Xəbər lenti

 
Ermənistan böyük faciə ərəfəsindədir”. 
 
Ovqat.com xəbər verir ki, Ermənistanın “Armenianreport” nəşri Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birgə əməkdaşlıq niyyətlərini bu cür şərh edib.
 
Razmik Akopcanyan adlı müəllifin “Böyük faciə ərəfəsində sərlövhəli yazısının tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.
 
“İyulun 27-də “Arsax”a və Ermənistana qarşı növbəti təxribat olacaq. Çərşənbə axşamı Türkiyə, Azərbaycan və Pakistan parlamentləri sədrləri Mustafa Şentop, Sahibə Qafarova və Əsəd Qeysərin ilk üçtərəfli toplantısı keçiriləcək. Bu təxribatın zərərliliyinin və təhlükəsinin miqyasını obyektiv qiymətləndirmək belə, mümkün deyil.
 
Bakı KİV-in yazdığına görə, bu görüşdən sonra hər üç ölkənin parlament nümayəndələrinin Şuşaya səfəri gözlənilir. Mənbənin məlumatına görə, Bakıya hər iki ölkədən nümayəndə heyətlərinin tərkibində 60-dək insan gələcək. Qeyd olunur ki, iclasdan sonra Şuşada Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında xüsusi bəyannamə imzalanacaq.
 
“İşğal olunmuş” Şuşada belə bir iclasın keçirilməsi faktının özü rəsmi Bakının ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinə qarşı birbaşa, cəsarətli addımdır. Onların xarici səfirlərdən ibarət nümayəndə heyətinin tərkibində Şuşaya getməkdən imtinasının (əslində həmsədr dövlətlərinin səfirləri Şuşaya səfər təklifindən konkret imtina etməmiş, sadəcə bu səfərə qoşulmamışdılar. Səfərə çıxmamaq ayrı şeydir, səfərdən rəsmi imtina ayrı şey. Nə yazıq ki, Azərbaycandakı 5-ci kolonun himayəsində olan media qurumları ABŞ və Fransanı gözdən salmaq üçün bu faktı şişirdərək beynəlxalq ajiotaja yol aça və ermənilərin ideoloji mübarizəsinə arqument qazandıra bilmişlər – Ovqat.com) bütün effekti sıfırlanır. Ankara ilə tandemə indi İslamabadı da əlavə etməklə Bakı öz gündəliyini dünyaya zorla qəbul etdirməyə çalışır.
 
Bəyannamənin Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, üç ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsini və digər sahələri əhatə edəcəyi haqqında informasiyalar səslənir. Bu məqamda xatırlatmaq istəyirəm ki, Prezident Əliyevlə Ərdoğanın imzaladıqları "Şuşa Bəyannaməsi"nin mətnində Azərbaycanla Türkiyəni birləşdirən "Zəngəzur Dəhlizi"nin açılması məsələsi qoyulur. Yəni, Sünik (Qərbi Zəngəzur-Ovqat.com) üçün ərazi iddiaları var. İndi Bakı və Ankara sözdən işə keçiblər. İslamabad nüvə dövlətidir, o da bu təşəbbüsü dəstəkləməyə qərar verdi! Bundan əlavə, Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə dəmir yolunun Ermənistanla sərhədədək çəkilməsinə artıq start verib.
 
Bakı KİV-i açıq yazır ki, Naxçıvan dəmir yolunun böyük hissəsi artıq fəaliyyət göstərir, çatışmayan hissəsi də tikiləcək, inşaatçılar lazımi tapşırıq alıblar, problemlərin maliyyələşdirilməsi ilə bağlı problem də yoxdur. Türkiyənin bu hissəsində Naxçıan - Qars, eləcə də Qars - Aralıq – Dilucu layihələri başa çatıb. Bu isə o deməkdir ki, tezliklə Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri Cənubi Qafqazdan keçəcək.
 
Bununla yanaşı, Ermənistanın maraqlarını heç kim nəzərə almaq niyyətində deyil! Bakıda vurğulayırlar ki, Azərbaycan-Naxçıvan arasındakı "Zəngəzur dəhlizi" regionda bütün digər nəqliyyat layihələrinə daha ucuz alternativdir; çünki daha qısa yol təklif edir. Həm də bütün bunlar Bakının öz nəqliyyat-logistika potensialını durmadan artırmağa imkan verir.
 
Bu, sadəcə olaraq bizim hər birimiz üçün, Ermənistanın mövcudluğu üçün təhlükə deyil, həm də düşmənin artıq sərtləşmiş boynunda bir boğazdır. Üstəlik, bu xain layihə hər şeydə öz qazancını hesablayan "strateji müttəfiqimiz" Rusiyanın səssiz razılığı ilə həyata keçirilir. Əliyev əbəs yerə Putinlə görüşməyə getmədi. Onlar hər şeyi müzakirə edib razılaşdırıblar, bizi isə fakt qarşısında qoyublar. Rusiya ilə hər şey çoxdan aydındır. Bəs ABŞ və Fransa hara baxır?! Bütün bu layihələrin həyata keçirilməsini dayandıra biləcək qərarların qəbul edilməsi üçün vaxt sadəcə qalmadığını dərk edə bilmirlər? Vaşinqton və Parisdə Bakı, Ankara və İslamabadın planlarının reallaşmasının nə ilə nəticələnə biləcəyini görmürlər? ABŞ və Fransa regionu birdəfəlik itirir. Bu isə Çinlə əlacsız müharibəyə girmiş amerikalıları narahat etməyə bilməz.
 
Azərbaycan, Türkiyə və Pakistana qarşı sanksiyalar haradadır? Bu ölkələrə siyasi təzyiq haradadır? Doğrudanmı, hər şey yenidən "dərin narahatlıq" ifadəsi ilə bitəcək?! Hərçənd, Ermənistan prezidenti taleyüklü məsələlərin müzakirə olunduğu bir məqamda, olimpiyaçılarla birlikdə Yaponiyadaykən, ABŞ-dan Fransadan nə gözləyirik? Əgər hakimiyyət məğlub, kapitulant və xain komandanın əlindədirsə, biz başqalarından nə gözləyə bilərik?! Bu sualları bizə hər kəs verə bilər və bizim onlara heç bir cavabımız yoxdur”.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 281          Tarix: 27-07-2021, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma