Xəbər lenti

Paşinyan: “Mən geniş ictimai müzakirə olmadan hər hansı sənədin imzalanmasını istisna edirəm”.

“Qarabağ təslim olunası bir əşya deyil, obyekt deyil. Qarabağ (qondarma adı çəkir) ilk növbədə orada yaşayan insanlardır”.

Hökumətin iclasında bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan əlavə edib ki, əgər biz təslim etsəydik, onda 44 günlük müharibədən sonra “Qarabağ xalqı”nın öz evlərinə qayıtmasını təmin etmək üçün on milyardlarla dram xərcləməzdik.

Ekspertlərin qənaətincə, Moskva səfərindən sonra Nikol Paşinyan ritorikasını dəyişib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlardan sonra Paşinyan Azərbaycan hökumətinin təklif etdiyi nizamlanmanın 5 tezisi çərçivəsində yekun sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan etmişdi. Bəndlərdən biri ölkələrin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması, digəri ərazi iddialarından imtinadır. Lakin indi N.Paşinyan separatçıların razılığı olmadan Azərbaycanla hər hansı sənəd imzalanacağını istisna edib. Əlavə edək ki, İrəvanda Paşinyanın əleyhinə müxalifətin müddətsiz mitinqləri keçirilir.

Prezident İlham Əliyev bu gün Şuşadan bir daha xəbərdarlıq edib:

“Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.



Ana səhifəyə qayıt        Baxış: 2 974          Tarix: 22-04-2022, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma