Xəbər lenti

 
İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanıb.
 
Ovqat.com-un məlumatına görə, BƏƏ İsraillə azad ticarət sazişi imzalayan ilk ərəb ölkəsi olub. 
 
Bildirilir ki, iki ölkə arasında azad ticarət sazişi üzrə danışıqlar ötən ilin noyabrında başlayıb və üzərindən bir neçə ay keçəndən sonra müqavilə imzalanıb.
 
İsrailin BƏƏ-dəki səfiri Əmir Hayek “Twitter” hesabında ərəbcə “uğurlar” mənasını verən “mabruk” ifadəsi ilə müqavilənin imzalanmasını alqışlayıb.
 
İsrailin xarici işlər naziri Yair Lapid sazişin imzalanmasını “tarixi və mühüm an” kimi qiymətləndirərək, iki ölkənin “Yaxın Şərqdə tərəqqi və əməkdaşlıq üçün yeni dövrə qədəm qoyduqlarını” bildirib.


 
BƏƏ-nin İsraildəki səfiri Məhəmməd Əl Haya da müqaviləni "görünməmiş uğur" olaraq xarakterizə edib, razılaşma ilə iki ölkənin iş dünyasının bir-birinin bazarlarına sürətli çıxış və aşağı gömrük tariflərindən faydalanma imkanı əldə edəcəyini söyləyib. O qeyd edib ki, həm BƏƏ, həm də İsrail ticarəti, məşğulluğu, yeni istedadların təşviqini və əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. İsrail tərəfi daha əvvəl vurğulamışdı ki, müqavilə çərçivəsində ticarət edilən məhsulların 96 faizindən gömrük rüsumları ləğv olunacaq.
 
BƏƏ-İsrail İş Şurasının sədri Dorian Barak iki ölkə arasında keçən il 900 milyon dollar olan ticarət həcminin qısa zamanda artacağını proqnozlaşdıraraq, “İkitərəfli ticarət 2022-ci ildə davam edəcək, bərpa olunan enerji, istehlak malları, turizm və həyati elmlər sahələrində əməkdaşlığın effekti 2 milyard dolları keçəcək və 5 il ərzində 5 milyard dollara yüksələcək”.


 
 Barak, Dubayın sürətlə Cənubi Asiya, Yaxın və Uzaq Şərqə gedən İsrail şirkətləri üçün bir mərkəzə çevrildiyini ifadə edərək, bu ilin sonuna qədər minə yaxın İsrail şirkətinin BƏƏ-də və ya BƏƏ üzərindən fəaliyyət göstərməsini gözlədiklərini qeyd edib.
 
İki ölkə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanan Abraham sazişləri ilə diplomatik münasibətlərə başlamaq və münasibətləri normallaşdırmaq qərarına gəlib. Müqaviləyə İsrailin Bəhreyn və Mərakeş ilə diplomatik əlaqələrə başlaması da daxildir. 
 


BƏƏ ilə İsrailin bu dərəcədə yaxınlaşmasının İranda ciddi narahatlıq yaradacağı şübhə doğurmur. Ümumiyyətlə, BƏƏ müstəqilliyini elan etdiyi 1971-ci ildən etibarən İranı bir nömrəli təhdid mənbəyi olaraq görür. BƏƏ-nin ABŞ-dakı keçmiş səfiri Yusif əl-Otaibanın 2010-cu ildə Amerika mətbuatına verdiyi bu açıqlama əmirliyin İran xofunun ən gözəl ifadəsi kimi səslənir: "Son 40 ildə ordumuz İran təhlükəsi ilə yeyib, içib, yatıb, qalxıb Regionda BƏƏ-yə təhlükə yaradacaq heç bir ölkə yoxdur, yalnız İrandan başqa".
 
BƏƏ məhz bu xofu nəticəsində 2016-cı ildən bəri öz hərbi xərclərini günü gündən artırır. 2016-2020-ci illər arasında bu ölkənin illik müdafiə xərcləri orta hesabla ildə 26,6 milyard ABŞ dolları təşkil edib. 2021-ci ilin yanvar ayında isə BƏƏ-nin təkcə ABŞ-la bağladığı hərbi sazişin dəyəri 23 milyard dollar idi. Bu sazişə əsasən, BƏƏ ABŞ-dan 10,4 milyard dollar dəyərində 50 ədəd F-35 tipli döyüş təyyarəsi, 2,97 milyard dollar dəyərində 18 ədəd MQ-9B tipli silahlı pilotsuz uçuş aparatı (“Reaper”) alacaqdı


 
ABŞ-ın bu silahları BƏƏ satmasının əsas səbəbi isə İsraillə münasibətləri normallaşdırması idi. 2020-cu ildə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutan barışıq anlaşmasından sonra əmirliklə İsrail arasında münasibətlər özünün ən yüksək mərtəbəsinə yüksəlib. Azərbaycanın öz torpaqlarını azad etməsinə şir quyruğu göstərən İran isə bu yaxınlaşmanı bacardıqca ehtiyatla qarşılayır. Çünki BƏƏ özü boyda silah adalarıdır və bu müasir silahların hamısının üzü bir üvana istiqamətlənib – İrana. Təbii ki, Cəbrayıl rayonunun camışları arasında MOSSAD agentləri axtaran İran Hörmüz boğazındakı real təhlükəyə qarşı cınqırını çıxara bilməz. 




Ana səhifəyə qayıt        Baxış: 5 841          Tarix: 1-06-2022, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma