Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana qısamüddətli səfərə gəlib.
Ovqat.com-un məlumatına görə, Toivo Klaar bu barədə özünün Twitter səhifəsində yaydığı paylaşımında bildirib və keçirəcəyi görüşlərin mühüm əhəmiyyət daşıyacağını vurğulayıb.
Klaar paylaşımına Ermənistan hökumət binasının fotosunu da əlavə edib.
Bundan əvvəl Klaar Avropa Şurasının rəhbəri Çarlz Mişelin Azərbaycan və Ermənistan arasında sülhün qurulması prosesində fəal iştirak edəcəyini bildirmişdi. Onun sözlərinə görə, Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev bu istiqamətdə bir sıra mühüm məsələlərdə irəliləyişə nail ola biliblər. Klaar Aİ formatı çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasını problemin həllində əsas amillərdən biri adlandırıb, eyni zamanda işin digər səviyyələrdə də davam etdiriləcəyini qeyd edib.
Məlumata görə, Toivo Klaar İrəvan səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb. Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin Brüssel prosesini, eləcə də görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin yollarını müzakirə ediblər.
Paylaş: