Xəbər lenti

 
Ötən günlərdə Azərbaycanın müvafiq dövlət qurumları həm İranın, həm də Rusiyanın Qarabağda yürütdükləri siyasəti tənqid edən iki fərqli bəyanat yaydı. Müdafiə Nazirliyinin 11 avqust 2021-ci il tarixli bəyanatında Rusiyanın üçtərəfli razılaşmada üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi açıq şəkildə vurğulanır və erməni silahlılarının bölgədə qanunsuz olaraq yerləşdirildiyi bildirilirdi. 
 
Eyni gündə və eyni sərtlikdə digər bir bəyanat isə XİN tərəfindən səsləndirildi. XİN-in bəyanatının hədəfi isə İran idi. Bəyanatda vurğulanırdı ki, İran səfiri XİN-ə çağırılaraq Azərbaycanın icazəsi olmadan cənub qonşumuzdan Qarabağa yük daşındığı onun diqqətinə çatdırılmış və buna son qoyulması tələb olunmuşdu. XİN-in iddiasına inansaq, bu barədə İrana nota verilmişdi.
 
Ovqat.com-un məlumatına görə, Azərbaycanın bu haqlı bəyanatlarından sonra həm Rusiyadan, həm də İrandan mehriban qonşuluq münasibətləri ilə bir araya sığmayan cavablar gəlməyə başladı. Rusiya Müdafiə Nazirliyi dünən yaydığı məlumatda Hadrut rayonunda atəşkəs rejiminin pozulduğunu və rus “sülhməramlı”nın öz vəzifə borcunu yerinə yetərərək tərəfləri sülhə çağırdığı bildirildi. Halbuki, 10 noyabr Bəyanatında Qarabağda erməni hərbi qüvvələrinin yerlədirilməsinin yol verilməzliyi açıq mətnlə ifadə olunur. Dolayısıyla Rusiyanın erməni separatçılarını tərəf saymasının özü belə, mövcud sənədin tələblərinin Moskva tərəfindən pozulmasının açıq etirafı kimidir.
 
İranın rəsmi media qurumları isə bu ölkənin Azərbaycandakı səfirliyinə istinadən onlara heç bir nota verilmədiyini iddia edir. Bir növ, Azərbaycan XİN-nin notasını nota saymadıqlarını ortaya qoyurlar. Bu isə o deməkdir ki, biz əvvəlki kimi, erməni separatçılarına yük daşıyacaq, onları silah və sursatla təmin edəcəyik


 
Azərbaycan hakimiyyətinin həm İrana, həm də Rusiyaya nə cavab verəcəyini müəyyənləşdirməyi rəsmi Bakının öz ixtiyarına buraxırıq. Bizi narahat edən əsas məsələ isə bu cür fəaliyyətlərin qarşısının alınmamasının yaradacağı təhlükə ilə əlaqədardır.
 
Məlumatların analizi və bölgədən çəkilən video-görüntülər təsdiqləyir ki, Rusiyanın “sülhməramlı” kontingentinin yaratdığı toxunulmazlıq  münbitindən istifadə edən İrana bağlı qüvvələr Qarabağ ermənilərinə təkcə silah vermir, həm də onlar üçün istehkamlar hazırlayırlar. Bir müddət əvvəl Azərbaycan əsgərlərinin Şuşa ətrafında erməni terrorçuları ilə döyüşündən sonra düşmən tərəfin yaydığı bir video-görüntü bu istehkamdan çəkilmişdi. Hər tərəfdən beton pilitələrlə əhatəyə alınmış istehkamın gələcəkdə daha da böyüdüləcəyi və şaxələndiriləcəyi şübhə doğurmur. Bu isə gələcəkdə Qarabağın erməni separatçılarının əlində qalan hissəsində terrorizmə qarşı mübarizəni çətinləşdirəcək infrastrukturun qurulmasına qədər uzana bilər.


 
İranın bu cür bölgələrdə güclü istehkamlar, hərbi infrastrukturlar qurmasının bariz örnəkləri də var. Vaxtilə İraqla müharibəsində bu cür sığınacaq-istehkamları uğurla sınaqdan çıxaran İran ayağı dəyən hər yerdə bənzər yeraltı tunellər qurur və güclü düşmənə qarşı assimetrik mübarizəsini davam etdirir. Belə tunel istehkamlardan hazırda ən ünlülərindən biri Fələstində, digəri isə Livanda yaradılıb. İsrailin “Alma” elmi - təhsil mərkəzinin dünən yayımladığı “Hizbullahın tunel yurdları – İran-Şimali Koreya bağlantısı” adlı hesabatında məhz bu tunel-istehkamdan bəhs olunur.
 
Hesabatda qeyd olunur ki, “Hizbullah"a məxsus qruplaşmanın işçi heyətinin və silahlarının hərəkət etməsinə imkan yaratmaq üçün İsraillə sərhəddə geniş miqyaslı regionlararası şəbəkə şəkilli tunellər salınıb.  Bildirildiyinə görə, İsrailin şimal sərhədlərində qurulan bu tunellər Şimali Koreyanın və İranın köməyi ilə 2006-cı ildə İkinci Livan müharibəsindən sonra inşa edilib və Qəzza sektorunda HƏMAS tunellərindən daha genişdir.


 
Bu tunel şəbəkəsi Hizbullahın mərkəzi qərargahı olan Beyrut bölgəsini qrupun logistik əməliyyat arxa bazası olaraq istifadə etdiyi Cənubi Livandakı Beqaa bölgəsinə bağlayır”, - yazılan hesabata görə, sözügedən yeraltı istehkamlar "tam təchiz olunmuş yüzlərlə döyüşçünün gizli və sürətli şəkildə yeraltına çəkilməsinə" imkan verir. 
 
Tunellərin "müdafiə mövqelərini gücləndirmək, yaxud təhlükəsiz və görünməz bir şəkildə hücum etmək üçün motosiklet, dörd velosiped və digər kiçik nəqliyyat vasitələrinin hərəkəti üçün kifayət qədər böyük” olduğu vurğulanan hesabatda şəbəkənin ümumi uzunluğunun yüzlərlə kilometr təşkil edə biləcəyi qeyd olunur. Hətta bir istiqamətdə Sidon rayonunu Bekaa ilə birləşdirən tunel xəttinin təxminən 45 kilometr uzandığı bildirilir.
 
"Bizim gəldiyimiz qənaətə görə, layihənin bir hissəsi əl - Həsəniyyə və Vasi əl-Leymun - Barti – əl-Sfent (Sniya və Büslay arasında) - Mizra Kafra - Cənubi Jalta arasındakı Jensna Vadisinin coğrafi zonasından keçir. Bundan başqa, əl-Tsuan– əl-Rummaneh– Cabal turun (radar) – Luize – Seyjud – Mizra az-Zagrin – əl-Ayşa – əl-Kotrani - əl - Sriri - Braşa Cabur - Meydun (radar) coğrafi rayonundan Qərbi Bekaaya qədər davam edir", - deyə hesabatda bildirilir.
 
Bildirilir ki, tunellərdə HƏMAS döyüşçüləri üçün yeraltı komanda və idarəetmə otaqları, silah və təchizat anbarları, sahə klinikaları və hər növ (yerdən-yerə, tank əleyhinə və s.) raketləri atmaq üçün qurğu sistemləri var.
 
Hesabatda tunellərin artilleriya atəşləri üçün də istifadə edildiyini və bağlanmadan əvvəl qapaqlarının qısa müddətdə açıldığı bildirilir. Müəlliflərin fikrincə, tunellərin üzərindəki örtük elə kamuflyaj edilib ki, uzaqdan aşkarlamaq olmur.
 

 
Məruzədə bildirilir ki, "Hizbullah"ın tunellər şəbəkəsi Pxenyanın dəstəyi ilə "Koreya dağ-mədən sənayesinin inkişafı korporasiyası" yeraltı infrastrukturun inkişafı üzrə ixtisaslaşmış bir şirkət tərəfindən inşa edilib. Tunellərin faktiki inşası "Cihad-Hizbullah" Tikinti Fondu tərəfindən həyata keçirilib.
 
2018-ci ildə İsrailin Müdafiə Ordusu İsrailin şimalındakı "Hizbullah" tərəfindən qazılmış bütün sərhəd tunellərini aşkar etmək və məhv etmək üçün "Şimal qalxanı" əməliyyatına başlayıb. Hərbçilər altı tunelin aşkarlayıb məhv etdiklərini söyləyirlər.
 
Qeyd edək ki, bu cür tunellər 44 günlük savaş zamanı Qarabağın müxtəlif bölgələrində də ortaya çıxmış, Azərbaycan ordusu tərəfindən sıradan çıxarılmışdır. O zaman tunellərin kim tərəfindən hazırlandığı müəmmalı qalmış və Azərbaycan hakimiyyəti nədənsə bunu araşdırmamış, yaxud araşdırmalarının nəticəsi ilə ictimaiyyəti tanış etməmişdir. 
 
Hazırda İranın dayanmadan Qarabağa yük daşıması və rəsmi Bakının bütün israrlı tələblərinə baxmayaraq, bu işdən vaz keçməməsi bənzər istehkamların işğal altında olan ərazilərimizdə də inşa edilməsi ehtimalını ağla gətirir. Nədən ki, işğal altındakı ərazilərimizə bizdən xəbərsiz nələrinsə daşınmasını və İran tərəfindən notamızın kağız parçası kimi qəbul olunması başqa cür düşünməyə əsas vermir.


Qarabağda ermənilərin qurduğu tunel-istehkamlardan biri

 Nəzərə alsaq ki, Rusiya “sülhməramlıları” da Qarabağın işğal altında qalan ərazilərinə hərbi şəhərciklər salmaq adı altında tikinti materialları daşıyırdı, Livandakı Şimali Koreyanın yerini Qarabağda Rusiyanın almadığını da heç kim söyləyə bilməz.
 
Bütün bu təhlükələri saf-çürük edən Azərbaycan hakimiyyəti İrandan Qarabağa yük daşıyan maşınların dayandırılması üçün bütün tədbirləri gözdən keçirməli, öz öhdəlik borcunu yerinə yetirməyən rus “sülhməramlı”larının dərhal bölgədən çıxarılması məsələsini qaldırmalı, xüsusilə Laçın dəhlizini nəzarətə götürməlidir. Əks təqdirdə 10 noyabr Bəyanatının müddəti uzadılmasa və 4 ildən sonra rus “sülməramlı”ları ordan çıxsa belə, İranın bu müddət ərzində Qarabağı 100 km-lərlə uzan köstəbək yuvasına çevirməsi Azərbaycan üçün bitməyən problem halına gələcək.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 296          Tarix: 13-08-2021, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma