Xəbər lenti

 
Ermənistanın neçə həftədən bəri Azərbaycan sərhədi boyunca gərginliyi artırmasının səbəbi bəlli oldu.
 
Ovqat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanı Ermənistan-Azərbaycan sərhədlərinin monitorinqini aparmağa dəvət edib. O bildirib ki, əks halda bu xahişlə ATƏT-ə və ya digər beynəlxalq qurumlara üz tutmalı olacaq.
 
Faktiki olaraq öz dövlət sərhədlərini Rusiya ordusunun ixtiyarına buraxmaq və ya digər beynəlxalq qüvvələri Cənubi Qafqaza çağırmaq mənasına gələn həmin bəyanatda deyilir:
 
"Azərbaycanın hərəkətləri həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını gözdən salmaq məqsədi daşıyır. Azərbaycan Silahlı Qüvvələri qanunsuz olaraq Ermənistan ərazisində (Sotk-Honavar) qalmaqda davam edir və KTMT-ni gözdən salmaqla təxribatçı hərəkətlərə əl atır. Eyni zamanda Azərbaycan Ermənistanı təxribatlarda ittiham edir.
 
KTMT üzvü olaraq, Ermənistan bu ilin sentyabr ayından etibarən KTMT -yə sədrlik edəcəyini nəzərə alaraq, müttəfiqlərini hərbi əməliyyatlara cəlb etmək üçün bütün məsuliyyəti dərk edir, hər hansı bir təxribatdan uzaq durmağa çalışır. Problemin mümkün həlli KTMT fəaliyyətinin hüquqi tənzimləmələrində nəzərdə tutulan Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidə missiyasının yerləşdirilməsi ola bilər.
 
KTMT tərəfindən belə bir missiyanın həyata keçirilməsinin mümkünsüzlüyü ortaya çıxarsa, ATƏT -in Minsk qrupu da daxil olmaqla, digər beynəlxalq formatlar bizim üçün məqbul ola bilər”.
 
Bəyanatdan da göründüyü kimi, Paşinyan Qərb hərbi qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdən bəhs edir. Qərb ölkələrinin əsasən NATO qüvvələri, Cənubi Qafqazın isə Rusiyanın “qırmızı cizgisi”nə daxil olduğunu nəzərə alsaq, bu, regionun iki ölkəsində Şimali Atlantik Alyansının möhkəmlənməsi deməkdir. Gürcüstanın da çoxdan NATO-nun nəzarəti altına keçdiyini hesaba qatsaq, Paşinyanın bu arzusu baş tutarsa, Rusiya regionu tamamilə itirə bilər.
 
Təbii ki, ermənipərəst Fransa ordusunun Ermənistanla sərhədə toplanmasına Türkiyənin də seyrçi qalması mümkün deyil. Eyni zamanda Pakistan da strateji müttəfiqimiz kimi kənarda dayana bilməz. Paşinyanın bu təxribatçı təklifi Cənubi Qafqazın beynəlxalq güc mərkəzlərinin hesabalaşdığı poliqona çevrilməsi mənasına gəlir ki, bu da Moskvanın qəbul etməyəcəyi durumdur. 
 
Görünən budur ki, Paşinyan bu bəyanatı ilə əslində Rusiyanı şantaj etməyə və öz yanına çəkməyə çalışır.
 


Ana səhifəyə qayıt        Baxış: 6 636          Tarix: 29-07-2021, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma