Xəbər lenti

Görüşdən sonra verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qazaxıstana iqtisadi və hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb.

BAKI, 10 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüşü başa çatıb.

Qazaxıstanda yaşanan siyasi böhrandan sonra prezidentlər arasında keçirilən təkbətək danışıqlar 3,5 saat çəkib.

Dövlət başçıları ikitərəfli müttəfiqlik münasibətlərinin gələcək inkişaf perspektivlərini, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı məsələlərini və aktual beynəlxalq problemləri müzakirə ediblər.
Görüşdən sonra verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putin ölkəsinin Qazaxıstana iqtisadi və hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya Qazaxıstana Rusiya Müdafiə Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının ali məktəblərində hərbi mütəxəssislərin hazırlanmasında bundan sonra da yardım göstərəcək.

Putin həmçinin prezident Tokayevi əsas qonaqlardan biri kimi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştiraka dəvət edib. Moskvanın EXPO 2030 Ümumdünya Universal Sərgisinə ev sahibliyi etmək təklifini dəstəklədiyinə görə ona təşəkkürünü bildirib.

Prezidentlər yanvarda Qazaxıstanda baş vermiş etiraz aksiyalarını da müzakirə etdiklərini bildiriblər. Putin deyib ki, ölkə beynəlxalq cinayətkar dəstələrin qurbanına çevrilib.

O eyni zamanda vurğulayıb ki, KTMT yaranan təhdidlərə effektiv cavab vermək, iştirakçı dövlətlərin təhlükəsizliyini və maraqlarını qorumaq üçün sülhməramlı qüvvələri operativ şəkildə yerləşdirmək qabiliyyətini inandırıcı şəkildə nümayiş etdirib.
Tokayev isə öz növbəsində Putinlə danışıqları zəngin və maraqlı adlandırıb.

Qazaxıstan prezidenti ikitərəfli münasibətlərin daha da sıxlaşdırılması barədə razılıq əldə etdiklərini söyləyib.

Tokayev yanvar ayında baş vermiş terror aktının dəf edilməsində KTMT vasitəsilə köməyə görə Rusiya liderinə minnətdarlığını bildirib.

“Bir daha Vladimir Vladimiroviç Putinə və KTMT-dəki digər tərəfdaşlarımıza Qazaxıstan üçün misli görünməmiş terror aktının dəf edilməsində əvəzsiz dəstəyə görə təşəkkür edirəm”, - o, deyib.
Qazaxıstan prezidenti qitədəki vəziyyətdən danışarkən, ölkəsinin Avrasiya regionunda təhlükəsizliyin bölünməzliyi ilə bağlı Rusiyanın nöqteyi-nəzərini dəstəklədiyini vurğulayıb.

"Demək istərdim ki, biz Rusiyanın Avrasiya məkanında təhlükəsizliyin bölünməzliyi ilə bağlı mövqeyini dəstəkləyirik. Bu prinsip 2010-cu ildə ATƏT-in Astana forumunun sonunda imzalanmış bəyannamədə də öz əksini tapıb", - Tokayev bildirib.
O qeyd edib ki, danışıqlar zamanı regional və qlobal siyasətin ən aktual problemləri ətrafında fikir mübadiləsi aparılıb.

"Vurğulamaq istərdim ki, ümumilikdə bizim mövqelərimiz və yanaşmalarımız dəyişməz olaraq qalır. Rusiya Federasiyası regionumuzda sabitliyin və təhlükəsizliyin təmin edilməsində müstəsna mühüm rol oynayır", - Qazaxıstan Prezidenti əlavə edib.

Qazaxıstanda gərginlik
Xatırladaq ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək.

 Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.

Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.

Yanvarın 16-dan etibarən isə KTMT sülhməramlıları Qazaxıstan ərazisini tərk etməyə başlayıblar.
Yanvarın 9-u Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib ki, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv edilib.



Ana səhifəyə qayıt        Baxış: 5 068          Tarix: 10-02-2022, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma