Xəbər lenti
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
Bundan sonra Ermənistanın düşmənçiliyi elə bir ciddi problem yarada bilməz, dostluğu isə heç kimə fayda verməz; Azərbaycan və Türkiyə ilə normal münasibətlər üçün mütləq dost olmağa ehtiyac yoxdur, ancaq düşmənçilikdən tamamilə imtina etmək lazım gələcək...
Ermənistanın gələcək taleyi böyük ölçüdə növbədənkənar parlament seçkilərinin nəticələrindən asılı vəziyyətə düşə bilər. Hər halda, bu seçkilərdə aqressiv revanşistlər qalib gəlsələr, bu, Ermənistanın mövcudluq şərtlərinə təsirsiz ötüşməyəcək. Və bu baxımdan, Ermənistan hazırda özünə fəlakət ssenarisi də seçməyə başlamış ola bilər.Məsələ ondadır ki, hazırda revanşistlər hakimiyyəti ələ keçirtmək üçün bütün mümkün variantları sınaqdan çıxmış çıxartmağa cəhd göstərirlər. Hətta birləşmə modeli barədə düşünməyə belə, başlayıblar. Sadəcə, şəxsi eqonun yüksək olması və qələbənin böyük sərvət vəd etməsi bu modelin reallaşmasını əngəlləyir.
Hazırda revanşistlərin əsas namizədi keçmiş prezident və hərbi cinayətkar Robert Köçəryan hesab olunur. Qarabağ mövzusu və "türklərlə düşmənçilik ideologiyası" sayəsində sərvət qazananlar onu qabağa veriblər. Çünki onların onilliklər boyu firavan həyatını təmin etmiş "siyasi biznes" artıq tamamilə çökmək üzrədir. Bunun qarşısını ala bilmək baxımından isə növbədənkənar parlament seçkiləri son şans hesab edilir.
Əgər, seçkilərdə indiki baş nazir Nikol Paşinyan qalib gələrsə, onun fərqli siyasi xətt tuta biləcəyi qətiyyən istisna deyil. Hər halda, Ermənistanın indiki şərtlər altında daha mövcud ola bilməyəcəyi artıq ermənilərin özlərinə də aydın olmağa başlayıb. Və ciddi siyasi-ideoloji dəyişikliklərin vacib olduğunu da anlayırlar.
Sadəcə, bu reallıqla barışmağa hazır deyillər. Çünki onilliklər boyu mövcud olmuş "xəyallardan və vərdişlərdən" bir anda imtina etmək asan məsələ deyil. Üstəlik, həmin zərərli "xəyalları və vərdişləri" öz siyasi bizneslərinin əsas sərmayəsinə çevirmiş təbəqə - revanşistlər buna imkan vermək istəmirlər.
Təbii ki, məhz bu səbəbdən də "ənənəvi erməni xəyalları" və yeni ideoloji xətt arasında kəskin ziddiyyətlər yaratmağa cəhd göstərilir. Paşinyan hakimiyyətinə qarşı əsas ittihamların sırasında "türkyönümlü siyasət" iddiaları xüsusi yer tutur. İddia olunur ki, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyənin ilə "mehriban münasibətlər" siyasəti yürüdür. Bununla da "ermənilərin tarixi hədəfləri"ni ciddi təhlükə altına salır. Və bu ittihamları Paşinyan hakimiyyətinə qarşı "siyasi şantaj mövzusu"na çevirməyə çalışırlar.
Parlamentin toplantısında erməni baş nazirə "Türkiyə düşməndir, yoxsa qonşudur" sualı ünvanlanıb. O, qınaq məzmunu daşıyan bu suala əvvəlcə "Türkiyə həm düşmən, həm də qonşudur. Adətən, qonşular düşmənə də çevrilə bilirlər" kimi cavab verib.
Ardınca isə sual müəllifini və bir çox revanşistləri çaşdıra biləcək məqamlardan danışıb. N.Paşinyan deyib ki, türklərlə düşmənçilik idarəolunan olmalıdır, əks təqdirdə, bu düşmənçilik təkcə Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakət olacaq: “Uşaqlara dinc, sabit bir bölgə qoymalıyıq və düşmənçilik idarəolunan olmalıdır”.
Əlbəttə ki, erməni baş nazir Ermənistana münasibətdə tamamilə haqlıdır. Hər halda, o, ermənilərin anlamaq istəmədiyi reallığı açıq mətnlə dilə gətirib. Böyük ehtimalla erməni baş nazir bu mövzuda belə açıq danışmaqla, ilk növbədə erməniləri ayıltmaq məqsədi güdür. Ermənistan cəmiyyətini "siyasi biznesmenlər"in alətinə çevrilməkdən xilas etməyə çalışır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasını yeganə çıxış yolu hesab etdiyini qətiyyən gizlətmir. Çünki yalnız bu halda, Ermənistan kommunikasiya blokadasından çıxa, qonşu dövlətlərlə iqtisadi-ticari əlaqələr qura və hətta önəmli regional iqtisadi layihələrə qatıla bilər. Bu isə Ermənistan iqtisadiyyatının dirçəldilməsi üçün demək olar ki, ən önəmli şans anlamına gəlir.
Ancaq onun ümumiyyətlə, bu düşmənçiliyin bütün regionu fəlakətə sürükləyə biləcəyi barədə dediklərində əslində, ciddi şişirtmə var. Burada Ermənistanın region üçün əhəmiyyətini olduğundan daha böyük göstərmək cəhdi diqqətdən yayınmır. Və erməni milli faciəsini regional fəlakət təhlükəsi altında gizlətmək cəhdi sezilir.
Məsələ ondadır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin Cənubi Qafqaz regionunda elə bir ciddi problemə səbəb ola biləcəyi qətiyyən inandırıcı görünmür. Hər halda, bu regionda beynəlxalq iqtisadi layihələr Ermənistanın iştirakı olmadan da fəaliyyət göstərir. Ermənistanın kənarda qalması geopolitik və geoiqtisadi proseslərə demək olar ki, əngəl törətmir. Və Cənubi Qafqaz Ermənistansız region modelinə artıq çoxdan uyğunlaşıb.
Ona görə də, həm Paşinyan hakimiyyəti, həm də digər erməni siyasi dairələri ilk növbədə Ermənistanın gələcək taleyi barədə düşünməyə borcludurlar. Hər halda, hazırda Ermənistan gələcək taleyi fəlakət qarşısında qala biləcək yeganə region ölkəsidir. Çünki Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistandan başqa heç bir dövlətə ziyan vurmur.
Təbii ki, baş nazir Nikol Paşinyan da bu reallığı anladığından ermənilərə "türk düşmənliyinin idarəolunan modeli"nə keçməyi təklif edir. Burada Ermənistan baş naziri dolayısı ilə ermənilərin türk düşmənçiliyində bütün "qırmızı cizgilər"in aşıldığını etiraf etmiş olur. Və üstüörtülü şəkildə "məntiqli düşmənçilik" barədə düşünməyin vacibliyini qabartmağa çalışır.
Şübhəsiz ki, ermənilərin fanatik türk düşmənçiliyi ənənəsi və vərdişləri fonunda baş nazir Nikol Paşinyanın nisbətən fərqli, daha praqmatik düşmənçilik modeli təklif etməsi bəlkə də irəliyə doğru müsbət addım hesab oluna bilərdi. Ancaq bundan sonra Ermənistanın düşmənçiliyindən elə bir ciddi zərər və dostluğundan da hər hansı fayda gəlməyəcəyindən bu məsələ qonşu dövlətlər üçün əhəmiyyət daşımır.
Ancaq əgər, rəsmi İrəvan qonşu dövlətlərlə doğrudan da normal münasibətlər niyyətindədirsə, onda "idarəolunan düşmənçilik" və s. bu kimi siyasi hoqqabazlıqdan da imtina etməlidir. Çünki nə Azərbaycan, nə də Türkiyə özünə qarşı "idarəolunan düşmənçilik" hoqqabazlığına qətiyyən imkan verməz. Əlbəttə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər üçün mütləq dost olmağa ehtiyac yoxdur. Ancaq belə münasibətlər istəyən hər hansı dövlətin düşmənçilikdən tamamilə imtina etməsi isə vazkeçilməz şərtlər sırasına daxildir.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin hazırda bütün regionu fəlakətdən xilas etmək barədə düşünməsi müəyyən mənada, yersizdir. İndi Ermənistanı fəlakətə doğru götürən yoldan imtina olunması rəsmi İrəvanın qarşısında duran əsas problem rolunu oynayır. Hər halda, rəsmi İrəvan Ermənistanın gələcək taleyini real təhlükə qarşısında qoyan əsas səbəbin ermənilərin özlərində olduğunu tam dəqiqliyi ilə bilir. Ancaq hələlik bundan xilas olmağın mümkün yolları o qədər də ümidverici perspektiv vəd etmir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar