Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
SSRİ-nin mövcud olduğu 70 il ərzində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinə 15 nəfər rəhbərlik edib.
Onlardan 5 nəfəri məhkəmələrin, 1 nəfəri isə- Karen Dəmirçiyan taleyin hökmü ilə güllələnib. Tarixə diqqətlə nəzər yetirsək şahidi olarıq ki, Ermənistanın bütün birinci katiblərini uğursuzluğa düçar edən yersiz ərazi iddiaları olub. Elə bu gün də belədir.
Paşinyanın çarəsiz durumu bunu bir daha sübut edir. Erməni tarixçiləri və araşdırmaçıları Ermənistanın birinci katibləri arasında Anton Koçinyanın xidmətlərindən də çox yazırlar. Sovet Ermənistanının bütün sahələr üzrə inkişafında onun xidmətlərini daha yüksək qiymətləndirirlər. Sözsüz ki, bu qiymətləndirmədə Koçinyanın hələ sovet dövründə Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı fəaliyyəti xüsusi yer tutur.
1913-cü ildə anadan olan Anton Koçinyan kənd məktəbini bitirdikdən sonra Tiflisdə pedaqoji texnikumda təhsil alıb. Daha sonra o, təhsilini Ali Kommunist Kənd Təsərrüfatı Məktəbində və Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində davam etdirib. Ermənistanın ayrı-ayrı bölgələrində komsomol və partiya orqanlarında çalışan Koçinyan 1952-ci ildə Ermənistan Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1966-cı ildə onun siyasi karyerasında növbəti mərhələ başlayıb. 17 dəqiqə davam edən plenum Koçinyanın birinci katib olmaq arzusunu reallaşdırıb.
Belə ki, 5 fevral 1966-cı ildə İrəvanda Ermənistan KP MK-nın plenumu keçirilib. Plenumda Mərkəzi Komitənin katibi İvan Kapitonov iştirak edib. Müzakirəyə yalnız bir məsələ çıxarılıb – Ermənistanın birinci katibi Yakov Zorabyanın vəzifədən azad olunması və yeni birinci katibin seçilməsi.
Qeyd edək ki, Zorabyanın vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi 1965-ci ildə “erməni soyqırımı”nın 50 illik yubileyinin keçirilməsi ilə bağlı olub. Zorabyan bu məsələ ilə bağlı Ermənistanda tədbirlərin keçirilməsi üçün Kremlə müraciət edib. Leonid İliç Brejnev, Nikolay Podqornı, Mixail Suslov bu cür tədbirlərin keçirilməsinə qəti etirazlarını bildiriblər. Zorabyanla dostluq münasibətində olan Andrey Qromıko isə şərt qoymaqla tədbirlərin keçirilməsinin razılığını həmkarlarından alıb. Qromıko keçiriləcək tədbirlərdə heç bir ərazi iddiası səsləndirməmək şərti ilə Zorabyana razılıq verib.
24 aprel 1965-ci ildə tədbir əvvəlcə İrəvanın baş meydanında keçirilib, daha sonra isə Opera və Balet Teatrında davam etdirilib. Millətçi erməniləri bu cür “sönük” tədbir qane etməyib, bir qrup erməni teatr binasının qarşısına yığışaraq şüarlar səsləndiriblər, sonra isə teatr binasını daşa basıblar. Qarşıdurma nəticəsində onlarla erməni saxlanılıb.
Hətta teatr binasının qarşısına ordu yeridilməsi məsələsi də qalxıb. Ancaq Zorabyan buna yol verməyəcəyini söyləyərək, kütlə qarşısında “mən xalqımın haqlı tələbinin üzərinə tankların yeridilməsinə yol verməyəcəyəm”,- deyə bildirib.
Təbii ki, bu hadisə Kremldə narahatlıqla qarşılanıb və Zorabyan Kreml rəhbərliyinin hədəfinə düşüb. Bunlar azmış kimi, Zorabyan Kremlə ikinci məsələ ilə bağlı müraciət edib. O, “erməni soyqırımı” abidə kompleksinin inşası ilə bağlı icazə istəyib. Bu məsələdə təmkinli Suslov səsini ucaltmağa məcbur olub və Zorabyana konkret şəkildə yox cavabı verilib.
Bunlara baxmayaraq, Zorabyan Birinci Dünya müharibəsində həlak olan ermənilərin xatirəsini əbədiləşdirmək üçün abidənin qoyulmasına razılıq ala bilib. İrəvana qayıdanda isə o, Ermənistanın “ziyalılarını” sakitləşdirərək qeyd edib ki, bu abidənin adı “erməni soyqırımı” olacaq, sadəcə, Kremldən icazə üçün biz başqa ad təqdim etdik. Sonda da abidənin adı onun dediyi kimi olub. Zorabyan bu razılığı əldə etsə də, abidəni inşa etdirmək ona qismət olmayıb. Abidəni açmaq növbəti birinci katib Koçinyana qismət olub.
Yuxarıda qeyd etdiyimiz kimi, 5 fevral 1966-cı ildə plenum Zorabyanı birinci katib vəzifəsindən azad edib. Mikoyanın və Baqramyanın Xruşşova təsiri nəticəsində Anton Koçinyan Ermənistanın birinci katibi vəzifəsinə seçilib.
Koşinyan əvvəlki birinci katiblərdən fərqli olaraq Ermənistandan kənarda yaşayan ermənilərlə, o cümlədən, Moskvadakı və Dağlıq Qarabağdakı ermənilərlə sıx əlaqələr yaradıb. Tez-tez Dağlıq Qarabağa, Xankəndi şəhərinə səfər edən Koçinyan Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Melkumyanla gizli görüşlər keçirib. Bu səfərlərin heç biri rəsmi xarakter daşımayıb. Bu səfərlərdən xəbər tutan Kreml Koçinyana bir neçə dəfə xəbərdarlıq edib.
Sözsüz ki, bu görüşlərin kökündə milli məsələlər dayanıb, Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi üçün planlar cızılıb.
Nəhayət, 30 sentyabr 1972-ci ildə Koçinyan öz “arzu”sunu yazılı şəkildə Mərkəzi Komitəyə göndərib, öz məktubunda Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsini zəruri sayıb. Sovet rejiminin asıb-kəsdiyi bir vaxtda bu müraciət Kremldə qəzəblə qarşılanıb.
Hətta Koçinyanla dostluq münasibətində olan Andrey Qromıko qəzəbini gizlədə bilməyib. Suslov isə məsələyə birdəfəlik son qoymaq üçün Brejnevlə görüşündə qətiyyət nümayiş etdirərək münasibətini belə bildirib:
“Koçinyanın müraciətləri son həddə çatıb. Bu müraciətlərdəki ərazi iddialarının heç bir hüquqi, tarixi, sosial əsası yoxdur. Mən bu məsələləri dərindən araşdırmışam...”
Bununla da, Koçinyanın xəyallarını Kreml havaya sovurub. Ancaq məsələ bununla bitməyib. Koçinyan növbəti dəfə Dağlıq Qarabağla yanaşı Naxçıvan ərazisinin də ermənilərə məxsus olduğunu dilə gətirəndə özü-öz siyasi karyerasına son qoyub. Növbəti plenumda, 27 noyabr 1974-cü ildə Kremldə millətçi kimi tanınan Anton Koçinyan vəzifəsindən uzaqlaşdırılıb.
Sovet dövründə Kremlin bəxti Ermənistanın birinci katibləri tərəfindən heç də gətirməyib. Kimə etimad göstərilib vəzifə verilibsə, sonradan onlar başağrısına çevriliblər. Özlərini dövlət məmuru sayan bu şəxslərə, Ermənistanın birinci katiblərinə nə qədər başa salsalar da ki, Qarabağ Azərbaycandır, çarəsiz ermənilər bunu anlamaq istəməyiblər. Yəqin ki, anlamaq üçün 44 günlük müharibəni gözləyiblər...
İlham Cəmiloğlu, Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar