Xəbər lenti
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
Çeçenistanla İnquşetiya arasında yeni gərginlik ortaya çıxır.
Ovqat.com-un rus mediasına istinadən verdiyi məlumata görə, İnquşetiyanın “Mekh-Xel” ictimai təşkilatının həmsədri Sarajdin Sultıqov Çeçenistan rəhbəri Ramzan Kadırova video-müraciət ünvanlayıb. Video-müraciətdə çeçen lider qarşısında 3 tələb irəli sürülür.
Tələblərdən biri topraq bölgüsü ilə əlaqədardır. Sultıqov təklif edib ki, regionlar arasında sərhədləri yenidən müəyyənləşdirmək üçün ikitərəfli komissiya yaradılsın. O, çeçen liderinə Xaşiyev tayfasının yaşadığı və inquş qəbiristanlıqlarının yerləşdiyi ərazilərin onlara verilməsi vədini xatırladıb.
Qeyd edək ki, iki qonşu xalqlar arasında ərazi mübahisələri 70 ilə yaxındır bitib tükənmək bilmir. Problemin əsas səbəbi isə Stalindən miras qalıb. Belə ki, 1944-cü ildə Stalin faşist Almaniyası ilə əməkdaşlıq ittihamı ilə Şimali Qafqazın əksər xalqlarını bölgədən köçürüb Qazaxıstan, Qırqızıstan və Sibirdə yerləşdirmişdi. İnquşlar və çeçenlər də deporatsiya olunanlar arasında idilər. 1953-cü ildə Stalin öləndən sonra bölgə xalqları üzərindən sürgün qadağası qaldırılmış, onlar geri qayıdanda isə öz yurd-yuvalarının osetinlər tərəfindən zəbt olunması ilə qarşılaşmışdılar. Xüsusilə Şimali Osteniya ilə qonşu olmaları səbəbindən ən çox itkiyə məruz qalan tərəf inquşlar olmuşdu. Və bu əzilmişlik onların psixologiyasında dərin iz buraxmış, hər kiçik hadisədə vətənə xəyanət elementləri axtarmağa meyl yaratmışdır. Dərd burasındadır ki, qorxulan başa gəldiyi kimi, onların 70 il ərzində üzləşdikləri problemlər də xoflarını haqlı çıxarır.
SSRİ dağılması ilə 1991-ci ildə çeçenlərdən ayrılan inquşlar osetinlər azmış kimi, bir də yaxın çeçen basqılarına məruz qalmışlar. İnquşların fikrincə, bütün bu basqıların hamısı isə istər osetinlərin, istərsə də çeçenlərin Moskvadakı dayaqlarının möhkəm olmasından qaynaqlanır. Həqiqətən də Kreml bu 70 ilə yaxın zaman ərzində yalnız bir dəfə inquşların yanında yer almış, bu tərəfkeşlik isə uzun sürməmişdir.
Belə ki, 1990-cı illərdə çeçenlərin başlatdığı müstəqillik mübarizəsində ruslar inquşların bu əzilmişliyindən istifadə etməyə çalışmış, Şimali Qafqaz xalqlarının Rusiyaya qarşı dirənişini böyük ölçüdə zəiflətmişdi. Nəhayət 1993-cü ildə Dudayev hakimiyyəti ilə inquş lider Ruslan Auşev arasında sərhədlərin müəyyənləşdirilməsinə dair müqavilə imzalanmış və 1934-cü ilin xəritələri əsas götürülmüşdü. Amma inquşları xeyli dərəcədə ümidləndirən bu müqavilənin ömrü cəmi bir neçə il sürmüşdü. 1996-ci ildə Hasavyurt müqaviləsi ilə çeçenlərə uduzduğunu qəbul edib bölgəni tərk edən rus qoşunları Putinin hakimiyyətə gəlməsi ilə yenidən Çeçenistana qayıtmışdır. Kadırovların hakimiyyətə gətirilməsi ilə Dudayevin bağladığı müqavilə də unudulmuşdu. Yeri gəlmişkən, Moskvanın çeçenlərə daha yaxın mövqe sərgiləməsi də Kadırovun Rusiya qarşısında bu xidmətlərindən qaynaqlanır. Rusiya Kadırov kartı ilə faktiki olaraq Rusiya-Çeçenistan müharibəsini çeçen-çeçen konfliktinə çevirmiş və 1999-cu ildə başlayıb 2009-cu ildə bitən II Çeçenistan savaşında məhz bu siyasət nəticəsində qələbə qazanmışdı.
İki Respublika arasında sonuncu müqavilə Ramzan Kadırovla İnquşetiya lideri Yunus Bek Yevkurov arasında 2018-ci ildə bağlanmışdı. Müqaviləyə görə, çeçenlərlə inquşlar arasında mübahisə predmeti olan ərazilər iki bərabər hissəyə bölünürdü. İnquşlar bu bölgüdən də razı qalmamış, qısa müddətdən sonra xəyanətdə ittiham etdikləri Yevrukovu hakimiyyətdən uzaqlaşdırmışdılar. İnquşların fikrincə, onlara bölünən ərazinin münbit olmayan hissəsi düşüb və çeçenlərə çatan payın 25%-i İnquşetiyaya aiddir.
İki xalq arasında arasında onsuz da mövcud olan problemə bu yaxınlarda yenisi əlavə olundu. Ötən il noyabrın 11-də sosial şəbəkələrdə yayılan bir videoda Çeçenistanla həmsərhəd Sunja rayonunun Dattıx qəsəbəsində bir ağır texnikanın təmir işləri apardığı görüntülənirdi. Videonu yerləşdirən facebook istifadəçisi Maqomed Pidiev bunu “qonşuların növbəti təxribatı” adlandırır və texnikanın “Çeçenavtodor” Dövlət Müəssisəsinə aid olduğunu vurğulayırdı. Onun iddiasına görə, çeçenlər Fortanqa çayının axarını öz xeyirlərinə dəyişdirmək istəyirdilər.
Hazırda 2018-ci ildəki müqaviləyə əsasən onsuz da mübahisəli ərazilərdən ən verimsiz torpaqların onlara düşdüyünü fikirləşən inquşlar bir də çay suyundan daha az yararlanma ehtimalına etiraz edirlər. İnquşların etirazlarına ilk cavab Çeçenistan parlamentinin sədri Maqomed Daudovdan gəlib. O, çay sahilində aparılan işlərin İnquşetiya ilə sərhəd xəttinə təsir etməyəcəyini açıqlayıb.
Çeçen spikerin bu açıqlaması inquşları nəinki qane etməyib, əksinə etirazları daha da gücləndirib. Sonunda Ramzan Kadırov ortaya çıxıb və inquşlara müraciət edərək nə istədiklərini soruşub: “Mən sizə düşmənəmsə, günahımın dərəcəsini və cəzasını müəyyənləşdirin. Nə etmək istəyirsən deyin: döymək, sürgün etmək, ya öldürmək”. Kadırov müraciətində inquşlara 3 gün ərzində cavab vermək haqqı tanımış, geri sayımın yanvarın 12-də saat 17:30-dan başladığını bildirmişdi. İnquşlar adından danışan “Mekh-Xel” ictimai təşkilatının həmsədri Sarajdin Sultıqov da məhz bu gün “möhlət”in bitməsinə bir neçə saat qalmış məlum video-bəyanatı yayıb.
Sultıqovun bildirdiyinə görə, ikinci tələbiləri çeçen rəsmilərinin inquş xalqına qarşı aşağılayıcı bəyanatlara son qoymalarıdır. Üçüncü tələb isə hərbi kampaniya zamanı Qroznıda yaşayan İnquşetiya qaçqınlarına qarşı diskriminasiya hərəkətlərinin dayandırılması ilə bağlıdır. O, həmçinin Qroznıda yaşayan və uzun müddət qeydiyyatda olan inquşların süni şəkildə yaradılan maneələrlə üzləşdiyini də Kadırovun diqqətinə çatdırıb.
Müşahidəçilərin fikrincə, inquşlarla çeçenlərin arasında başlayan bu polemika Şimali Qafqazda yeni böhranın ilk qığılcımı da ola bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar