Xəbər lenti


Rusiyada məhkəmə Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə əlaqəli təşkilatları ekstremist elan edib. O cümlədən də prezident Putin və ətrafının korrupsiya əməlləri haqda araşdırmalar dərc edən Korrupsiya ilə Mübarizə Fondunu. Bu onların qanunsuz elan olunması deməkdir – faktiki olaraq hakimiyyət bu təşkilatların fəaliyyətini terrorzmə bərabət tutub.

“Novaya qazeta”nın məlumatına əsasən, Moskva şəhər məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunu (KMF), Vətəndaş Haqlarının Müdafiəsi Fondunu və “Navalnının qərargahları”nı ekstremist təşkilat elan edib və onların dərhal ləğv edilməsi və fəaliyyətlərinin dayandırılması haqda qərar qəbul edib.

Məhkəmə qərarı iyunun 9-da axşamın gec saatlarında qəbul edib. Məhkəmə prosesi qapalı olub və 12 saat davam edib.
Navalnının təşkilatlarının ekstremist kimi tanınması tələbi ilə iddianı məhkəməyə aprelin 16-da Moskva prokurorluğu “rəngli inqilab” ssenarisindən də istifadə etməklə “konstitusiya quruluşunun dəyişdirilməsi üçün şərait yaratmaq” məqsədilə “onların faktiki olaraq ekstremist fəaliyyət həyata keçirməsi ilə bağlı” təqdim edib.

İndən belə bu təşkilatların fəaliyyətinin davam etdirilməsinə cəhd cinayət hesab olunacaq və azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bu yaxınlarda Rusiya Dövlət Duması “ekstremist təşkilatlara” aidiyyatı olan və hətta onları dəstəkləyən şəxslərin seçkilərdə iştirakını qadağan edən qanun qəbul edib.

Polis Rusiya müxalifətinin lideri Aleksey Navalnının  portretinin əks olunduğu divarı rəngləyir. Sankt-Peterburq, 28 aprel 2021. REUTERS/Anton Vaganov
Həbsdə olan Aleksey Navalnı məhkəmənin qərarını şərh edib.



“Biz ad deyilik, kağız deyilik, heç ofis də deyilik. Biz korrupsiyaya qarşı, ədalətli məhkəmə və qanun qarşısında bərabərliyin tərəfdarı olan Rusiya vətəndaşlarını birləşdirən və təşkilatlandıran bir qrup insanıq. Belələri milyonlarladır. Siz beləsiz. Hələ ki, siz varsız biz də olacağıq”, – siyasətçinin İnstagram səhifəsindəki paylaşımında deyilir.

Navalnının silahdaşı Leonid Volkov aprelin 29-da Navalnı qərargahlarının bağlandığını rəsmən elan edib. Onun sözlərinə görə, qərargahların fəaliyyətində iştirak əməkdaşlar və könüllülər üçün cinayət məsuliyyəti yaradacaq.

Navalnı “Noviçok” kimyəvi silahı ilə zəhərləndikdən və möcüzə nəticəsində sağ qaldıqdan sonra müalicə aldığı Almaniyadan yanvarın 17-də Rusiyaya qayıtdığı zaman elə aeroportdaca həbs ediləndən bəri Rusiya hakimiyyəti müxalifət liderinin tərəfdarlarının təqibini davam etdirir.
Daha sonra məhkəmə ona qarşı açılmış cinayət işlərindən biri üzrə aldığı şərti cəzanı real həbslə əvəz edərək, onu 2 il və səkkiz ay müddətinə azadlıqdan məhrum edib.

JAMnews


Ana səhifəyə qayıt        Baxış: 3 804          Tarix: 12-06-2021, 04:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma