Xəbər lenti

 
ABŞ Altıncı Donanmasının flaqman gəmisi “Mount Whitney” ilə “USS Porter” esminetsini Qara dənizə yollayır.
 
Ovqat.com
-un məlumatına görə, ABŞ Dəniz Qüvvələri 6-cı Donanma Komandanlığının bəyanatında belə deyilir.
 
Qeyd olunur ki, “Mount Whitney” gəmisinin göyərtəsində ABŞ Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. “Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq dənizi və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”, - bəyanatda vurğulanır.
 
Altıncı Donanma həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsini də Qara dənizə göndərildiyini açıqlayıb. "USS Porter NATO müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - komandanlığın bəyanatında deyilir.


 
ABŞ hərbi gəmilərinin hansı məqsədlə Qara dənizə göndərildiyi tam açıqlanmasa da, bu dislokasiyanın Ukrayna-Rusiya arasındakı gərginliyin kulminasiya nöqtəsinə çatdığı bir zamana dəng gəlməsi təsadüfi görünmür. Mümkündür ki, ABŞ və NATO qüvvələri Rusiyanın Ukraynaya hərbi təhdidlərinin qarşısını almaq üçün bu cür addım atsın. 
 
Altıncı Donanmanın bəyanatından anlaşılır ki, ABŞ hərbi gəmiləri Qara dənizdə tək olmayacaqlar, NATO qüvvələri ilə birgə fəaliyyət göstərəcəklər. Bu zamanadək Qara dənizdə hər hansı əməliyyatın keçiriləcəyi barədə heç bir məlumatların yayılmaması ABŞ-ın bu addımının öncədən planlaşdırılmadığını göstərir. Belə məlum olur ki, Pentaqonun bu qərarı anidən verilib. Bəs bu plansızlığın və tələskənliyin səbəbi nə ola bilər?
 
 Zənnimizcə, ötən gün Rusiya XİN-nin Ukrayna ilə bağlı yaydığı bir məlumat bu suala aydınlıq gətirə bilər. Rusiya XİN dünən bəyanat verərək bildirmişdi ki, Ukrayna hərbçiləri son zamanlar tez-tez Donbassa hərbi müdaxilə edir və hətta 37 rus vətəndaşını saxlayıblar. Bəyanatda bu gərginliyə son qoyulmasa Moskvanın başqa tədbirlərə əl ata biləcəyinə eyham vurularaq deyilirdi: “Biz öz tərəfimizdən Rusiya vətəndaşlarının harada olmalarından asılı olmayaraq, Donbass da daxil olmaqla onların hüquq və mənafelərini qorumaq üçün mümkün olan hər şeyi edəcəyik”, - XİN-in məlumatında bildirilirdi. Bu isə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaya biləcəyinə işarə idi. 
 


Moskva həmçinin “Normand formatı”nın tərəflərini və ATƏT-i Kiyevi yerli sakinlərə qarşı zorakı hərəkətlərə son qoymaq üçün müraciət etməyə çağırmışdı. Diplomatik ritorikada bu əslində Kiyevə geri addım atması üçün müəyyən müddətə qədər zaman verilməsi anlamına gəlirdi. Görünür, ABŞ da bu mesajı ciddi qəbul edib və Ukraynanı müdafiə etmək üçün Aralıq dənizindəki gəmilərini Qara dənizə göndərib.
 
Sirr deyil ki, Rusiya tərəfindən enerji blokadasına məruz qalan Ukrayna böhranın silahlı qarşıdurmaya çevrilməsində maraqlı tərəf kimi görünürdü. Çünki özünə qarşı qaz müharibəsinin başladığını anlayır, soyuq mövsümdə enerji ilə sınağa çəkilərək zəifləyə-zəifləyə isti savaşa sürükləndiyini düşünürdü və bəri başdan başının çarəsinə baxmağa qərar vermişdi.


Ana səhifəyə qayıt        Baxış: 6 013          Tarix: 30-10-2021, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma