Xəbər lenti
 
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə İsrail Xarici İşlər nazirinin Bəhreyn səfərini şərh edib.
 
Ovqat.com-un məlumatına görə, sözcü “Bəhreyn hökmdarlarının sionist rejimlə diplomatik əlaqələr qurmasını öz əhalisini alçaltmaq” olduğunu bildirib.
 
Dövlət Departamentinin sözçüsü gərginliyin artması və təhlükəsizlik baxımından İsrailin bölgədəki dağıdıcı varlığını gücləndirən istənilən addımını qınadıqlarını qeyd edib.
 
Sözçü, Bəhreyn hökmdarları tərəfindən sionist rejimin məzlum Fələstin xalqına qarşı gündəlik cinayətlərinə göz yumulmasına təəssüfləndiyini bildirib, “dünyanın ilk müsəlmanları bunu etmirdilər”, - deyib.
 
Bu damğanın Bəhreyn hökmdarlarının simasından silinməyəcəyini vurğulayan Xətibzadə deyib: “Region xalqı sionist rejimlə münasibətlərin normallaşması prosesinə qarşı çıxmağa davam edəcək”.
 
Qeyd edək ki, Bəhreyn əhalisinin 60%-i şiə məhzəbinə inanır. Krallıq bu amildən istifadə edib Bəhreyni özünə birləşdirmək istəyən İranın qorxusundan ABŞ, İngiltərə və İsrailə sığınıb.
 
Zənnimizcə, İran XİN-nin sözçüsü Xətibzadə müəllim Bəhreynin niyə bu addımı atdığını dərindən düşünsə, Manamanı deyil, onu İsrailin qucağına atan Tehranı qınayar. Məhz İranın körfəz ölkələrinə qarşı təhdidkar hərəkətləri və məzhəb müharibələrini təşviq edən ideoloji xətti onları başqalarının qucağına atır. Necə ki, bu gün öz ərazisini düşmən işğalından azad etdiyinə görə Azərbaycan da Arazın o tayında İranın haqsız və ermənipərəst təzyiqlərinə məruz qalır. İstər-istəməz özünü müdafiə tədbirləri və torpaqları üzərində suverenliyini qorumaq üçün xarici güc mərkəzləri ilə hərbi əməkdaşlığa məcbur edilir. 
 
Dərindən yanaşanda İranın bu hərəkətləri heç də təsadüfi təsir bağışlamır və sionizmin məqsəd və məramlarına xidmət edir. Odur ki, Tehran günahı bir az da özündə axtarmalı və öz ənənəvi siyasətindən vaz keçməlidir. Əks halda bilərək və ya bilməyərək bütün İslam dünyasını qlobal imperializmin köləsinə çevirməkdən başqa heç nə əldə edə bilməyəcək, öz ətrafındakı həlqəni daha da daraldacaq.


Ana səhifəyə qayıt        Baxış: 4 241          Tarix: 1-10-2021, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma