Xəbər lenti

 
Fransanın dövlət qurumlarının son zamanlar Ermənistanı dəstəkləyən açıqlamaları artıb. Bu da istər-istəməz 44 günlük savaşda ağır məğlubiyyətə uğrayan, amma bununla razılaşmaq istəməyən erməni ictimaiyyətində böyük ümidlər yaradıb. 
 
Rəsmi Parisin Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanı ölkəyə dəvət etməsi və onunla keçirilən görüşlər də bu ümidi artıran faktorlar kimi nəzərə çarpır. Hətta erməni mətbuatı açıq-aşkar KTMT-də müttəfiq olduqları, bu günə qədər strateji müttəfiqləri saydığı Rusiyanı “hərəkətsizlik”də ittiham etdikləri halda, Makronun ətəklərindən yapışmağa çalışırlar. Bir çoxları KTMT-dən çıxmaq, Ermənistanı və “DQR”-ni qorumaq üçün Fransa ordusuna müraciət etmək xəyallarını belə, gizlətmirlər.
 
Ekspertlər isə Makron hakimiyyətinin bu ermənipərəstliyinin “real sevgi”yə söykənmədiyinə, sadəcə qarşılıqlı seçki “bonusu” qazanmaq istəyindən irəli gəldiyinə inanırlar. Məsələ burasındadır ki, 2017-ci ildə böyük səs çoxluğu ilə həm prezident, həm də parlament seçkilərini qazanan Makronun Respublika Yürüşü Hərəkatı (LREM) ötən ilki bələdiyyə seçkilərində eyni uğuru göstərə bilmədi. Əksinə, bir neçə şəhər bələdiyyəsi xaricində demək olar ki, bütün Fransada seçkiləri uduzdu. Bu məğlubiyyət o qədər ağır oldu ki, Makron uğursuzluğun günahını Baş nazirin üstünə ataraq, hökuməti dəyişdirmək məcburiyyətində qaldı. Halbuki, rəy sorğuları Fransanın sabiq Baş naziri Eduard Flippinin Paşinyandan daha çox sevildiyi göstərirdi. Makron hakimiyyətinin ümum xalq gözündən düşməsinin əsas səbəbi isə son 4 ildə ard-arda yaşanan talesizliklər və Fransa prezidentinin fəaliyyətində yol verdiyi nöqsanlardır. Bütün bu uğursuzluqlarına baxmayaraq, Makron 2022-ci ildə keçiriləcək prezident seçkiləri üçün ötən ildən etibarən qollarını çırmalamamışa bənzəyir.


 
Fransada seçkilərin nəticəsinə təsir göstərə biləcək çox önəmli sayda erməni diasporası yaşayır. Dünyada Rusiya və ABŞ-dan sonra üçüncü ən böyük erməni diasporu (hardasa, 800 min) sayılan Fransa ermənilərinin milli duyğularını istismar etmək indiki şəraitdə Makron üçün suda boğulanın saman çöpünə əl uzatması qədər vacibdir. Seçkilərə isə cəmi 10 ay qədər qısa zaman qalır. Bu mənada “bildirçinin bəyliyi darı sovuşana qədər olduğu” kimi, Makronun erməni sevdasının da 2022-ci ilin 23 aprelinə qədər ömrü var.
 
Makronun erməni səsi qazanmaq sevdasının məşəqqətləri bununla da bitmir. Ermənistanı dəstəkləmək bu gün üçün ona hansısa dividentlər gətirə bilər. Bu ayın 20-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinin də Makronun növbəti prezident olmaq şansına təsir göstərmək ehtimalı var. Çünki 44 günlük müharibədən sonra erməni lobbisi də artıq əvvəlki kimi vahid deyil. Ermənistanda formalaşacaq yeni hakimiyyət uğrunda mübarizə Rusiyapərəst ermənilərlə, Qərbə bağlı ermənilər arasında ciddi fikir ayrılığına səbəb olub. Rusiyapərəstlər açıq şəkildə Qərbyönümlü Paşinyanı “vətən xain” adlandırır, onun yerinə Robert Koçaryanı gətirmək istəyirlər. Moskva da açıq şəkildə Koçaryana dəstək verir. Qərb ölkələrindəki erməni lobbiləri isə son Qarabağ məğlubiyyətinin günahını Paşinyanda yox, Koçaryanla Sarkisyanın korrupsiya yolu ilə erməni ordusuna göndərdikləri yardımları mənimsəməkdə, bir də təbii ki, Moskvanın “sözəbaxmaz” indiki İrəvan hakimiyyətini “cəzalandırmasında” görürlər. Onların mətiqinə görə, Sorosun “uşaqları” yeri gələndə Rusiyanın bayrağını yandıra, Moskva haqqında həqiqətləri gur səslə bağıra bilər, amma Kreml yenə də Ermənistanın nazı ilə oynamağa, onun işğal etdiyi əraziləri qorumağa, hətta ermənilərin əvəzinə Azərbaycanla vuruşmağa borcludur. Ermənilərin bu xəstə təxəyyülləri Makronu da pis vəziyyətdə qoyur. Fransa prezidenti nəyin bahasına olursa-olsun Paşinyanı da hakimiyyətdə saxlamalıdır.
 
Bir çox erməni mütəxəssisləri də Makronun Paşinyanı Parisə dəvət etməsini və çox yüksək səviyyədə qarşılamasını önümüzdəki seçkilərdə ona verilmiş “seçki bonusu” kimi dəyərləndirirlər. Erməni politoloqu Suren Surenyans da belə düşünənlərdir. Politoloq, Nikol Paşinyanın Paris səfərini şərh edərkən deyib: “Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Parisə səfəri ona seçkiqabağı verilmiş "bonus"dur”.
 


Politoloqun fikrincə, bu səfərdən konkret nəticələr gözləməyə dəyməz. “Makron baş nazirin səfərindən əvvəl də ifadə etdiyi mövqeyi təkrar etdi. Yəni, Fransanın yanaşmaları baş nazir səlahiyyətlərini icra edən şəxsin səfəri nəticəsində dəyişmədi. Mən heç bir yeni təşəbbüs haqqında eşitməmişəm. Yalnız ümumi xarakterli bəyanatlar var. Əslində, Fransa anlayır ki, bu regionda Rusiya ilə razılaşdırılmadan hər hansı təşəbbüsün irəli sürülməsi məqsədəuyğun deyil. Ermənistan isə hətta bu cür görüşlər vasitəsilə belə sözügüdən imkanlara nail olmağa çalışmır", - deyə Surenyans bildirib.
 
Politoloq hesab edir ki, bu görüşün nəticəsi yalnız seçkiqabağı kampaniya zamanı Paşinyana müəyyən təbliğat üstünlüyü qazandıracaq, amma bunların Azərbaycan-Ermənistan münasibətlərinə hər hansı təsiri olmayacaq.
 
Surenyansın fikrincə, təkcə Makron deyil, onun timsalında xarici oyunçuların demək olar hamısı Paşinyan hakimiyyətinin bərpası məsələsində həmrəylik göstərməyə çalışırlar: "Əlbəttə, Paşinyanın bu konsensus nəticəsində yenidən seçilməsi Ermənistanın maraqlarından qətiyyən irəli gəlmir. Lakin səfərin görünən mesajı məhz bundan ibarətdir".
 
Politoloq onu da vurğulayıb ki, seçkiqabağı dövrdə dünyanın aparıcı güc mərkəzləri adətən belə dəvətnamələr göndərmirlər. “Əgər Makron bunu edibsə, deməli seçkiqabağı yarışda Paşinyana müəyyən "bonus" verib”, - deyən Surenyans görünür, anlamır ki, Fransa prezidentinin bu jesti təkcə Paşinyana “müftə nökərçilik” etmək niyyətindən irəli gəlmir. Makron bu təşəbbüsü ilə həm də Fransa ermənilərinin rəğbətini qazanmaq və bunu özü “siyasi bonus”a çevirmək niyyətindədir.
 
Surenyans onu da vurğulayıb ki, Minsk qrupunun Rusiya və ABŞ-ın kimi digər həmsədrləri də Paşinyanın yenidən seçilməsinə qarşı deyillər.
 
Bir sözlə, Makron ermənipərəstliyi ilə təkcə özü “seçki bonusu” qazanmır, həm də eyni dividenti Paşinyana qazandırmağa çalışır.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 633          Tarix: 4-06-2021, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma