Xəbər lenti

 
 
Ötən gün Ermənistan Müdafiə naziri Arşak Karapetyanın vəzifədən uzaqlaşdırılması və yerinə ixtisasca tarix müəllimi Suren Papikyanın gətirilməsi Ermənistanda heyrətlə qarşılaşıb. Cəmi 3-4 aylıq nazir kimi tanınan Karapetyanın vəzifəsindən uzaqlaşdırılmasından çox, adi tarix müəllimi Papikyanın onun yerinə təyin edilməsi erməni ictimaiyyəti üçün daha gözlənilməz olub. Üstəlik, yeni Müdafiə nazirinin hərbi təcrübəsi də yoxdur. Məlumata görə, o, 2003-cü ildə İrəvan Dövlət Unuversitetinin tarix fakültəsinə qəbul olunduqdan bir il sonra əsgərliyə çağırılıb. Rusiyanın Ermənistandakı hərbi hissələrindən birində məcburi hərbi xidmətə başlayan Papikyan törətdiyi cinayətə görə, 27 mart 2006-cı il tarixdə 5-ci qarnizon hərbi məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təxminən bir il sonra, 2007-ci il fevralın 23-də amnistiya aktı əsasında azadlığa buraxılıb. Yeni Müdafiə nazirinin günahkar bilindiyi maddə də hərbi xarakter daşıyır: Rusiya Federasiyası Cinayət Məcəlləsinin 334-cü maddəsinin 2-ci hissəsinin "B" bəndi və 334-cü maddəsinin 1-ci hissəsi: “Silahdan istifadə ilə bağlı vəzifələrin düzgün yerinə yetirilməməsi”. Başqa sözlə, şəxsi işində hərbi cinayətlə damğalanan mülki şəxsin Müdafiə naziri təyin olunması erməni ictimaiyyətini əməlli-başlı təəccübləndirib. İrəvanda hər kəsi indi bu sual maraqlandırır: Paşinyan niyə peşəkar hərbçini qovub bu sahəyə tamamilə yad birini Müdafiə naziri vəzifəsinə gətirib?
 
Ermənistan Baş naziri bu suala belə aydınlıq gətirib: “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş nazirin müavini Suren Papikyanın təyin edilməsi haqqında qərar qəbul etmişəm. Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı”.


 
İrəvanda isə Karapetyanı “yandıran” əsas günahının bundan əvvəl atdığı bəzi addımlar olduğunu düşünürlər. “Armenianreport” saytının müəllifi Tevos Arşakyan qələmə aldığı “Paşinyansayağı absurdluq: Müharibə edən ölkənin müdafiə naziri barıt iyləməyib” sərlövhəli məqaləsində iddia edir ki, Ermənstan ictimaiyyətinin böyük əksəriyyəti Karapetyanın Qarabağa son səfərinin qurbanı olduğuna inanır. Müəllifin fikrincə, sabiq Müdafiə nazirinin digər günahı isə Moskvadakı əlaqələrindən istifadə etməsidir ki, bu da Paşinyanın xoşuna gəlməyib.
  
Sözsüz ki, bu düşüncələr hələ də təsdiqini gözləyən mülahizələrdir və əsl reallıqlar qısa müddətdən sonra üzə çıxacaq. Amma bir çox məlumatlar bu ehtimalı indidən təsdiqləyəcək mahiyyətdədir. Belə ki, dünən ATƏT-in Minsk Qrupu həmsədrlərinin dünən yaydıqları bəyanat regiondakı gərginliyin onları da narahat etdiyini göstərir. Bəyanatda bildirilir:  
 
?”Həmsədrlər tərəfləri 9 noyabr bəyanatına və digər razılaşmalara uyğun olaraq üzərlərinə götürülmüş öhdəliklərə tam əməl edərək, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal konkret addımlar atmağa, qızışdırıcı ritorika və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırır.
?Gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin əlaqələndirilmiş, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır.
?Həmsədrlər tərəfləri həmsədrlərin himayəsi altında Nyu-Yorkda keçirilən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin birgə görüşləri zamanı əldə olunmuş irəliləyişə əsaslanmağa çağırır”. 


 
ABŞ-ın Dövlət Departamenti də dünən bənzər bəyanat verərək Azərbaycan və Ermənistanı keçən il 10 Noyabr tarixində əldə olunmuş razılaşmaya tam əməl etməyə çağırıb. Görünən budur ki, Qarabağ probleminin həlli ilə məşğul olan beynəlxalq qurumlar və dövlətlər Azərbaycanla Ermənistan arasında getdikcə vüsət alan gərginlikdən narahatdırlar və tərəflərdən dərhal münasibətləri yoluna qoymağı tələb edirlər. Münasibətlərin yenidən gərginləşməsində mühüm rol oynayan şəxslərdən biri isə dünən istefaya göndərilən Arşak Karapetyandır. Rusiyanın diktəsilə Müdafiə naziri təyin olunan və kresloda oturar-oturmaz revanşist ritorikaları ilə yadda qalan Karapetyanın ən böyük təxribatı isə noyabrın 6-dan 8-nə qədər Qarabağa səfəri olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevlə Türk generallarının Şuşada Zəfər Bayramını qeyd etdikləri zamana dəng gələn həmin səfərdə Karapetyan bölgədəki qanunsuz erməni postlarını yoxlamış və noyabrın 8-də fəhlə adı altında erməni kəşfiyyatının üzvlərini Şuşaya yaxın bölgəyə göndərmişdi. Azərbaycan əsgərləri də məcburən həmin kəşfiyyatçılara atəş atmış, onlardan biri öldürülmüşdü. Bu da azmış kimi, Xankəndidən İrəvana qayıdan Karapetyan keçirdiyi mətbuat konfransında Qarabağdakı erməni postlarını ziyarət etdiyini gizlətməmiş, əksinə bunu böyük qəhrəmanlıq kimi ictimaiyyətin diqqətinə çatdırmışdı. Üzərindən az keçməmiş erməni terrorçusu Norayr Mirzoyan Şuşada Azərbaycan əsgərlərinə qumbara ataraq, sülh arayışlarına kölgə salmışdı. Ardınca da erməni hərbi qüvvələri Laçın, Kəlbəcər istiqamətində Azərbaycan əsgərlərini atəşə tutmuşdular. Əsgərlərimiz də məhz bu hadisələrdən sonra mövqelərimizə yaxın ərazidə yenidən toplaşan erməni qüvvələrinin növbəti təxribatının qarşısını almaq üçün hərəkətə keçmiş, heç bir silah işlətmədən ələ keçirdikləri düşmən postundan onları olduqca nəzakətli şəkildə qovmuşdular. Bütün bu nəzakətli davranışımıza baxmayaraq, erməni əsgərlərinin həmin əməliyyat zamanı özlərini məzlumcasına aparması və hadisənin videolarının yayılması qarşı tərəfdə böyük rəzalət kimi qiymətləndirilmişdi. 
 
Getdikcə böyüyən gərginlik, belə görünür ki, Qərb ölkələrində ermənilərin Rusiyanın maraqlarına xidmət etməsi qənaətini yaratmış və onlar İrəvandan bu təxribatları dayandırmağı, o cümlədən təxribatların əsas müəllifi Karapetyanın zərərsizləşdirilməsini tələb etmişlər.
 
Karapetyanın yerinə hərbi təcrübədən yoxsul birinin gətirilməsi də təsadüfi deyil. Mümkündür ki, Paşinyan bu tapşırığı da ona niyə hakimiyyətə gətirildiyini xatırladan Qərb havadarlarından alıb. Görünür, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan Qərb ölkələri sülh danışıqlarının sürdürülməsi üçün Ermənistanın Müdafiə Nazirliyinin mülki şəxslərin idarəçiliyində olmasını daha məqsədəuyğun hesab edirlər. Təsadüfi deyil ki, Ermənistan ordusunun Baş Qərargah rəisi də gözügölgəli və zəif iradəli birisidir. Hər halda erməni analitiklər belə düşünürlər. “İndi müdafiə nazirliyinin başında loyal Suren Papikyan, baş qərargahda isə keyfiyyətsiz raketlərlə bağlı ittihamlara görə cılız saxlanılan zəif iradəli Artak Davtyan dayanır. Paşinyan ordu sarıdan tam arxayın ola bilər”, - Tevos Arşakyan yuxarıda bəhs etdiyimiz məqaləsində belə deyir.


 
Dərd burasındadır ki, Paşinyan Rusiya tərəfindən idarə olunan Karapetyanı vəzifədən uzaqlaşdırsa da, təxribatçı təmayüllərin qarşısını almaqda acizdir. Dünən Ermənistan ombudsmanı Geqam Stepanyanın açıqladığı bir fakt iki dövlət arasında münasibətlərin normalaşacağının boş bir xülya olacağından xəbər verir. Ombudsmanın bildirdiyinə görə, Şuşada Azərbaycan hərbçilərinə qarşı terror aktı keçirməyə cəhd göstərən Norayr Mirzoyan həbs belə olunmayıb və xəstəxanada müalicə alır. Erməni tərəfinin terrorçunu qəhrəman kimi təqdim etməsi, onun Azərbaycana təslim olunmaması və İrəvanda xəstə adı altında əlini-qolunu sallaya-sallaya gəzməsi istər-istəməz Azərbaycan ictimaiyyətində həm rus “sülhməramlılarına”, həm də ermənilərə qarşı nifrəti körükləyir. Görünən budur ki, terrorçuya öz təxribatını həyata keçirməyə şərait yaradan və daha sonra onu öz mühafizəsi altına alaraq İrəvana təhvil verən rus “sülhməramları” da bu nifrət hissini diri tutmaqda maraqlıdırlar. 
 
Üstəlik, dünən mülki bir şəxsi Müdafiə naziri təyin edən Paşinyan bu gün səhərin gözü açılmamış onun müvəqqəti olaraq bu vəzifəyə gətirildiyini bildirib. Erməni Baş nazirinin bir gecənin içərisində qərarını dəyişdirməsi onun ciddi şəkildə daxili və xarici basqılara məruz qaldığından xəbər verir. Belə ehtimal yaranır ki, Paşinyana qərarını dəyişdirən Rusiyanın və onun İrəvandakı 5-ci kolonunun təzyiqləridir. Əgər bu ehtimal öz təsdiqini taparsa, Rusiya bu bölgədə var olduqca Azərbaycan-Ermənistan arasındakı münasibətlərin normallaşmasına ümid etmək yersizdir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 142          Tarix: 16-11-2021, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma