Xəbər lenti
 
 
Taliban”ın Əfqanıstan ərazilərini bir-bir ələ keçirməsi Mərkəzi Asiya ölkələrində ciddi narahatlıq yaradır. Əfqanıstanla ən uzun sərhədə malik olan Tacikistan artıq KTMT ölkələrindən hərbi yardım istəyib. Moskvanın bu çağırışa cavabı isə təxminən belə olub: ““Taliban”ın Əfqanıstan sərhədlərini keçəcəyini təxmin etmirik. Əgər buna cəhd edərsə, problemi KTMT-də müzakirəyə çıxararıq”.
 
Moskvanın “Taliban”ın Əfqanistan sərhədlərini keçməyəcəyinə inamı  sözügedən təşkilatın Qətərdən gələn bir qrup təmsilçiləri tərəfindən veriləm sözə söykənir. Məlumata görə, onlar Kremli əmin ediblər ki, Rusiyanın maraq dairəsinə toxunmayacaqlar və keçmiş SSRİ sərhədlərini keçməyəcəklər. Kremlin bu vədə etibar etməsindəki səmimiyyət inandırıcı görünmür. 
 
Əvvəla, ona görə ki, “Taliban”ın ciddi qrupları Qətərdə yox, Əfqanıstanda otururlar. Həlledici qərarları da onlar verirlər. Qətərdə isə sadəcə “Taliban”ın siyasi qanadının təmsilçiləri ola bilər ki, bu adamların sözünə islamçı qrupların əməl edəcəyi xeyli şübhə doğurur. 
 
Üstəlik, “Taliban” kimi dini qrupların istinad etdiyi İslam şəriətində “darül-hərb” elan olunan ölkələr qarşısında əhdə vəfadarlıq vacib şərt sayılmır. Hətta müharibə şəraitində hiylədən istifadə etmək halal bilinir. Ən əsası isə vəd verdiyin tərəf kafirdirsə, onun qarşısında öhdəlik götürmək böyük qəbahətdir. Adətən “kafir”lərə verilən sözlər onları aldatmaq üçündür.
 
Sözsüz ki, 1979-1989-cu illərdə Əfqanistanda 10 illik ağır imtahandan çıxan Moskva da bu həqiqəti bilməmiş deyil. Bu mənada onun “Taliban”ın sözlərinə “etibar etməsi” real inamın yox, çarəsizliyin göstəricisidir. Bütün bu amillər və ehtimallar Moskvanın Mərkəzi Asiyada növbəti bataqlığa çəkildiyinin fərqində olmasından və çalışdığı qədər ondan yayınmaq istəməsindən xəbər verir. “Məsələyə KTMT-nin toplantısında baxarıq” ifadəsi də qəti mövqe ifadə etmir və Moskvanın ən kritik anda təşkilat qarşısında böynuna götürdüyü öhdəliyə əməl edəcəyinə şübhə yaradır.


 
Digər tərəfdən, Moskvanın “Taliban”a qarşı mübarizədə məsuliyyəti KTMT üzvləri ilə bölüşdürməsi də anlaşılan deyil. Zira KTMT-nin 6 üzvü var. Onlardan biri Ermənistandır ki, dərmanı olsa öz başına sürtər. 44 günlük savaşdan sonra ordusu tamamilə yox olmaq həddinə gələn İrəvanın Tacikistana əsgər göndərməsi “Məlik Məmməd” nağılına oxşayır.
 
KTMT-nin digər üzvü Belarusdur ki, Minskin başı həmsərhəd Polşa, Ukrayna, Baltikyanı ölkələrlə dərdlədir. Onun özünə hazırda hərbi dəstək lazımdır. 
 
Bir başqa KTMT ölkəsi Qazaxıstanı Əfqanıstandan hələlik birbaşa təhdid gözləmir, çünki onun sərhədlərindən xeyli uzaqda yerləşir. Qazaxıstanı Əfqanıstanla arasındakı Tacikistan, Özbəkistan və Türkmənistan kimi bufer ölkələr qoruyur. Bununla belə, Qazaxıstanın onu da gözləyən təhlükəni bufer zonada qarşılaması öz müdafiə strategiyası üçün uyğun seçənək kimi görünür. Yəqin ki, bu dəstəyi də bacardığı səviyyədə verəcək. Bu da silah və ya maliyyə yardımı şəkilində ola bilər. İndiki zamanda Əfqanıstanla sərhəddə yerləşən Mərkəzi Asiya ölkələri üçün bu, əlbəttə, yetərli deyil.
 
Digər KTMT üzvü Qırğızıstanın maliyyə və hərbi qüdrətinin “Taliban”la döyüşəcək səviyyədə olmadığı ortadadır. Bişkek hətta istəsə belə, müttəfiqlərinə çox ciddi dəstək verə bilməz. 


 
KTMT-nin digər üzvü Tacikistandır ki, zatən onun özünün bu yardıma ehtiyacı var. Digər Mərkəzi Asiya ölkələrindən olan Özbəkistan və Türkmənistan isə KTMT üzvü deyillər, üstəlik, onların özünü də Əfqanıstandan eyni təhlükə gözləyirlər. Bu vəziyyətdə həmin ölkələrin ordu birliklərini öz sərhədlərini qorumaq üçün saxlaması daha məntiqli təsir bağışlayır və KTMT üzvü olmadıqlarından Tacikistana yardım etmək öhdəlikləri də yoxdur.
 
Belə aydın olur ki, Tacikistana KTMT olaraq yardım edəcək yeganə ölkə Rusiyadır. Rusiyanın isə başı Cənubi Qafqazda, Baltik və Qara dənizdə, Suriyada qalmaqallara qarışıb. Bir də onun Tacikistanla sərhəddə “Taliban”la uğraşması həm hərbi qüdrətini bir neçə yerə parçalaması, həm də altından çıxa bilməyəcəyi maliyyə yükünün altına girməsi deməkdir.
 
Dərd burasıdır ki, Moskvanın Tacikistanda “Taliban”a qarşı döyüşünü maliyyələşdirəcək KTMT üzvü də yox səviyyəsindədir. Ermənistan və Qırğızıstanın maliyyə durumu ürəkaçan deyil. Belarus da Moskvanın sözü ilə oturub durduğu üçün ağır sanksiyalara məruz qalır və bu da onun iqtisadi vəziyyətini daha da pisləşdirir. Bir də Moskvanın Tacikistandakı avantüralarına pul ayırmaq... Cənab Putin qüsura baxmasın, Batya o qədər də “səxavətli sadəlövh”ə oxşamır. 
 
Qazaxıstana gəlincə, “Taliban”ı özü üçün ciddi təhdid kimi görən Nur Sultan üçün yaxın təhlükə Tacikistandan yox, Özbəkistandan və Türkmənistandan gələ bilər. Çünki Tacikistanla onun arasında da qərbdən Özbəkistan, şərqdən isə Qırğıstan var. Əfqanıstanın digər qonşuları olan Özbəkistanla və Türmənistan isə birbaşa Qazaxıstanla həmsərhəddir. KTMT üzvləri olmasa belə, Qazaxıstanın onları maddi, mənəvi cəhətdən dəstəkləməsi öz milli təhlükəsizlik və müdafiə strategiyasına daha çox cavab verir. Görünən budur ki, Tacikistanın maddi yükünü də təkbaşına Rusiya çəkməli olacaq.


 
Qazaxıstanla birbaşa həmsərhəd olan Mərkəzi Asiya ölkələrinə arasında, zənnimizcə, ən zəif bənd Türkmənistandır. Əvvəla, ona görə ki, Özbəkistanla müqayisədə onun Əfqanistanla daha geniş sərhədi var və bu sərhəd hardasa Tacikistanla eyni böyüklükdədir. Əfqanıstanın Tacikistanla sərhədi 900 km-dən bir az artıq, Türkmənistanla isə 804 km-dir.
 
Üstəlik, bu qədər geniş sərhədə sahib olmasına baxmayaraq, Türkmənistanın əsgəri gücü və əhalisinin sayı da xeyli azdır. Sovet hakimiyyəti dağılmamışdan əvvəl 4.5 milyona yaxın əhalisi olan Türkmənistan xalqı müstəqillik qazandıqdan sonra Moskvaya bağlı despot idarəçilərin zülmü altında get-gedə əridi. Ölkəni tərk edib xaricə qaçanların sayəsində hazırda Türkmənistanda 2.7-2.8 milyon əhalinin yaşadığı qeyd olunur. “Taliban” təhlükəsi əhalinin yeni axınlarına yol açır. Halbuki, son 30 ildə Türkmənlərin sayının bir milyondan çox artması, hətta 6 milyona çatması proqnozlaşdırılırdı. “Azadlıq radiosu”nun Türkmən redaksiyası isə bu ölkənin depopulyasiya prosesi yaşadığından xəbər verir.
 
Xəbərdə deyilir:
 
“Türkmənistan dünyanın ən qapalı ölkələrindən biridir, onu yalnız Şimali Koreya və ya Eritreya ilə müqayisə etmək olar. Enerji resursları ilə zəngin olan Türkmənistan "rəqiblərindən" fərqli olaraq, son 5-6 ildir ağır iqtisadi böhrana düçar olub. İndi isə deyəsən, Türkmənistan daha fundamental problemlə – demoqrafik böhranla üzləşib. Türkmənistan 2022-ci ildə əhalinin siyahıyaalınmasına hazırlaşır və bu prosesə bilavasitə hazırlıq məqsədilə fəaliyyət göstərən “Azatlık” radiosunun mənbələri iddia edirlər ki, ilkin məlumata görə, hazırda Türkmənistanda 2,7-2,8 milyon nəfər yaşayır. Bu məlumatı bir-birindən müstəqil olan üç mənbə təsdiq etmişdir.
 
Qeyd edək ki, hər üç mənbə əhali arasında aparılan gizli sayım, onların nəticələrinin emalı və təhlili prosesinə aid olan dövlət orqanlarının əməkdaşlarıdır.
 
Mənbələrdən birinin sözlərinə görə, 2022-ci ildə əhalinin siyahıyaalınmasının və mənzil fondunun təşkilinə cavabdeh olacaq qurum artıq Türkmənistan Prezidentinin Administrasiyasına təqdim edilməsi üçün ilkin məlumatları toplayıb. Bütün hesablamalara görə, əhalinin "faktiki sayı" 2,7-2,8 milyon nəfərdir.


 
"Hazırda əhalinin faktiki sayında "kölgə siyahıya alınması" nı başa vurublar. Digər birbaşa və dolayı məlumatlardan – orduya çağırışçıların, məktəb məzunlarının, ali məktəblərdə şagirdlərin, uşaq bağçalarının yetirmələrinin, məhbusların, Miqrasiya Xidmətindən gələn və ölənlər barədə məlumatlardan, anadan və dünyasını dəyişənlər haqqında qeydiyyat vərəqələrindən və s. informasiyalardan istifadə edilmişdir. Bütün hesablamalara görə, bu ilin əvvəlinə Türkmənistanın əhalisi təxminən 2 milyon 700 min nəfərdir",-deyə mənbə bildirir.
 
“Azatlık”ın keçmişdə etibarlı məlumat aldığı ən azı iki mənbə də bu məlumatları təsdiqləyir”.
 
Göründüyü kimi, ciddi demoqrafik böhranla üzləşən Türkmənistanın bugünkü durumu onu “Taliban”ın asan yeminə çevirir. Üstəlik, nəzərə alsaq ki, ölkə əhalisinin ən azı yarısı Aşqabadın zülmü nəticəsində doğma yurdunu tərk edib, bu, hazırda Türkmənistanda yaşayanların da “Taliban”a ümid yeri kimi baxmasına şərait yarada bilər. Əlbəttə ki, bu durumda Türkmənistana sadəcə maddi və hərbi yardım vermək azdır. Həm də ölkə rəhbərliyini demoqrafik böhrana yol açan zülm siyasətinin bütün ölkə kimi, onların da taxtını laxlatdığına inandırmaq lazımdır. İnandırmaq lazımdır ki, demokratik açılımlara getmədən Türkmənistanı bu təhlükəli vəziyyətdən xilas etmək mümkün olmayacaq. 
 
Əslində bu sözlər təkcə Türkmənistan üçün keçərli deyil. Nə yazıq ki, bütün Türk dünyası, o cümlədən biz türkmən qardaşımızdan ibrət dərsi almalıyıq.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 619          Tarix: 10-07-2021, 23:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma