Xəbər lenti


Eurasianet.org, ABŞ
24.11.2020


Müəllif: Ülkər Natiqqızı
Azərbaycan hökuməti Ermənistanın işğalından bugünlərdə azad etdiyi ərazilərinin bərpası ilə bağlı iddialı plan irəli sürüb. Xatırladaq ki, Bakı bu ərazilərə nəzarəti 1990-cı illərin əvvəllində itirmişdi. Ötən dövrdə həmin ərazilərin böyük hissəsi faktiki olaraq məhv edilib.
Azərbaycan prezidenti İlham Əliyev həyat yoldaşı, birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə artıq noyabrın 16-da azad olunmuş bəzi ərazilərə səfər edib. Orada dövlət başçısı bərpa planı haqda da danışıb.

“Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”, - deyə Əliyev Cəbrayılda bildirib.
Doğrudur, Azərbaycan hökuməti bu layihələrə nə qədər vəsaitin ayıracağını açıqlamır. Lakin müstəqil iqtisadçılar söhbətin on milyardlarla dollardan hetdiyini bildirirlər.

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, azad edilmiş ərazilərin tamamilə bərpasına güman ki, 10 il vaxt və 25 milyard manat (təxminən 15 milyard dollar) azım olacaq: “Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında infrastrukturdan demək olar ki, əsər-əlamət qalmayıb”.
Qeyd edək ki, adları çəkilən rayonlar Azərbaycanın nəzarətinə qaytardığı 7 rayondan yalnız 4-dür. Vəliyev hesab edir ki, bu rayonların bərpasına Azərbaycanın illik dövlət büdcəsi qədər vəsait lazım olacaq.
Görünən odur ki, Bakı bərpa işlərinə özəl şirkətləri də cəlb edəcək.

“Bu rayonlardan olan bir çox sahibkar öz kəndlərində, şəhərlərində sənayenin, ayrı-ayrı müəssisələrin bərpasına vəsait qoymaq istəyəcək. Onlar bu işə ianə də ayıra bilərlər”, - deyə Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov “Kavkazskiy uzel” nəşrinə bildirib.
Azərbaycan hökumətisə bərpa işlərinə lazım olacaq vəsaitlə bağlı hələ ki, kiçik işarələr verir. Prezident Əliyev Cəbrayıl səfəri zamanı Füzulidən Şuşaya yol çəkiləcəyini də açıqlayıb. Qeyd edək ki, işğaldan azad edilmiş Şuşa Azərbaycanın regiondakı ən vacib şəhəridir.
İlham Əliyev deyib ki, hökumət 101,5 kilometr uzunluğunda yolun tikintisinə 50 milyon manat (29 milyon dollar) vəsait ayıracaq. Əhmədbəyli kəndindən başlayacaq yol Füzulidən keçərək Şuşaya qədər uzanacaq.
Artıq bölgədə digər yolların tikintisi ilə bağlı planlar da elan edilib. Talış kəndindən Suqovuşana isə yol artıq oktyabrın sonlarında çəkilib. Amma bu işə nə qədər vəsaitin ayrıldığı açıqlanmır.

“Azərbaycan Dəmir Yolları” QSC isə Yevlaxla bu gün Azərbaycanın Qarabağda nəzarət etdiyi əraziləri birləşdirəcək və Xankəndiyə qədər uzanacaq (ermənilər bu şəhəri Stepanakert adlandırır) dəmir yolunun bərpası planını elan edib. Nəzər alsaq ki, hazırda Xankəndi daxil olmaqla, Dağlıq Qarabağ regionunun böyük hissəsi ermənilərin nəzarətindədir, bunun iddialı plan olduğunu söyləyə bilərik.
Azad edilmiş ərazilərdə işlər Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmanı çərçivəsində həyata keçirilir. Fərmana əsasən, bu rayonlarda müvəqqəti komendantlıqlar yaradılıb. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun sözlərinə görə, müvəqqəti komendantlığa yerli polis rəisləri rəhbərlik edir.

Bundan başqa, artıq müxtəlif dövlət orqanları azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirməyə başlayıb. Məsələn, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyi bu ərazilərdə yerli strukturlarının yaradıldığı haqda məlumat verib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi bəyan edib ki, Şuşa rayon polis şöbəsi Şuşa şəhərinə köçürülüb. Şöbə əvvəllər Tərtərdə yerləşirdi.
Artıq Tərtər rayonunun Suqovuşan kəndindəki su anbarına Azərbaycan Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Bu, Azərbaycana xüsusi əhəmiyyət kəsb edən Sərsəng su anbarına da qismən nəzarət imkanı yaradır. Bununla ölkənin su çatışmazlığı problemi həll edilir.
“Bugünədək bilmirdik ki, Sərsəng su anbarının suyundan istifadə etmək imkanımız var, ya yox. Bu gün artıq bu sistemdən normal şəkildə istifadə edə bilərik”, - deyə Vəliyev bildirir.

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesilə də məşğul olmağa çalışır. Məsələn, Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılması üçün Azərbaycanın dövlət şirkəti olan “Azergold” bir xarici şirkətlə (adı açıqlanmır) konsorsium yaradıb. Bu haqda azərbaycanlı deputat Tahir Mirkişili məlumat verib.
“Konsorsium bildiri ki, o, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsindən dərhal sonra qazıntı işlərinə başlamağa hazırdır”, - deyə Tahir Mirkişili Qarabağın iqtisadiyyatına həsr olunmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilın müzakirələrdə vurğulayıb.

Amma azad edilmiş ərazilərdə təkcə dövlət orqanları fəaliyyət göstərməyəcək. Azərbaycanda fəaliyyət göstərən bir neçə bank həmin rayonlarda şöbələr açmaq fikrindədir.

“Biz Şuşada filial açmaqla, dövlətin azad edilmiş ərazilərə yönəlmiş bütün təşəbbüslərinin reallaşdırılmasına, reinteqrasiyaya dəstək verməyə hazırıq”, - deyə PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Mədəniyyət qurumları da bu ərazilərə qayıtmağa tələsir. Azərbaycan Dövlət Turizm Agentliyi regionda turistik marşrutların yaradılması üzərində çalışır. Rəsmi şəxslər Şuşada 2021-ci ildə “Turkvision” musiqi yarışının keçirilməsi imkanlarını öyrənir. Qeyd edək ki, “Turkvision” türkdilli xalqların iştirak etdiyi beynəlxalq musiqi yarışıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasianet.org


Ana səhifəyə qayıt        Baxış: 2 521          Tarix: 24-11-2020, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma