Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dünən Soçidə baş tutan görüşlərində istənilən nəticə alınmayıb.
Ovqat.com-un məlumatına görə, görüş barədə açıqlanan məlumatlar və şərh belə düşünməyə əsas verir.
Bildirilir ki, 4 saatdan artıq çəkən görüşdən hər iki lider yorğun və kefsiz ayrılıb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilməməsi də tərəflərin arzuladıqları nəticəni ala bilməmələri ilə əlaqələndirilir. Qeyd olunur ki, liderlər sadəcə bəzi “xırda məsələlərdə” fikir birliyinə gələ biliblər. Onlardan biri Ankaranın Moskvaya təbii qaz ödənişlərinin bir hissəsini rublla ödəməsi məsələsidir. Bu razılıq 4 saatlıq Soçu görüşünün ən konkret nəticəsi kimi görünür.
“Biz tədricən milli valyutalara keçirik və ilk mərhələdə tədarükün bir hissəsi Rusiya rublu ilə ödəniləcək. Bu, həqiqətən də yeni mərhələdir, yeni imkanlar, o cümlədən pul-maliyyə münasibətlərimizin inkişafı üçün zəmin hazırlayır”, - Rusiya baş nazirinin müavini Aleksandr Novak görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Yeri gəlmişkən, liderlərin üzərində anlaşdıqları digər məqam, görüş haqqında ortaq bəyannamənin Aleksandr Novak tərəfindən hazırlanması olub. Bu da onu göstərir ki, Türkiyə tərəfi görüşün hansısa bəyannamə hazırlamağa dəyəcək qədər məhsuldar keçmədiyini düşünüb.
Novakın jurnalistlərə təqdim etdiyi birgə bəyanatda tərəflərin nəqliyyat, kənd təsərrüfatı, maliyyə və tikinti sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyi bildirilir. Açıqlamada həmçinin iki liderin Suriyada "bütün terror təşkilatlarına qarşı mübarizədə koordinasiya və həmrəylik içində hərəkət etmək əzmində olduqları” vurğulanıb. Belə anlaşılır ki, Türkiyənin ayrıca götürülmüş PKK-ya qarşı mübarizə strategiyası və Suriyanın şimalında hərbi əməliyyat keçirmək istəyi Rusiya tərəfindən qəbul olunmayıb və Putin digər terror təşkilatları ilə mübarizəni də PKK-nın gözünə qatıb. İddialara görə, Putin iyulun 19-da Tehranda keçirilən üçlü görüşdə də Ərdoğanın növbəti genişmiqyaslı anti-terror əməliyyatı fikrinə açıq şəkildə qarşı çıxmışdı. Arqumenti isə belə bir addımın Suriyada sabitliyi daha da pozacağı ehtimalı idi. Tenran sammitində Əsəd rejiminin digər əsas himayədarı olan İran da Türkiyənin Suriyanın şimalında anti-terror əməliyyatını genişləndirməsinə etiraz etmişdi.
Bununla belə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirmək fikrindən vaz keçmək istəmədiyi də ortadadır. Görüşdən əvvəl Ərdoğan jurnalistlərlə qısa söhbətində də buna eyham vuraraq, bu kimi görüşlərdə Suriya probleminin müzakirəsinin “regionda gərginliyin azaldılmasına kömək edəcəyini” vurğulayıb. O, görüşdə sözügedən məsələylə bağlı hansı ümumi razılığa gəlindiyi barədə ətraflı məlumat verməyib.
Görüşdə razılaşdırılan ikinci məsələ “Rosatom” şirkətinin Türkiyədə atom elektrik stansiyası tikməsi ilə əlaqədardır. Ərdoğanın bildirdiyinə görə, Rusiyanın “Rosatom” şirkəti tərəfindən Türkiyədə tikilən ilk nüvə stansiyasının, planlaşdırıldığı kimi, gələn il işə salınması təmin olunacaq. Novak da liderlərin ilk AES-nın 2023-cü ildə təhvil veriləcəyi üzərində anlaşdığını bildirib. Qeyd edək ki, 20 milyard dollar həcmində dəyərləndirilən bu layihə, “Rosatom”un inşaat işlərini başa çatdırmaq üçün üç rus şirkətindən ibarət konsorsiumla müqavilə bağlamasından və bir türk firması ilə mövcud olan müqaviləni ləğv etməsindən sonra təhlükə altına düşmüşdü. “Rosatom” Türkiyənin “IC İçtaş” şirkəti ilə bağlanan müqavilənin ləğvinin səbəbləri ilə əlaqədar açıqlamasında, onun “layihənin keyfiyyətinə və çatdırılma müddətinə təsir edən müqavilə şərtlərini pozduğunu” bildirmişdi. “IC İçtaş” isə Rusiyanın qərarının türk şirkətlərini layihə idarəçiliyindən uzaqlaşdırmaq məqsədi daşıdığını vurğulamışdı. “IC İçtaş”ın iddiasına görə, “Rosatom”un bu qərarı “layihənin idarə heyətində yer alan təxminən 3000 türk yetkilisinin və 93 faizi türklərdən təşəkkül tapan 25 min nəfərlik işçi heyətini” işsiz qoymaqdır. Soçi görüşündə inşaatın 2023-cü ilə qədər tamamlanması üzərində əldə edilən razılıq Türk şirkətinin etirazına baxmayaraq Rusiyanın bu məsələdə öz istədiyinə nail olduğunu göstərir.
Bununla belə, “Rosatom”un Akkuyu AES-in inşaatından qazanclı çıxacağını söyləmək də mümkün deyil. İddialara görə, Rusiya, rentabelsizliyi səbəbindən bu projenin 49%-ni satmaq üçün müştəri axtarır, amma indiyədək heç bir investor bu təkliflə razılaşmayıb. Səbəb – projenin rentabelsizliyidir. Bildirilir ki, Rusiya bu layihəni çox ucuz qiymətinə boynuna götürdüyü üçün indi onu inşa etmək problem ilə üzləşir.
Putinin Soçi görüşündə umduğunu ala bilmədiyi digər əsas məsələ Ərdoğanın Türkiyədə rus sərmayəsinə yaşıl işıq yandırmaması ola bilər. “Washington Post” qəzeti adı açıqlanmayan Ukrayna kəşfiyyat rəsmilərinə istinadən yazıb ki, Putin Ərdoğandan Rusiyadan Türkiyənin neft emalı zavodlarında, neft terminallarında və su anbarlarında pay almasına icazə verməsini istəyib. İqtisadçıların fikrincə, bu tələb Avropa İttifaqının gələn il tam qüvvəyə minəcək embarqo qərarından sonra ixracatının mənşəyini gizlətməyə kömək edə bilər. Nəşr bu barədə yazır: “Görünür, Putin Ərdoğandan ABŞ və Aİ sanksiyaları altında olan Rusiyanın ən böyük banklarının Türkiyənin dövlət banklarında müxbir hesabları açmasına icazə istəyir. Türkiyənin iqtisadiyyatı bu qədər kövrək olduğu bir vaxtda Ərdoğanın bu təkliflərə razılıq ehtimalı azdır. Əks halda, onun özü də Qərbin qəzəbinə tuş gələ bilər”.
Ovqat.com
Paylaş: