılaşmasını məhz Şuşanın azərbaycanlılar tərəfindən nəzarətə götürülməsindən sonra imzalanıb.

Ruhlar şəhəri”
Heç kimin yaşamadığı Füzuli. Küləyin əsdirdiyi yarpaqların səsindən başqa səs eşidilmir. Azərbaycan Qarabağı silah gücünə geri almaq qərar verməsəydi, yəqin ki, indi şəhəri əncir, çinar, göyrüş ağaclarının qoxusu bürümüşdü. “Biz torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasını düz 28 il gözlədik. Amma Ermənistan və onun müttəfiqləri Fransa, ABŞ və Rusiya bizi aldatdılar”, - deyə Natiq bildirir.

Füzuli şəhəri artıq yoxa çıxmaqda olan qondarma “Dağlıq Qarabağ Respublikası” ətrafında sanki kəmər yaradan 7 rayondan birinin mərkəzidir. Ermənilər Azərbaycanın mümkün hücumunun qarşısını almaq üçün bu yeddi rayondan ibarət bufer zona yaratmışdılar.
Torpaqların azad olunması əməliyyatı 6 həftə davam edib. Ən şiddətli və həlledici döyüşlərin məhz Füzulinin girişində baş verfiyini söyləyə bilərik. Adının çəkilməsini istəməyən polkovnik deyir ki, erməni müdafiəsinin ön cəbhəsi sentyabrın 27-də, döyüşlərin elə ilk günüdə yarılıb: “Bizim əsas itkilərimiz də elə ilk günlərdə olub”.

Hücum Füzuli şəhərindən 23 kilometr cənubda, Arazboyu düzənlikdə, İran sərhədinin bir addımlığında aparılırdı. Bu yol Qarabağın ətəklərinə doğru uzanır. Yolun üzərində səngərlər, bunkerlər bir-birini əvəzləyir. Yolu hər birinin uzunluğu 500 metr olan dərin səngərlərə söykənən 6 bənddən ibarət şəbəkə bağlayır.

Mərmilər “şumladığı” torpaqlar
Yolun hər tərəfi minalanmış sahələrdir. Uzaqda beton dirəklər görünür. İnsanın gözü önündə sanki Birinci Dünya müharibəsindən mənzərə canlanır. Bu beton dirəklər 1985-1991-ci illərdə SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun göstərişilə ləğv edilmiş üzüm bağlarının qalıqlarıdır. Lakin indi onlar Azərbaycan tanklarının irəliləməsinin qarşısını almağa xidmət edirdi.
Zabit bildirir ki, 30 il ərzində tikilmiş bütün bu müdafiə istehkamları ermənilərin “Majino xətti” imiş. Onlar burada bunkerlərdən başqa heç nə inşa etməyib. Bütün bunlar sübut edir ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonu da geri qaytarmaq fikrində olmayıb: “Onlar bizi aldadırdılar. Lakin artıq biz rayonlarımızın hamısını geri alırıq”.

Azərbaycanlıların qətiyyəti özünü xüsusilə Füzulinin girişində göstərib. Mərdinli kəndində mərnilər hər tərəfi “şumlayıb”. Hər yanda artilleriya qurğuları və tankları mühafizə etmək üçün qazılmış xəndəklər var. Ermənilər hərbi texnikanı düşmən PUA-larından gizlətmək üçün xəndəklərin üzərində evlərin damına bənzər damlar da düzəldiblər. Azərbaycanlı polkovnik deyir ki, bütün bunlara baxmayaraq, onların erməni piyada qoşunlarını darmadağın etməsi üçün iki həftə kifayət edib.
“Onlar dronlarımızdan qoruna bilmirdilər”

Erməni tərəfi səngərlərinə, zirehli texnikasına, təchizata amansız zərbələr endirən Türkiyə və İsrail istehsallı pilotsuz uçan aparatlarının son dərəcə dəqiq atəşi nəticəsində dəhşətli itkilər verib. Axşam saatlarında isə dağıdıcı zərbələri artilleriya davam etdirib. Oktyabrın ikinci həftəsində ermənilər bu istiqamətdə əks-hücum cəhdi də edibmiş. “Onlar ən yaxşı qüvvələrini məhz burada qurban verdi. Düşmənin bizim dronlarımızdan qorunması üçün heç nəyi yox idi. Hava hücumundan müdafiə sistemlərini tamamilə dağıtmışdıq. Bu ərazilərdə piyadaların gizlənə biləcəyi bitki örtüyü də yoxdur. Odur ki, ermənilər ölümə gedirdilər. Məhz buradakı əməliyyatların sonunda artıq məsələnin həll olunduğunu həm onlar anladı, həm də biz”, - deyə azərbaycanlı zabit bildirir. Əlbətti ki, digər həmkarları kimi, o da erməni əsgərlərinin şücaəti haqda danışmır: “Onlar özlərini guya dünyanın ən yaxşı əsgərləri olduqlarına inandırmışdılar. Biz bunun əksini sübut etdik”.

Natiq diqqəti tövləyə çevrilmiş Mərdinli məscidinə çəkir: “Ermənilər burada donuz saxlayırdılar”. Bir az kənarda 6 inək leşi görünür. Şübhəsiz ki, ərziyə mərmi düşməsi nəticəsində tələf olublar.

Natiq yolun digər tərəfində, məscidlə qarşı-qarşıya yerləşən Mərdinli qəbiristanlığını göstərir. Oradakı qəbirlər də erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. Ərazidə mina ola biləcəyindən, bizim oraya yaxınlaşmamızı məsləhət bilmir. Dörd gün əvvəl cərəyanı bərpa etmək istəyən elektrik minaya düşüb və nəticədə hər iki ayağını itirib. Ərazilərin minalardan təmizlənməsi vaxt aparacaq. Həm torpaqların, həm də ruhun təmizlənməsi...

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Le Monde


Ana səhifəyə qayıt        Baxış: 3 622          Tarix: 16-11-2020, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma