Xəbər lenti


EURACTIV, Aİ
28.11.2020


Müəllif: Nağı Əhmədov
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma imzalayıblar. Sənəd noyabrın 10-da Rusiyanın vasitəçiliyilə imzalanıb. Bununla da Qarabağda sentyabrın 27-də başlamış hərbi əməliyyatlar başa çatıb. Təxminən ayyarım davam etmiş döyüşlərdə Ermənistan tərəfi böyük itkilər verib.

Liderlərin birgə bəyanatında bildirilirdi ki, ermənilər işğal altında qalan əraziləri müəyyən vaxt ərzində boşaltmalıdır: Kəlbəcər rayonunu noyabrın 15-dək (bu müddət sonradan noyabrın 25-dək uzadılmışdı), Ağdam rayonunu noyabrın 20-nə, Laçın rayonunu isə dekabrın 1-dək. Başqa sözlə, bu sülh sazişilə Azərbaycanın qələbəsi rəsmən təsdiqlənib. Məhz bu üzdən sənədin imzalanması Azərbaycanda böyük təntənə ilə qeyd olunub. Ermənilər isə sazişi hiddətlə qarşılayıb. Bu, Ermənistan ictimaiyyətdində dərin məyusluq yaradıb.
Qeyd edək ki, ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə 1990-cı illərin əvvəllərində köçürülüb. Buna baxmayaraq, onlar ərazilərin Azərbaycana qaytarılmasının qəbuledilməz sayır.

KİV-də yer alan məlumatlardan aydın olur ki, ermənilər Kəlbəcəri tərk etməmişdən qabaq evləri yandırıb, ağacları kəsib, meşələrə od vurub. Onlar hətta məktəb və xəstəxanaları belə, yandırıb, mal-qaranı tələf ediblər. Lakin təəssüf ki, ekoloji problemlərlə məşğul olan beynəlxalq QHT və digər müvafiq qurumlar buna lazımi reaksiyanı göstərməyib və göstərmir. Halbuki, bu qeyri-qanuni hərəkətlər qətiyyətli şəkildə pislənməlidir.
Azərbaycan cəmiyyətini bu ərazilərdəki dağıdılmış binalardan daha çox ermənilərin ətraf mühitə vəhşi hücumu şoka salıb. Baş verənlər ilk növbədə, Ermənistanın 1990-cı ilin əvvəlində buralardan didərgin saldığı azərbaycanlıları qəzəbləndirib. Amma əslində, Azərbaycanın işğal atındakı ərazilərində ekoloji terror işğalın ilk illərindən başlamışdı. Nəticədə son 27 ildə regionun ekosistemi, təbiəti və resursları məhv edilib.

Doğrudur, ötən dövr ərzində beynəlxalq təşkilatlar Qarabağ regionunda və onun ətrafında işğalın ətraf mühiti məhv etdiyinə dair dəfələrlə həyəcan təbili çalıb. Məsələn, Avropa Şurası Parlament Assambleyasının hələ 2016-cı ilin yanvarında qəbul etdiyi 2085 saylı qətnamədə bildirilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını işğal altında saxlaması nəticəsində Azərbaycanın Aşağı Qarabağda yaşayan vətəndaşları üçün ekoloji və humanitar problemlər yaranıb. Sənəddə bu qınanır. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyini su resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb.

Yeri gəlmişkən, ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP) və Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hələ 2004-cü ilin oktyabrında hazırlanmış “Ətraf mühit və təhlükəsizlik: risklərin əməkdaşlığa çevrilməsi - Cənubi Qafqaz işi” adlı hesabatda bildirilir ki, işğal Azərbaycanın təhlükəsizliyilə yanaşı, ətraf mühitinə də ciddi problemlər yaradıb. Sənəddə deyilir ki, Dağlıq Qarabağda torpağın qeyri-rassional istifadəsi, tullantıların yığılması, meşələrin kəsilməsi və otlaqlardan həddən çox istifadə uzunmüddətli mənfi nəticələrə aparıb çıxaracaq problemlər yaradıb.
ATƏT misiyası 2006-cı il oktyabrın 2-13-də Dağlıq Qarabağ və ona bitişik rayonlardakı yanğınlar nəticəsində ekologiyaya dəymiş zərərlə bağlı da hesabat hazırlamışdı. Sənəddə deyilir ki, bölgədə geniş ərazilər yandılırıb və bu, istər insanlara, istərsə də ətraf mühitə və iqtisadiyyata ciddi təsir göstərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq hesabatında isə ölkənin işğal atındakı ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət və digər məsələlərlə bağlı şok faktlar yer alıb: “Təbii resursların istismarı ilə müşayiət olunan ekoloji fəsadlar (suyun çirkləndirilməsi və tullantıların saxlanılması ilə bağlı problemlər) elə sürətlə artıb ki, hətta “Panerməni ətraf mühit cəbhəsi” daxil olmaqla, Ermənistanda fəaliyyət göstərən, ətraf mühitlə məşğul olan təşkilatlar belə, həyəcan təbili çalmağa başlayıb”.

Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər 265,3 milyard dollar dəyərindədir.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərdəki meşələrin ümumi sahəsi 247,352 hektardır. Bunun təxminən 13,197 hektarı xüsusi əhəmiyyətə malikdir. Bu meşəlikdə 460 növdən çox yabanı ağac və kol bitir. Onlardan 70-i endemi növdür və dünyanın heç bir yerində təbii halda bitmir. Lakin Kəlbəcər rayonunda Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabına salınmış ağacların bitdiyi 968 hektarlıq ərazi məhv edilib, kəsilmiş ağaclar xarici ölkələrə satılıb.

AMEA Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun sözlərinə görə, Ermənistan işğalçıları Azərbaycan ərazilərində 21 növ endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünü məhv edib. Bəsitçay Dövlət Təbiət Qoruğunda, Qaragöl Dövlət Təbiət Qoruğunda, həmçinin Laçın, Qubadlı və Daşaltı regionlarındakı dövlət təbiət qoruqlarında çinar, qoz, palıd və s. nadir ağaclar kəsilib, işğal atındakı ərazilərdən daşınaraq mebel, çəllək və silah istehsalında istifadə edilib. Bu ağac növlərinin əksəriyyəti nəsli kəsilmək təhlükəsi ilə üzləşib.
Bir sözlə, işğal nəticəsində Dağlıq Qarabağ regionu və ətraf rayonların ekosistemi məhv edilib. Bunu “ekosid” kimi də xarakterizə etmək olar. Odur ki, bütün bu faktlarla bağlı cinayət işi açılmalıdır.

Bütün bunlar azmış kimi, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsindən sonra orada başqa ekoloji terrorun izləri də ortaya çıxıb. Hər halda, ermənilər işğal altındakı ərazilərdə təxminən 30 il ekoloji terrorla məşğul olub. Azad edilmiş ərazilərin flora və faunasının əsl vəziyyətini anlamaq üçün regionda müvafiq araşdırmalar aparılmalı, təbiətə vurulmuş zərər müəyyən edilməli və bütün bunlara obyektiv elmi qiymət verilməlidir.

Azərbaycan isə öz növbəsində, işğaldan azad edilmiş Zəngilan və Füzuli rayonlarında artıq ağac əkininə başlayıb. Artıq azad olunmuş ərazilərin ekosisteminin bərpası üçün təşəbbüslər irəli sürülür. Lakin bunun üçün kompleks tədbirlərə ehtiyac var. Çünki həmin ərazilərdə bəzi bitki növləri tamamilə məhv edilib, bəzilərininsə nəsli tükənmək üzrədir. Odur ki, mütəxəssislərin ətraf mühitə vurulmuş ziyanı hesablamasından sonra “ekosid”i həyata keçirmiş cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün hüquqi mexanizmi müəyyənləşdirmək olar. Bu halda Ermənistandan kompensasiya tələb etmək də mümkün olacaq.

Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik rayonlarda həyata keçirilmiş ekoloji terror, təbiətə düşmən münasibət təkcə ölkənin flora və faunasına deyil, həm də sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu insanlarda nifrət hissini daha da artırır.
Bir sözlə, “ekosid” coğrafi və tarixi nöqteyi-nəzərdən bir-birinə yaxın Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olacaq daha bir amildir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: EURACTIV


Ana səhifəyə qayıt        Baxış: 2 520          Tarix: 28-11-2020, 15:10      


Paylaş: