Xəbər lenti
Ermənistanda hərbi hissələrdən birinin komandir müavini Qarabağda gedən 44 günlük müharibə zamanı 18 əsgərin ölümünə görə həbs olunub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistan baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, həmin epizodda ölən əsgərlərdən biri X.O.-nun atası baş prokuror Artur Davtyana məktub yazıb, göstərib ki, oğlunun Qarabağa göndərildiyini eşidəndə öz avtomobili ilə ora yollanıb-“şəxsi heyəti dəstəkləmək üçün”. 

Və oktyabrın 9-da Qubadlının Xanlıq kəndinin (ermənilər bura işğal illərində “işxanadzor” adı vermişdilər) ərazisində Azərbaycan ordusunun zərbə pilotsuz uçan aparatının səsinin eşidildiyi halda hərbi hissə komandirinin müavininin maşındakı əsgərləri necə zərbə altına qoyduğunun şahidi olub.

Belə ki, zərbə pilotsuz uçan aparatının səsini eşidən erməni əsgərləri maşından düşərək qaçmağa çalışıblar, amma hərbi hissə komandirinin podpolkovnik rütbəli müavini onlara əmr edib ki, yenidən maşına qayıtsınlar və hərəkəti davam etdirsinlər. Cəmi bir dəqiqədən sonra kamikadze-dron hərbi maşına çırpılıb və içərisindəki 19 əsgərdən 18-i yanaraq ölüb. 1-i yanıq xəsarətləri ilə sağ qala bilib.

Prokuror məktubu İstintaq Komitəsinə göndərib, orada ilkin istintaq zamanı aydınlaşıb ki, hadisə hərbçiləri Qubadlı istiqamətindən Cəbrayıla göndərərkən baş verib. Xanlıq kəndinin ərazisində hərbi hissə komandirinin müavini, podpolkovnik A.V. zərbə pilotsuz aparatının səsinin eşidilməsinə baxmayaraq hərbçilərə maşına oturub hərəkəti davam etdirməyi əmr edib. Bildirib ki, PUA-lar hava hücumundan müdafiə qüvvələrinin problemidir və ona dəxli yoxdur.

“Bölük komandiri əmri yerinə yetirib və 19 hərbçini maşına oturdub. Bir dəqiqə sonra maşına PUA çırpılıb və yaranan yanğın nəticəsində 18 hərbçi həlak olub, 1-i yaralanıb. Habelə baş prokurora ərizə yazan hərbçinin atası və hərbi hissənin onun maşınında olan mühəndis-istehkam xidmətinin rəisi də yaralanıb”,-prokurorluq bildirir.
Toplanmış dəlillər əsasında podpolkovnik həbs edilib.

Qeyd edək ki, 44 günlük müharibə ərzində Azərbaycan ordusunun “Bayraktar TB2”, “Harop”, “Orbiter 1K”, “Zərbə” kimi döyüş pilotsuz aparatları düşmən müdafiəsinin dərinliklərində onun canlı qüvvəsinə, hərbi nəqliyyat vasitələrinə və döyüş texnikasına aramsız zərbələr endirib. Nəticədə düşmən qüvvələri hələ döyüşə atılmağa imkan tapmadan təmas xəttindən bəzən onlarla kilometr dərinlikdə ciddi itkilər veriblər.



Ana səhifəyə qayıt        Baxış: 2 573          Tarix: 30-12-2020, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma