Xəbər lenti

 
“Bəli, Paşinyan, Əliyev deyil. Əliyevə heç yaxın da deyil!”
 
Rusiyanın son zamanlar Ermənistanı açıq şəkildə dəstəkləməsi, öz rəsmi şəxsləri tərəfindən müəyyən mesajlar ehtiva edən addımlar atması Bakıda haqlı olaraq ciddi narazılıq doğurur. Belə addımlardan biri də ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş rusiyalı həmsədri İqor Xovayevin İrəvana səfəridir
 
Bu səfər çərçivəsində Xovayev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüş və tərəflər Qarabağ məsələsini müzakirə etmişlər. Rus diplomatın bu addımı faktiki olaraq, Azərbaycanın Qarabağ üzərindəki suverenlik haqlarına, beynəlxalq hüquq normalarına, Prezident İlham Əliyevin ötən il dekabrın 12-də çağırılmamış qonaq statusunda Bakıya gələn ATƏT-in Minsk Qrupunun ABŞ və fransalı həmsədrlərinə verdiyi mesajlara hörmətsizlik kimi səciyyələndirilə bilər. Nədən ki, Qarabağ əgər Azərbaycanın tərkib hissəsidirsə (ki, bütün beynəlxalq qurumlar tərəfindən bu cür qəbul olunub), o zaman bizim ərazi bütövlüyümüzə aid olan məsələ hansı haqla İrəvanla müzakirə olunur?
 
Maraqlıdır ki, ermənilərə açıq-aşkar dəstək kimi görünən, və Azərbaycanın suverenliyini şübhə altına alan bu hərəkət İrəvanda da birmənalı qarşılanmayıb. Ovqat.com-un məlumatına görə, bir sıra erməni media orqanları Paşinyanın rusiyalı həmsədri qəbul etməsini Moskvaya tabeçilik, “milli” maraqlara xəyanət, cəsarətsizlik kimi qiymətləndirib. Erməni analitik Tevos ArşakyanArmenianReport” saytında dərc olunan “Rusiyalı həmsədrə qapının ardını göstərməyə Paşinyanin cəsarəti çatmadı” sərlövhəli məqaləsində yazır: 



 
“Sonuncu müharibə Paşinyanın və onun komandasının gözlərini açmalı idi. Onlar həmin müharibədə baş skripkanı kimin ifa etdiyini başa düşməli idilər. Və ən azı, bundan sonra simalarını qorumağa, özlərinə ümumxalq hörmətini yüksəltməyə çalışmalıydılar. Amma yox, seçkilərdən əvvəl də, sonra da Nikol Vovayeviç (Paşinyan) Moskvaya münasibətdə birmənalı qaydada qulluq göstərməyə davam edir. Hakimiyyətin məqsədi Ermənistanı müstəqillik qalıqlarından belə, birdəfəlik məhrum etməkdir. Bir baxın, Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirir, bizə yeni hədsiz silah kreditləri verir. Bununla bərabər, praktiki olaraq Ermənistanı “Artsax”dan geriyə qalanlar üzərində qarantorluq statusundan da məhrum edir. Putin “Arsax”ın “müstəqilliyinin” 30 illik yubileyində Paşinyanın və Sarkisyanın bölgəyə baş çəkməsinə belə, icazə vermədi”.
 
Ötən il 44-günlük savaşdan cəmi 1 ay sonra Bakıya səfər edən ATƏT-in Minsk qrupunun həmsədrlərə İlham Əliyevin qapının ardını göstərməsini xatırladan müəllif onun bu cəsarətini Paşinyanın itəatkarlığı ilə müqayisələndirir və fərqin erməni liderin əleyhinə olduğunu vurğulayır:
 
Bəli, Paşinyan Əliyev deyil. Heç Əliyevə yaxın da deyil. Əliyevin Fransa və amerikalı həmsədrlərlə davrandığı kimi, Paşinyanın İqor Xovayevə qapı göstərməyə cəsarəti çatmadı”.

 
 
Tevosun fikrincə, rusiyalı həmsədrlə ümumiyyətlə Qarabağ barədə danışmaq olmazdı. Çünki, Qarabağı Azərbaycana və Türkiyəyə, guya, Rusiya satıbmış:
 
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya nümayəndəsi ilə hansı danışıqlar aparmaq olar? Arsax”ın böyük hissəsini Əliyevə və Ərdoğana peşkəş çəkən Rusiyanın özüdür. Axı, Putinin özü etiraf etmişdi ki, azad edilmiş ərazilərin Azərbaycana nəzarətinə verilməsi barədə üçtərəfli bəyanatın mətnini o tərtib edib. Axı Putinin özü həmin bəyanatda yazmışdı ki, Ermənistan Silahlı Qüvvələri “Arsax”dan çıxarılmalıdır. Bəs indi Rusiyanın həmsədri ilə hansı nizamlanmalardan danışmaq olar? Niyə Xovayevə əlavə vaxt sərf edirik?
 
Bakının mütəmadi olaraq antirusiya demarşları ilə Rusiyanı güzəştə getməyə məcbur etdiyini bildirən müəllif Paşinyanı da “özünü donuz kimi aparan” Moskvaya qarşı cəsarətli olmağa çağırıb:
 
“Paşinyan da, heç olmasa, bir dəfə Rusiyanın donuz davranışına qarşı açıq mövqe sərgiləməli idi. Məsələn, nümayişkaranə şəkildə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayevi qəbul etməkdən imtina edə bilərdi. Sonuncu “xırda tikə”dir və Rusiya, çətin ki, onun üstündə İrəvana nota göndərər. Paşinyan Xovayevi qəbul etməyərək həm Rusiyaya, həm də bütün dünyaya, ən başlıcası isə öz xalqına göstərə bilərdi ki, bizim hələ də qürurumuz və ləyaqətimiz qalıb və Moskvanın əlində itaətkar alət deyilik”.
 
Bir sözlə, erməni yazar, dolayısıyla, öz xalqının qürur və ləyaqətini itirmiş toplum olduğunu etiraf edir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 475          Tarix: 8-09-2021, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma